"Prezident İlham Əliyev cənabları beynəlxalq siyasi aləmdə öz qətiyyətli sözünü deyən, fikirlərini irəli sürən liderdir və biz bu reallığı dəfələrlə ən mötəbər tribunalardan da müşahidə etmişik”. Diaspor info-nun verdiyi məlumata görə, bunu “SƏS” qəzetinin baş redaktoru, siyasi ekspert Bəhruz Quliyev ölkə başçısının Yunanıstanın Azərbaycana təyin olunmuş yeni səfirinin etimadnaməsini qəbul edərkən, vurğuladığı fikirlərini şərh edərkən deyib.
Onun sözlərinə görə, Prezident İlham Əliyev daima xalqının, dövlətinin mövqeyini ən ali dərəcədə ifadə edir və bununla yanaşı, ədalətli siyasət amilini önə sürür. O cümlədən, diplomatik bilik və bacarıqlarını müxtəlif görüş və qəbullarda tətbiq etməklə, yüksək siyasi təcrübəsini ortaya qoyur: “Xüsusilə, milli maraqlar kontekstində fəaliyyətini aparan ölkə başçımız Yaponiyanın və Yunanıstanın səfirlərinin etimadnamələrini qəbul etdiyi mərasimində də bu məsələni mühüm fikirləri, nitqi ilə önə sürdü. Belə ki, dövlət rəhbərimizin Yunanıstanın, Kiprin və Ermənistanın hərbi əməkdaşlıq məsələlərinə toxunarkən təcavüzkarın müdafiə olunmasını qeyri-mümkün hesab etməsi, eyni zamanda, Yunanıstanın Azərbaycanla əməkdaşlıq etmək marağında olduğunu bildirməklə, Avropa Birliyi ölkələrindən biri olduğunu xatırlatmaqla, haqqın, ədalətin tərəfində dayanmalı olduğunu vurğulaması çox əhəmiyyətli diplomatik faktordur. Cənab Prezident kifayət qədər açıq şəkildə bildirdi ki, Türkiyə-Azərbaycan dostluğu və qardaşlığı dönməzdir və Türkiyə həmişə Azərbaycanın yanında olduğu kimi, Azərbaycan da daimi olaraq Türkiyənin yanında olacaq. Yəni dövlət başçımız bununla daha bir məsələni – Şərqi Aralıq dənizindəki böhranı nəzərdə tutaraq, bu məsələdə də qardaş Türkiyənin yanında olduğunu tərəf kimi nümayiş etdirmiş oldu”.
“Hesab edirəm ki, Prezident İlham Əliyevin belə bir qətiyyət nümayiş etdirməsi həm Azərbaycan xalqı tərəfindən, həm də Türkiyə xalqı tərəfindən yüksək qiymətləndirildi”, deyən siyasi ekspert əlavə edib ki, artıq Türkiyənin dövlət rəsmiləri də dövlət başçımızın bu addımından qürur duyduqlarını vurğulayır, Ona öz minnətdarlıqlarını çatdırırlar: “Həmçinin düşünürəm ki, Prezident İlham Əliyevin çağırışları dünya ölkələrini, xüsusilə Avropa və Qərb ölkələrini ədalətli siyasət yürütmələrinə yönəlmiş bir ismarıc, habelə, Azərbaycan-Türkiyə sarsılmaz birliyinin növbəti danılmaz isbatıdır”.