"Prezident tərəfindən korrupsiyaya qarşı mübarizə çox ciddi və davamlı şəkildə aparılır" - AÇIQLAMA
"Azərbaycanda artıq bir neçə ildir ki, davamlı olaraq kadr və struktur dəyişiklikləri həyata keçirilir. Məhz bu islahatlar nəticəsində Azərbaycanda yeni çevik idarəçilik mexanizmi formalaşıb. Yeni kadrlar təyin olunarkən isə cənab Prezident tərəfindən onların üzərinə çox ciddi tapşırıqlar qoyulur". Diaspor.infonun verdiyi məlumata görə, bu fikirləri Olaylar.az -a açıqlamasında "SƏS" qəzetinin Baş redaktoru, siyasi ekspert Bəhruz Quliyev deyib.
"Ölkə başçısı dəfələrlə öz çıxışlarında qeyd edib ki, "Hər bir məmur vətəndaşın xidmətçisi olmalıdır. Məmur həm dövlət, həm də vətəndaş qarşısında öz məsuliyyətini dərk etməlidir". Təbii ki, bu gün hər hansı bir məmurun korrupsiya faktı ilə ittiham olunması da sübut edir ki, bəzi hallarda məmurlar vəzifə səlahiyyətlərindən sui-istifadə edirlər. Düşünürəm ki, Azərbaycanda cənab Prezident tərəfindən korrupsiyaya qarşı mübarizə çox ciddi və davamlı şəkildə aparılır. Bu gün də neqativ halların aradan qaldırılması istiqamətində görülən işlər təqdirəlayiqdir. Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin rəhbəri Kamran Əliyevin Azərbaycan Respublikasının Baş Prokuroru təyin olunmasının özü də göstərir ki, korrupsiyaya qarşı mübarizə daha intensiv xarakter alacaq və sərt şəkildə davam edəcək. "-deyə, Bəhruz Quliyev bildirib.
Baş redaktor əlavə edib ki, ümumiyyətlə korrupsiya faktına görə bir icra başçısının və yaxud da ali rütbəli məmurun həbsi digərlərinə dərs olmalıdır: "Əgər bir uzun müddət işləyən məmur korrupsiya faktı ilə həbs olunursa, deməli, dövlət başçısı korrupsioneri heç bir zaman əfv etməyəcək. Təbii ki bunların hər biri vətəndaşın rahat yaşamasına və bürokratik əngəllərin aradan qaldırılmasına xidmət edir".
Müəllif: Ceyhun Rasimoğlu