“Demokratiya kökəsi” əvəzinə, “totalitarizm kötəyi”
Yaxud Paşinyan totalitarizmi ilə AXC-Müsavat diktaturasını eyniləşdirən faktorlar
Bu gün Ermənistanda baş verən hadisələr onu isbat edir ki, Paşinyan küçə populizmi üzərində “demokratiya” pərdəsi altında totalitarizm idarəçilik sistemi formalaşdırır. Siyasi müxalifətin məhv edilməsi, azad sözün, sərbəst toplaşma azadlıqlarının boğulması, açıq qisasçılıq oyunlarının aparılması son günlər Paşinyan totalitarizminin əsas ştrixlərinə çevrilib. Siyasi böhran amillərinin üzərinə koronavirus pandemiyasının və ağır sosial-iqtisadi şərtlərin əlavə olması bu ölkədəki vəziyyəti daha da xaotikəşləşdirir. Artıq ermənilər Paşinyanı hakimiyyətə gətirdiklərinə peşman olurlar. Elə keçirilmiş son sosioloji sorğuda ermənilərin 74 faizinin sosial problemlərin həllini gözlədiyini, lakin artıq ümidlərinin itdiyini bildirməsi Paşinyan hakimiyyətinə ictimai güzgü tutmuş olur. Hətta, “Euronews” kanalında dərdlərini danışan ermənilər açıq şəkildə bildirirlər ki, onlar Paşinyana inanmaqda səhvə yol veriblər. Eləcə də yeni idarəçilik modeli qurulmadan köhnə siyasi sistemin dağıdılması da Ermənistanda sosial-siyasi institutların daha dərin erroziyaya məruz qalmasına səbəb olur. Bir sözlə, bu gün sadə ermənilər böyük peşmançılıq içərisindədirlər. Onlar Paşinyandan “demokratiya kökəsi” əvəzinə, “totalitarizm kötəyi” gördülər...
Əslində, bu gün ermənilərin gördüklərini Azərbaycan xalqı düz 28 il öncə yaşayıb. 1992-ci ildə AXC-Müsavat tandemində birləşmiş paşinyankimilər küçə populizmi ilə hakimiyyəti zəbt etdilər və ondan sonra da bu gün Paşinyanın törətdiklərindən daha dəhşətini hazırda paşinyanlaşmış əli kərimli kimilər həyata keçirdilər. Bəs, Paşinyan totalitarizmi ilə AXC-Müsavat diktaturasını eyniləşdirən faktorlar hansılardır?
1. Küçədən hakimiyyətə gəldilər;
2. Populist vədlərlə xalqı aldatdılar, nəticədə xalqın gözləntiləri özünü doğrultmadı;
3. Sosial-iqtisadi problemlərin həlli əvəzinə siyasi qarşıdurmalar, hakimiyyət uğrunda mübarizə əsas gündəm oldu;
4. Söz azadlığı, sərbəst toplaşmaq hüququ boğuldu, jurnalistlər, siyasətçilər ictimai şəkildə döyüldü və öldürüldü;
5. Ölkə əhalisi aclıqla imtahana çəkildi;
6. Ölkəni qura və idarə edə biləcək vətənpərvər kadrlardan ibarət idarəçilər korpusu yaradılmadı;
7. Ölkənin siyasi elitası formalaşmadı;
8. Ümumi qaydada dövlət idarəçiliyinin böhranı və siyasi səriştəsizlik hökm sürdü və s.
Ümumi baxış prizmasından görürük ki, Paşinyan totalitarizmi ilə AXC-Müsavat diktaturasının qurulması və fəaliyyəti təxminən eynidir. Sadəcə adlar, rollar fərqlənir, nəticə isə eynidir.
Analogiya və hadisələrin gedişatı onu göstərir ki, Paşinyan totalitarizmini də AXC-Müsavat diktaturasının taleyi gözləyir. Xalq zamanında populist vədlərinə aldandığı AXC-Müsavat diktaturasını hakimiyyəti zəbt etməsindən cəmi 13 ay sonra birdəfəlik tarixin arxivinə göndərmişdi.
Bu gün AXC-Müsavat diktaturasının yolunu gedə Paşinyan totalitarizmi də xalqına “demokratiya kökəsi” əvəzinə, “totalitarizm kötəyi” yedirir. Çox güman ki, erməni xalqı nə qədər böyük səhv etdiyini artıq anlamağa başlayır və uzun sürməz, Paşinyan küçədən hakimiyyət kürsüsünə gətirildiyi kimi yenidən əvvəlki yerinə qaytarılar. Necə ki, 1993-cü ildə Azərbaycan xalqı AXC-Müsavat diktaturasına birdəfəlik son qoydu...
Ramil Vəlibəyov,
YAP sosial media qrupunun rəhbəri