"Ermənistan oktyabrın 10-dan elan edilmiş humanitar atəşkəsə bircə dəqiqə də əməl etmədi. Ermənistan üçün humanitar atəşkəs başlamadan pozuldu. Bu gecə Gəncəni raketlə vurdular, çox sayda ölən və yaralananlar var. Cəbhədən azı 100 km uzaqda olan Mingəçeviri və digər yerləri də vururlar. Erməni nazir Mnasakanyan Moskvada atəşkəs razılaşmasını imzalamaqdan hələ bəlkə qayıtmayıb(?). Bunlar dinc əhalimizi qırmaqda davam edirlər.Ermənistan 10 oktyabr sazişini niyə imzaladı, niyə də ona əməl etmədi?". Diaspor info-nun məlumatına görə, bunu açıqlamasında "Bakı Xəbər" qəzetinin baş redaktoru, siyasi şərhçi Aydın Quliyev deyib.
Ekspert bildirib ki, əvvəla, Ermənistanda vahid hakimiyyət yoxdur: "Hakimiyyətdəki bir qrup atəşkəsi qəbul etsə də, digər qrup pozucu rolunu davam etdirir. Burada hədəf Paşinyanın özü də ola bilər, pozucu qruplaşmanın rəhbəri elə Paşinyan özü də ola bilər. İkincisi, münaqişənin həllini istəməyən məlum xarici qüvvələr ikibaşlı siyasətlərini hələ davam etdirirlər. Üçüncüsü, arxa cəbhəmizin əsas qüvvəsi olan mülki insanların böyük dözüm və dəyanətinə görə onlardan qisas almaq şansını buraxmaq istəmirlər. Dördüncüsü, Ermənistan liderləri humanitar atəşkəsin tam icra olunacağı halda nə qədər canlı qüvvə itkisinə yol verdiklərinin üzə çıxa biləcəyindən və bunun erməni cəmiyyətini hansı hərəkətlərə sövq edəcəyindən xoflanır. Bu üzdən ortalıqdakı erməni meyitlərinin çürüyərək it-bata düşməsi indi onlar üçün daha sərfəlidir. Beşincisi, Ermənistan işğal etdiyi torpaqların mühüm hissəsini əldən verib, yaxşı başa düşürlər ki, bu vəziyyətlə danışıq masasına qayıtmaq onun üçün kapitulyasiya ərəfəsi olacaq, odur ki, masaya dönməzdən qabaq müharibə meydanında vəziyyəti az da olsa dəyişmək istəyirlər. Lakin dinc əhalini qırmaqla döyüşdə vəziyyəti dəyişmək mümkünsüzdür".