“Ölkəmizin ərazi bütövlüyünün, suverenliyinin və sərhədlərinin toxunulmazlığının zəruriliyi BMT Təhlükəsizlik Şurasının Azərbaycana qarşı Ermənistanın 1993-cü ildə təcavüzünün genişlənməsi ilə əlaqədar qəbul etdiyi 822, 853, 874 və 884 saylı qətnamələrdə öz əksini tapır. BMT Təhlükəsizlik Şurasının sənədlərində işğalçı qüvvələrin Azərbaycanın işğal olunmuş ərazilərindən dərhal və qeyd-şərtsiz çıxması tələb olunsa da, Ermənistanın açıq-aşkar işğalçılıq mövqeyi tutması nəticəsində bu qətnamələr indiyədək yerinə yetirilməyib. Münaqişənin həlli ilə bağlı Ermənistan rəhbərliyi tərəfindən səsləndirilən fikirlər tarixi reallıqları, münaqişənin əsl mahiyyətini əks etdirmir və bu faşist ideologiyasına əsaslanan təcavüzkar siyasətdir. Əsas məqsədləri İmitasiya üçün danışıqlar aparmaq, yəni, vaxt uzatmaqla işğalçılıq siyasətini davam etdirməkdən ibarətdir.
Azərbaycanın işğal olunmuş ərazilərində təcavüzkar Ermənistanın Dağlıq Qarabağ və ətraf 7 rayonda qeyri-qanuni fəaliyyəti, xüsusilə qanunsuz məskunlaşdırma siyasətinin aparılması və demoqrafik tərkibin qəsdən dəyişdirilməsi, Azərbaycan xalqına məxsus maddi-mədəni irsin talan edilməsi 30 ildir ki, dünya ictimaiyyətinin gözü qarşısında baş verir.” Bu sözləri Diaspor info-ya verdiyi açıqlamasında Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının professoru, siyasi elmlər doktoru Elçin Əhmədov bildirib.
Akademiyanın professoru qeyd edib ki, ələlxüsus, son zamanlar Yaxın Şərq ölkələrində, Suriyadakı, Livandakı erməni əsilli əhalinin Azərbaycanın işğal olunmuş Dağlıq Qarabağ regionunda və ətraf bölgələrdə qanunsuz məskunlaşdırma siyasəti beynəlxalq hüququn bütün prinsiplərinə ziddir.
“Təcavüzkar Ermənistan danışıqlar adı altında imitasiya ilə məşğuldur və Azərbaycana qarşı ilhaq siyasətindən əl çəkmir. Ermənistanda faşist ideologiyası dövlət siyasətinə çevrilib. Bu barədə Azəbaycan Prezidenti Cənab İlham Əliyev bir neçə dəfə, xüsusilə 2019-cu ildə Aşqabadda MDB Dövlət Başçıları Şurasının məhdud tərkibdə iclasındakı çıxışında da qeyd edib və Ermənistanda faşizmin qəhrəmanlaşdırılmasını xatırladıb, Yerevanın mərkəzində faşist cəllada, satqına, alman faşistlərinə Qaregin Njde ləqəbi ilə xidmət etmiş Qaregin Ter-Arutyunyana heykəl qoyduğunu diqqətə çatdırıb. Hazırda da bu siyasət davam edir və Njde, Dro kimi faşizmə xidmət edənlər Ermənistanda qəhrəmanlaşdırılır, bu faşizm siyasəti dövlət səviyyəsində icra edilir.
Heç bir idarəçilik təcrübəsi olmayan, tarixdən və beynəlxalq hüquqdan tam xəbərsiz Ermənistan baş nazirinin əsassız ərazi iddialarının, həmçinin beynəlxalq hüquqa tamamilə zidd addımlarının qarşısı alınmalıdır. Ancaq bizim şahidi olduğumuz nədir? Qondarma rejimin nümayəndələri tərəfindən ölkəmizi təhdid edən çıxışlar və əsassız iddialar dünya birliyi tərəfindən sükutla qarşılanır, qınaq obyektinə çevrilmir. Xüsusilə münaqişəni nizama salmaq üçün vasitəçilik missiyasını üzərinə götürən ATƏT-in Minsk qrupunun Ermənistanın təcavüzkar siyasətinə qarşı adekvat cavablarını bu müddət ərzində, yəni, 28 ildir eşitmirik. Bu qrupun mücərrəd bəyanatları isə Ermənistanı hər dəfə bir az daha da şirnikləndirir. Ermənistanın son təcavüz aktının ardınca, yəni, bu ilin 13 iyul tarixində ATƏT-in Minsk qrupunun verdiyi ənənəvi bəyanat bunun bariz nümunəsidir.
Azərbaycana qarşı etnik təmizləmə, dövlət terrorizmi, soyqırımı və işğalçılıq siyasəti 30 ildən artıqdır ki, davam edir və bu dünya ictimaiyyətinin gözü qarşısında baş verir. Ermənistanın özünü cəzasızlıq şəraitində hiss etməməsi, münaqişənin ədalətli həlli üçün dünya birliyi ikili standartları kənara qoyub, BMT Nizamnaməsi, Helsinki Yekun Aktı, eləcə də BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə qəbul etdiyi qətnamələr əsasında təcavüzkarın açıq-aşkar anneksiya siyasətinə son qoyulması istiqamətində təsirli tədbirlər görməlidir. Azərbaycanın suverenliyi və ərazi bütövlüyünü kobud surətdə pozan Ermənistan rəsmilərinin hüquqazidd addımlarının qarşısı qətiyyətlə alınmalıdır. Dünya birliyi təcavüzkarı beynəlxalq birliyin iradəsinə tabe etdirməlidır”, deyə Elçin Əhmədov bildirib.