“Dövlət başçısı bir daha sübut etdi ki, ölkə vətəndaşının yanındadır” ÖZƏL-MÜNASİBƏT
“Bu qərar bir daha təsdiq edir ki, Azərbaycanda aparılan siyasətin əsas hədəfi vətəndaşlarımızın sosial təminatının gücləndirilməsidir.” Bu sözləri DİASPOR.İNFO-ya verdiyi açıqlamasında politoloq Yusif Bağırzadə, Nazirlər Kabinetinin Bakı, Sumqayıt, Gəncə, Lənkəran şəhərləri və Abşeron, Yevlax, Cəlilabad, Masallı rayonları üzrə 190 manat məbləğində birdəfəlik ödəmənin verilməsi haqqında qərarını şərh edərkən deyib.
Politoloqun sözlərinə görə, dövlət başçısı bir daha sübut etdi ki, ölkə vətəndaşını unutmayıb, problemləri ilə maraqlanır və onun yanındadır.
“Bu qərarla dövlət başçısı bir daha vətəndaşını unutmadığını, həmişəki kimi, yenə də onların yanında olduğunu, problemləri ilə maraqlandığını sübut etdi. Vətəndaşlarımızın sosial təminatının gücləndirilməsinə xidmət edən bu qərar təbii ki, təqdirəlayiqdir və alqışlanmalıdır. Pandemiya dövründə də ölkə başçısının rəhbərliyi ilə həyata keçirilən sosial siyasət bir daha təsdiq edir ki, Azərbaycanda aparılan siyasətin əsas hədəfi vətəndaşlarımızın sosial təminatının gücləndirilməsidir.
Azərbaycan sosial dövlətdir və Prezident İlham Əliyevin siyasətinin mərkəzində vətəndaş amilinin dayanması əhalinin rifahının təminatı istiqamətində atılan mühüm addımlarda, ildən-ilə genişlənən sosial proqramlarda əyani təsdiqini tapır.
Xatırlayırsınızsa, hələ 19 mart 2020-ci il tarixdə Cənab Prezidentin sərəncamına müvafiq olaraq məşğulluğa və sosial rifaha dəstəyin təmin olunması üçün çoxistiqamətli proqramlar müəyyən edilmişdi. Ümumilikdə, Tədbirlər Planı üzrə ayrılan vəsait ilk vaxtlar 2,5 milyard manat nəzərdə tutulsa da, dövlət başçısının tapşırığı ilə dəstək tədbirlərinin genişləndirilməsi nəticəsində bu vəsaitin məbləği 3,5 milyard manatı üstələmişdir. Nəticədə, Prezident İlham Əliyevin tapşırıqlarına uyğun olaraq Nazirlər Kabinetinin təsdiqlədiyi Tədbirlər Planı əsasında ölkəmizdə pandemiya ilə əlaqədar 4,8 milyon vətəndaşı əhatə edən məşğulluğa və sosial rifaha dəstək tədbirləri həyata keçirilmiş, sahibkarlar, aztəminatlı ailələr, müvəqqəti olaraq işini itirmiş şəxslərlə yanaşı 600 min vətəndaşımız iki ay ərzində 190 manat məbləğində yardım paketindən istifadə etmişdir.
İndi də 2 həftəlik karantin müddətində karantinin tətbiq olunduğu şəhər və rayonlar üzrə 190 manat vəsaitin verilməsi haqqında qərarın qəbul olunması bir daha dövlət siyasətinin mərkəzində vətəndaş amilinin dayandığını sübut edir və bir daha onu göstərir ki, dövlət çevik və genişmiqyaslı sosial dəstək tədbirləri ilə vətəndaşının yanındadır”, deyə Yusif Bağırzadə bildirib.
Müəllif: İnam Hacıyev