Xalqı Birləşdirən Siyasət.
Bu gün Azərbaycanda gedən siyasi proseslər, dövlətimizin haqq və ədalətli mövqeyi onu deməyə əsas verir ki, siyasi əqidəsindən asılı olmayaraq, hamı, şəxsi ambisiyalardan imtina etməli və milli maraqlar naminə vahid qüvvə kimi bir mövqedən çıxış etməlidirlər.
Azərbaycanın apardığı tarixi ədalətin bərpası müharibəsində, iqtidar-müxalifət cəbhələrə bölünməməli, haqq ədalət, milli dövlətçilik baxımından bir olmalıdır, bunu etməyə çalışan qüvvələr olarsa, onlar şək-şübhəsiz düşmənin yanında olanlardır. Sevindirici haldır ki, bu gün Azərbaycanda Dövlətlə xalqın birliyi sarsılmazdır. Bugünkü milli həmrəyliyimiz ölkədə aparılan siyasi dialoqun real nəticəsidir. Buna görə də bütün siyasi partiyalar itirilmiş torpaqları geri qaytarmaq üçün haqq savaşına qatılan Azərbaycan dövlətinin yanında olmalıdırlar. Hesab edirəm ki, Azərbaycanda fəaliyyət göstərən bütün siyasi partiyalar 17 min kv km işğal altında olan torpaqlarımızın azad olunmasında dövlətin, Prezidentin və qüdrətli ordumuzun yanında olmalıdırlar və onlara dəstək verməlidirlər.
Bu gün Azərbaycanda hamı, Ali baş komandan Ilham Əliyevin ətrafında sıx birləşərək birlik nümayiş etdirirlər.
Onu da xüsusi qeyd etmək istəyirəm ki, Milli birliyə töfə verən 50 siyasi partiya, ermənistan silahlı qüvvələrinin irimiqyaslı təxribatına qarşı birgə bəyanat yaydılar. Təkcə Xalq cəbhəsi və müsavat partiyası bu bəyanatdan kənarda qaldılar.
Azərbaycan dövlətinin, xalqımızın bu çətin günündə, bütün dünyada olduğu kimi Dövlət və siyasi partiyaların həmrəyliyi Azərbaycanın ərazi bütövlüyünün bərpası naminə atılan ən zəruri addımlardan biridir.
Azərbaycanda gedən siyasi proseslər onu deməyə əsas verir ki, bu gün dövlətimizin qarşıya qoyduğu ən ümdə məsələsi ərazi bütövlüyümüzün tam bərpası və Qarabağ probleminin birdəfəlik həll edilməsidir. Bu yolda hamı bir nəfər kimi dövlətin, ordumuzun yanında olmalıdırlar və necə ki, olurlar.
Haqq- ədalət uğrunda savaşan Azərbaycan Ordusuna zəfər, qələbə sevincini yaşamağı arzulayıram. Və hesab edirəm ki, çox yaxın zamanda Ali baş komandan Ilham Əliyevin rəhbərliyi ilə üçrəngli bayrağımızı Qarabağda asacağıq.
Azərbaycan Dövlət İqtisad Universitetinin
Biznesin İdarə Edilməsi Kafedrasının müdiri, Dosent, Əməkdar müəllim
Əliyev Məhəmməd Ələkbər oğlu.