"Ermənistan Respublikasının siyasi cəhətdən naşı rəhbərliyi Azərbaycanın əsəbləri ilə məncə çox da uzun müddət oynaya bilməyəcək. Yəni onlar beynəlxalq hüquqa belə çox hörmətsizlik edirlər". Bunu Diaspor info-ya siyasi şərhçi Azər Həsrət deyib.
"Bir tərəfdən qonşu dövlətin torpaqlarını uzun müddətdir işğal altında saxlayırlar, oranın yerli əhalisini öz yurd-yuvalarından qovublar, digər tərəfdən də xarici ölkələrdən erməni millətindən olan şəxsləri bu və ya digər şəkildə müxtəlif vədlərlə aldadaraq gətirib Azərbaycan torpaqlarında məskunlaşdırmaq və guya o torpaqlarda daha çox erməninin yaşadığını dünyaya sübut etmək istəyirlər. Əlbəttə ki, bu çox ədəbdışı bir davranışdır. Yəni siyasi liderlər, özünə hörmət edən dövlətlər bu cür davranış sərgiləməzlər. Ermənistan isə təbii ki, özünə hörmət edən bir dövlət deyil. Eyni zamanda ona rəhbərlik edən siyasi liderlər də siyasətdə naşı adamlardır. Təbii ki, bir məhəllə uşağı səviyyəsində davranmaqla nəyəsə nail olacaqlarını düşünürlər. Amma Azərbaycanın da əsəbinin, səbrinin bir həddi var. Təbiidir ki, dövlətimiz bu məsələləri beynəlxalq platformalarda əsaslandırılmış şəkildə diqqətə çatdırmaqla bərabər öz torpaqlarına xarici ölkələrdən kimlərinsə üçüncü bir tərəf ölkə tərəfindən gətirilib yerləşdirilməsinə yol verməyəcək. Əlbəttə ki, indiki şəraitdə Ermənistan bu qanunsuz hərəkətlərini davam etdirəcəyi təqdirdə Azərbaycanın artıq güc tətbiq etmək üçün əlavə imkanları yaranmış olacaq”-deyə, A.Həsrət fikrini tamamlayıb.