"Azərbaycan dünyada sivilizasiya, idman və siyasət meydanına çevrilib" ÖZƏL - AÇIQLAMA
"Zirvə görüşündə qəbul olunan Bəyannamənin hər bir müddəası ümumdünya bəşəriyyətinin, sivilizasiyamızın yeni bir həmrəylik, yeni bir birlik mərhələsinə qədəm qoyduğunun göstəricisidir. Eyni zamanda bu Azərbaycanın nüfuzunun beynəlxalq səviyyədə qalxması deməkdir". Bu sözləri Diaspor.info-ya açıqlamasında Milli Məclisin deputatı İlham Məmmədov deyib.
Onun sözlərinə görə, bu hadisə bütün Azərbaycan xalqı üçün qürur mənbəyi oldu. Millət vəkili əlavə edib ki, Qoşulmama Hərəkatına üzv dövlətlərin çoğrafiyası həddindən artıq böyükdür və bu dövlətlərin arasında biri-biri ilə münasibəti olmayan dövlətlər var:
"Lakin, belə bir zamanda qlobal pandemiyanın tüğyan etdiyi bir dövrdə artıq ikinci dəfədir ki, beynəlxalq səviyyədə məhz, Azərbaycan Prezidenti İlham Əliyevin iştirakı ilə ümumdünya əhəmiyyətli tədbirə Azərbaycan ev sahibliyi etdi. Prezidentin bu təşəbbüsü hesab edirəm ki, onun siyasi iradəsinin və nüfuzunun nə qədər böyük olduğunun göstəricisidir. Azərbaycan dünya xəritəsində zərrə qədər görünə bilər, lakin, bizim fəxrimiz, qürurumuz, Ali Baş Komandanımız Prezident İlham Əliyevin rəhbərliyi ilə bu gün Azərbaycan dünyanın özü qədər böyüyüb.
Ölkə rəhbəri bu görüşdə sədrliyi öz üzərinə götürərək bəyan etdi ki, Azərbaycan beynəlxalq arenada üzv dövlətlərin müdafiəsi istiqamətində aparacağımız mübarizədə müvafiq addımları atacağıq, həmrəyliyi gücləndirəcək, qarşılıqlı etimadı, dəstəyi artıracağıq, dünya ictimaiyyətinə bir nümunə olacağıq, haqqın, ədalətin müdafiəsi tərəfində olacağıq. Bunlar böyük sözlərdir və bu sözləri dünyanın BMT-dən sonra ən böyük beynəlxalq təsisatı olan Qoşulmama Hərəkatının üzvlərinin rəhbərləri, dövlət başçıları eşidir. Bu əsnada Prezident İlham Əliyevin timsalında bütün dünyanın gözü Azərbaycana çevrilmişdi. Eyni zamanda pandemiya ilə bağlı problemin həllində sədr kimi Prezidentin tövsiyyələri də diqqətə alınırdı. Bu videokonfransda BMT-nin baş katibi, BMT Baş Assambleyasının Prezidenti, Afrika İttifaqının sədri, Avropa Parlamentinin, Türkdilli Dövlətlərin Parlament Assambleyasının və digər beynəlxalq nüfuzlu təşkilatların təsisatlarının nümayəndələri iştirak edərək Prezident İlham Əliyevin qlobal pandemiyaya qarşı mübarizədə tək ölkədaxili deyil, ümumbəşəri dəyərlər çərçivəsində dünyanın xilası üçün dünyanı ümumi birlik və həmrəyliyə səsləməsinin şahidi oldular".
İlham Məmmədov qeyd edib ki, Zirvə görüşündə qəbul olunan Bəyannamənin hər bir müddəası ümumdünya bəşəriyyətinin, sivilizasiyamızın yeni bir həmrəylik, yeni bir birlik mərhələsinə qədəm qoyduğunun göstəricisidir:
"Eyni zamanda bu Azərbaycanın nüfuzunun beynəlxalq səviyyədə qalxması deməkdir. Bundan sonra da Azərbaycanın nüfuzu durmadan artacaq, bu artan nüfuz çərçivəsində təbii ki, biz Azərbaycana qarşı olan, erməni təssüfkeşlərinin vasitəsilə üzərimizə yönəlmiş haqsızlıqların aradan qalxmasına, işğal olunmuş torpaqlarımızın tezliklə əldə olunmasına nail olacağıq. Bu gün bütün dünya Azərbaycanla birlikdədir".
Deputat vurğulayıb ki, bu Zirvə görüşü Azərbaycanın nüfuzunun öz zirvəsidir və artıq bu zirvəni fəth etmək Azərbaycan dövləti üçün keçilməz yol sayılmır:
"Məhz, Azərbaycan Prezidenti və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın təşkilatçılığı ilə hələ bundan əvvəl biz bir çox beynəlxalq idman yarışlarını, musiqi yarışmalarının Azərbaycanda keçirilməsi sayəsində müəyyən təcrübələr əldə etmişik. Artıq, Azərbaycan beynəlxalq arenada sivilizasiya, mədəniyyət, idman və siyasət meydanına çevrilib".
Müəllif: Nigar Məmmədova