“Kim istəməz ki, bu qədər gözəlliklər, cənnət müjdəsi ona da qismət olmasın?” Hacı Surxay Məmmədli
"Ramazan ayı insanlara Allahı sevməyi öyrədir, onlara iradələrini, dözümlüyünü yoxlamaq imkanı verir, onları gözüaçıq, təmiz vicdanlı olmağa yönəldir". Bu fikirləri DİASPOR.İNFO-ya Qafqaz Müsəlmanları İdarəsinin səlahiyyətli nümayəndəsi, İçərişəhər Cümə məscidinin dini icmasının rəhbəri, İlahiyyat elmləri doktoru, professor Hacı Surxay Məmmədli bildirib.
Onun sözlərinə görə, İslamda Ramazan ayı ən şəfqətli və ən müqəddəs hesab edilir və bu amili anlamaq, dərk etmək, tələb olunanlara əməl etmək də Allah dərgahında qiymətləndirilir, dəyərləndirilir. SİTAT: “Biz hər il bu gözəl ayda oruc tutan insanlarımızın artığını görürük və bu çox gözəl bir haldır ki, cəmiyyət Allaha doğru yaxınlaşır. Xüsusilə, dünyanın təlatümlü bir zamanında hər kəs əllərini uca Rəbbimizə tərəf uzadaraq Ondan pənahlarını umur, diləklərini diləyirlər. Bu baxımdan, yəqin ki, oruc saxlayan bacı və qardaşlarımız da təsdiq edərlər ki, Ramazan ayı boyunca iftar açıb, imsaka durmaq, namaz qılıb, ibadət etmək nə qədər mənəvi yüksəliş halıdır, feyzdir, gözəllikdir. Hədislərimizdə də buyrulub ki, Allahu təalanın, gözlərin görmədiyi, qulaqların eşitmədiyi və heç kimin xəyalına belə gəlməyən nemət dolu süfrəsinə, ancaq oruclular oturar. Çünki insan övladı Ramazan orucunu inanaraq və savabını ümid edərək tutursa, keçmiş günahlarını örtmüş olur. Peyğəmbərimiz Muhəmməd (s.ə. və a. və s.) buyurub ki, oruclunun yuxusu ibadət, susması zikr, əməlləri misliylə qəbul edilir, duası məqbuldur, günahı bağışlanılar. Baxın, kim istəməz ki, bu qədər gözəlliklər, cənnət müjdəsi ona da qismət olmasın? Bu baxımdan, qarşıdan gələn Ramazan bayramı ab-havası bizləri fərəhləndirir, sevindirir və əlbəttə ki, kədərləndirir. Çünki biz, əgər Allah istərsə bir də gələn il bu gözəl, müqəddəs ayımızı yaşayacağıq”.
Hacı Surxay Məmmədli bayram günü ilə bağlı bir sıra məsələləri də xatırladıb və qeyd edib ki, Orucluğun başa çatdığı gün fitr bayramı adlanır: “Həmin gün bütün müsəlmanlar bir- birlərini təbrik edir, vəfat edənlərin qəbirlərini ziyarət edir, ruhlarına dualar oxuyurlar. Bayram günü hər kəs himayəsində olanlar üçün təqribən 3 kiloqram miqdarında buğda, yaxud xurma və ya kişmiş fitrə zəkatı verməlidir. Bu müqəddəs ayda ehtiyacı olan adamlara kömək göstərilməli, valideynlər, qohum-əqrabalar axtarılmalıdır. Bu cür işlər insanın imanın kamilliyini yüksəlməsinə gətirib çıxarır. Mən də fürsətdən istifadə edərək, qarşıdan gələn Ramazan ayı münasibəti ilə müsəlman bacı və qardaşlarımızı təbrik edir, edilən duaların uca Allah qatında müstəcəb olmasını diləyirəm. Rəbbim ibadətlərinizi qəbul etsin İnşaAllah. Bir də əlbəttə ki, Allah bizə nəsib etsin, Azərbaycanın işğal olunan bütün ərazilərini düşmən tapdağından azad edək, müqəddəs Ramazan ayını orada yerləşən məscidlərimizdə keçirək”.
Xatırladaq ki, Hacı Surxay Məmmədlinin Facebook və İnstagram səhifələrində hər gün iftar saatlarında "Ramazan işığında" adlı canlı yayımı efirə gedir. O cümlədən, canlı yayımlara baxa bilməyənlər YouTube kanalında onu ziləmək imkanı əldə edirlər.
Rövşən RƏSULOV