"Ermənilər bildirirdi ki, onlara Qarabağ lazım deyil" ÖZƏL - AÇIQLAMA
"Hazırda, bir Ermənistan adlı dövlət mövcuddur, hansı ki, vassal, heç bir daxili-xarici siyasəti olmayan, müstəqil siyasət yürüdə bilməyən ölkədir. Burada aclıq və səfalət içərisində yaşayan bir xalq var. Ən əsası isə bu dövlət terrorçu və işğalçı siyasət yürüdür. İkinci bir belə erməni dövlətinin yaranmasına zərurət yoxdur". Bu sözləri DİASPOR.İNFO-ya açıqlamasında Beynəlxalq Münasibətlərin Araşdırılması Mərkəzinin rəhbəri, siyasi elmlər üzrə fəlsəfə doktoru Rufiz Qonaqov deyib.
"Bu gün Ermənistanda biz hər hansı bir siyasi prosesi gözdən keçirsək onun şahidi oluruq ki, istər indiki baş nazir, istərsə də ondan əvvəlki prezidentlər, dövlət rəhbərləri, ümumiliyyətlə, Ermənistanın mahiyyətinə uyğun olaraq bu işğalçı və terrorçu ölkənin heç bir zaman reytinqi olmayıb. Paşinyan hakimiyyətə gəldikdən sonra isə onun heç bir Baş nazirə uyğun olmayan hərəkətləri və bütövlükdə, beynəlxalq tribunalardakı gülünc çıxışları, həmçinin, sonuncu Şərq Tərəfdaşlığı ölkələrinin videokonfrasındakı gülünc çıxışı, Prezident İlham Əliyevin ona verdiyi cavabdan sonra bu ölkənin baş nazirinin vəziyyəti daha da ağırdır. Demək olar ki, Paşinyan heç bir dövlət təcrübəsi olmayan, heç bir diplomatik təcrübəsi olmayan bir şəxsdir. Sözsüz ki, Paşinyan nə siyasətçi, nə diplomat, nə də dövlət xadimi olmayıb. Lakin ümid olunurdu ki, o hakimiyyətə gələrkən hansısa bir formada müəyyən qədər xalqın ümidlərini bəlkə də doğruldacaq. Lakin bunların heç biri mümkün olmadı. O, ilk növbədə söz vermişdi ki, xalqı aclıqdan, səfalətdən xilas edəcək. Ermənistanın işğalçılıq siyasətini qurtaracaq. Küçə yürüşlərində, mitinqlərində də Paşinyan öndə gedərkən xalq nə istəyirdi? Onlara iş lazım idi, sosial problemlərin həlli lazım idi. Erməni xalqı bildirirdi ki, onlara Qarabağ lazım deyil, başqa ölkənin torpağı lazım deyil. Lakin, bunların heç birini Paşinyan etmədi. O, fikrini öz ölkəsinə yönəltmək əvəzinə Azərbaycanın işğal olunmuş ərazilərinə yönəltdi. Tez-tez işğal edilmiş ərazilərə səfərlər etməklə, sərsəm bəyanatlar verməklə yenidən erməni xalqının vəziyyətini daha da ağırlaşdırdı. Bu gün Paşinyanın nə Ermənistanda, nə də erməni diasporasının içərisində olmayan nüfuzu daha da aşağı düşüb".
Siyasi elmlər üzrə fəlsəfə doktoru bildirib ki, bu gün Ermənistan Paşinyanın timsalında daha da rüsvayçı vəziyyətə düşüb və təsadüfi deyil ki, ölkədə bu gün "Çiçəklənən Ermənistan" partiyasına, Sarukyan blokuna olan təzyiq, Sarukyanın özünün deputat toxunulmazlığının aradan qaldırılması və həbsinə hazırlıq görülməsi və bütövlükdə jurnalistlərə qarşı tutulan divanlar, eks-prezidentlərə qarşı keçirilən həbslər, həmçinin, Paşinyanın öz opponentlərinə qarşı siyasi represiyaları deməyə əsas verir ki, Paşinyan çox ağır bir vəziyyətdədir:
"O, xalqın etimadını tamamilə itirdiyi üçün bu vasitələrə əl atır və vaxtilə o da jurnalist olub, bu gün jurnalistlərə qarşı, mediaya qarşı represiyalar həyata keçirir. Paşinyanın özünün partiyasının içərisində də, siyasi blokunun içərisində də artıq parçalanma var. Həmin partiyada istefalar var. Bu gün pandemiya ilə mübarizədə də bu ölkənin yürütdüyü siyasət olduqca acınacaqlıdır. Azərbaycan Prezidenti İlham Əliyevin də qeyd etdiyi kimi Azərbaycan imkan verməyəcək ki, bölgədə ikinci bir erməni dövləti bizim torpaqlarımızı üzərində qurulsun. Hazırda, bir Ermənistan adlı dövlət mövcuddur, hansı ki, vassal, heç bir daxili-xarici siyasəti olmayan, müstəqil siyasət yürüdə bilməyən ölkədir. Burada aclıq və səfalət içərisində yaşayan bir xalq var. Ən əsası isə bu dövlət terrorçu və işğalçı siyasət yürüdür. İkinci bir belə erməni dövlətinin yaranmasına zərurət yoxdur. Nə qədər ki, Ermənistan işğalçı və terroçu siyasətini dəyişməyəcək, orada rəhbərlik edən bütün siyasəçilərin aqibəti də bir öncəkinin aqibəti kimi olacaq. Ölkədə hər hansı bir dinclik olmayacaq. Bunu bərqərar etmək üçünsə Ermənistan mövcud siyasətini mütləq dəyişməlidir".
Müəllif: Nigar Məmmədova