"Azərbaycan müharibə şəraitindədir. Ordumuz düşmən təxribatlarına layiqli cavab verir. Müharibə şəraitində olan ölkənin Silahlı Qüvvələrinin hər bir hərəkəti məxfi olmalı, hərbi əməliyyatlar və təmmas xəttində baş verən hadisələrlə bağlı məlumatları ancaq rəsmi mənbələrə əsaslandırılmalıdır. Məlumatların məxfiliyinin qorunub saxlanılması hamıya, o cümlədən hərbi xidmətdə olan şəxsi heyəti üçün qanundur və dəfələrlə bu istəqamətdə hər kəs məlumatlandırılır". Bunu Diaspor info-ya açıqlamasında Milli Məclisin üzvü Azər Badamov deyib. Deputat bildirib ki, hərbi sirr haqqında qanun var ki, hamı bu qanun tələblərinə riayət etməyə borcludur: "Erməni zabitini əsir götürən hərbiçilər də hərbi şəraitin tələblərinə uyğun olaraq özləri ilə smartfon daşımamalı, çəkilişlər etməməli və sosial şəbəkələrə sızdırmamalıdır. Əgər bu gün hərbiçilərimiz təxribat törətmək niyyəti olan düşmən zabitini əsir tutursa, bu ordumuzun ayıq-sayıqlığının göstəricisidir və təqdirəlayiq haldır. Amma o hərbiçilər ki, bu səhnələri telefona çəkib ictimailəşdirirsə, bu ciddi qanun pozuntusudur və ona görə cəzalanmalıdır. Biz düşmənlə üz-üzəyik. Əgər orduda kimin kefi necə istəyir elə hərəkət edərsə, ciddi nizam-intizam olmazsa hansı uğurdan və qələbədən danışmaq olar? Ona görə də, kim qanunu pozursa onun kimliyindən və xidmətlərindən asılı olmayaraq törətdiyi əmələ görə cəzalanmalıdır". A.Badamov vurğulayıb ki, indi sosial şəbəkələrdə erməni zabitini tutmuş hərbiçilərin törətdiyi qanun pozuntusuna görə, cəzalandırılmasına görə müxtəlif rəylər yazırlar: Biz yaddan çıxartmamalıyıq ki, torpaqlarımızın 20%-i işğal altındadır. İşğala da öz hərbi gücümüzlə son qoydurmalıyıq. Belə olan halda səsləndirilən mənfi fikirlər ancaq düşmənlərimizi sevindirir. Əgər biz düşməni kədərləndirmək istəyiriksə, qanunun aliliyini qorunmaqla ordunun nizam-intizamını və ruh yüksəlməsini artıracaq ifadələri işlətməliyik".