MİLLİ ELMLƏR AKADEMİYASI VƏ ENSİKLOPEDİYADA COĞRAFİ ADLARI KİMLƏR VƏ NƏDƏN UNUDURLAR?
Çox qəribədir, nazirlər kabinetinin qərarı ilə çap olunan kitabda hazırki baş
nazirin ata-baba yurdunun adı niyə olmasın?!
Bu günlərdə “Azərbaycan Dilinin Orfoqrafiya Lüğəti” kitabına göz gəzdirərkən sözügedən kitabın “Şərq-Qərb” nəşriyyat evində çap edildiyi diqqətimi çəkdi.
Bu kitab Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin “Azərbaycan dilində kütləvi nəşrlərin həyata keçirilməsi haqqında” 12 yanvar 2004 – cü il sərəncamına əsasən və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 5 avqust 2004 – cü il tarixli qərarı ilə təsdiqlənmiş “Azərbaycan dilinin orfoqrafiya qaydaları” na uyğun surətdə latın qrafikalı əlifba ilə hazırlanmış “Azərbaycan dilinin orfoqrafiya lüğəti” nin düzəlişlər, əlavələr edilərək təkmilləşdirilmiş 2 – ci, ümumiyyətlə, 6 – cı nəşridir.
Çox qəribədir, Azərbaycan dilinin orfoqrafiya lüğəti kitabı genişləndirilmiş və yenidən işlənmişdir. Ancaq buna baxmayaraq kitabda böyük səhvlər var. Qəribə burasındadır ki, bu layihənin rəhbəri Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü, filologiya elmləri doktoru, professor Ağamusa Axundovdur. Redaktoru və ön sözün müəllifi isə, filologiya elmlər doktoru, professor İsmayıl Məmmədlidir.
Adətən mənfur qonşularımız olan ermənilər Azərbaycanın bir çox rayon və kənd adlarını özünküləşdirməyə çalışır. Bəlkə bu ona görədir ki, biz öz kənd və digər yaşayış məkanlarının adlarına yaxşı sahiblənə bilmirik? Azərbaycan dilinin orfoqrafiya lüğəti kitabında “Azərbaycan Respublikasının coğrafi adları” səhifəsini açarkən, Azərbaycan milli ensiklopediyasına uyğun olaraq hazırlanan coğrafi adlara nəzər saldıq.
“ Q ” hərfi ilə başlanan yaşayış məkanlarının adlarına diqqət yetirdik. Məlum oldu ki, Kəngərli rayonu Qıvraq qəsəbəsinin (Keçmiş Şərur rayonu Qıvraq kəndi) adı yoxdur. Hansı ki, hətta SSRİ – nin coğrafi xəritəsində belə Qıvraq qəsəbəsinin, (Kəndinin) adı var idi.
Görəsən hansı səbəbdən Azərbaycan dilinin orfoqrafiya lüğəti kitabı Nazirlər kabinetinin 5 avqust 2004 - cü il tarixli qərarı ilə təsdiqlənmiş “Azərbaycan dilinin orfoqrafiya qaydaları” - na uyğun surətdə latın qrafikalı əlifba ilə hazırlanmış “Azərbaycan dilinin orfoqrafiya lüğəti” - nin düzəlişlər və əlavələr edilərək təkmilləşdirilmiş 6 – cı nəşrində baş nazir Əli Əsədovun atasının doğulduğu kəndin adı qeyd edilməyib?
Qıvraq qəsəbəsi ( kəndi ) Azərbaycan dövlətçiliyi üçün bir neçə general, nazirlər, icra başçıları, komitə sədri, yazıçılar, jurnalistlər və.s. ziyalı ordusu bəxş etmişdir.
SADİQ ƏLƏKBƏRLİ
BÖLGƏ MÜXBİRİ.