BALAKƏN MƏKTƏBLƏRİ ARASINDA YÜZ FAİZ QƏBULU OLAN TƏHSİL OCAQLARI VAR.
Azərbaycanın Şimal-qərbdən giriş qapısı olan Balakən rayonu günü-gündən inkişaf edir. Əgər siyasi cəhətdən yanaşsaq bu inkişaf balakənlilərlə yanaşı dövlətimiz üçün də, çox vacibdir.
Mənim iki il öncə Ukraynadan gətirdiyim beynəlxaq jurnalistlər Balakən şəhərində yerləşən Heydər Əliyevin adını daşıyan parka heyran olmuşdular.
Parkda azyaşlı məktəbli uşaqlara şəhərimizi necə təmiz saxlamağı öyrədən müəllimə ilə də xeyli söhbət etmişdilər.
Düzdür bu gün bu rayonda da, təmirə və yenidən tikilmyə ehtiyacı olan bir çox təhsil müəssisəsi var. Bununla yanaşı müasir dövrün tələblarinə tam cavab verən təhsil müəssisələri də, az deyildir.
Bu il Balakən rayon təhsil şöbəsinə yeni müdir təyin olundu. Elçin Ismayılov Qullar bir saylı tam orta məktəbin direktoru işləyib. Hazırda yeni müdir islahatlar aparmaq, müasir dövrün tələblərinə uyğun şöbə və rayon təhsili üçün yeniliklər gətirmək üzərində çalışır.
Elçin müəllim deyir ki, rayon təhsilinin inkişafına Balakən RİH başçısı İslam Rzayev öz töhfəsini yetərincə verir. Qalır təhsil işçilərinin öz peşələrinə daha məsuliyyətli yanaşmalarına. Yeni Təhsil naziri Emin Əmrullayev də, yeniliyi, müasirliyi dəstəkləyən bir rəhbər olduğu üçün Elçin müəllim Balakən təhsilində bir çox bürokratik əngəlləri tamamilə aradan qaldıracağını deyir.
Ümumiyyətlə Elçin müəllim yeni dövrün müasir təhsil şöbə müdiri kimi işləyən ilk rəhbərlərdən olduğu üçün ondan çox şey gözlənilir.
Balakən rayonu və təhsil işçiləri şəxsən mənim üçün çox doğmadır.
2019-20 ci tədris ili də Balakən təhsili üçün uğurlu illərdən olub.
Mənim uzun illər tanıdığım pedaqoqlar vardır ki, birinciliyi əldən vermirlər.
Məsələn; Nizami Gəncəvinin adını daşıyan Balakən şəhər bir saylı tam orta məktəbin məzunları 600 dən yuxarı bal toplayanlara liderlik edir. Şəfiqə müəlliməni uzun illərdir şəxsən tanıyıram. Onun rəhbərlik etdiyi kollektivin Balakən təhsilinə verdiyi töhfə misilsizdir. Qəribə burasındadır ki, Şəfiqə müəllimə bu gün də öz üzərində çalışır, təhsildə, məktəb işində olan yenilikləri hamıdan tez qavramağa çalışır.
Bu gün Balakən ziyalı ordusunun yetişməsində "Nizami" məktəbi kimi tanınan bir saylı şəhər məktəbinin həm rəhbərinin, həm də pedoqoji kollektivinin böyük zəhməti vardır. Hesab edirəm ki, bu nailiyyətləri əldə etmək, təkcə rayonda deyil bütün regionda rəqabəti çətin olan bir təhsil müəssisəsi formalaşdırmaq böyük zəhmət hesabına başa gəlib. Balakən təhsilində bir neçə məktəb vardır ki, onu respublikada adıyla tanıyırlar və onlardan biri də "Nizami" məktəbidir.
Təsadüfi deyil ki, qəbul olunanların 7 si 600 dən yuxarı bal toplayıblar.
Balakəndə daha bir təhsil ocağı da, vardır ki, sözün əsl mənasında onunla rəqabət aparmaq çox çətindir. Şaban müəllim sadəliyi, təvazökarlığı ilə təkcə rəhbərlik etdiyi " Humanitar və Texniki Təmayüllü Liseydə hörmət qazanmayıb, ümumiyyətlə regionda qabaqcıl təhsil müəssisə rəhbəri kimi böyük nüfuz sahibidir. Təsadüfi deyil ki, onun rəhbərlik etdiyi kollektivin hazırladığı məzunlar 100% qəbula nail olublar. Bəli, sanki paytaxt məktəbləri kimi, 71 məzun və 71 tələbə.
Bu gün Şaban müəllimin yetirmələri arasında özüylə çiyin-çiyinə işləyən müəllimlərlə yanaşı respublikanın bir çox əhəmiyyətli sahələrində böyük vəzifələrdə işləyən yetirmələri də, az deyildir.
Şimal-qərb bölgəsində rəqabətin çətin olduğu təhsil ocaqlarından biri də, Şaban müəllimin rəhbərliyi altında çalışan Liseydir.
Balakəndə qabaqcıl təhsil müəssisələri arasında Şəhər 2 saylı tam orta məktəb də var. Samirə müəllimə İ. Nəsiminin adını daşıyan təhsil müəssisəsinə rəhbərlik edəndən bu təhsil ocağında da, irəliləyiş günü-gündən artır. Bu tədris ilində də, 16 məzunu tələbə adını qazanıb. Deməli Samirə müəllimənin rəhbərlik etdiyi pedaqoji kollektiv daha yaxşı nəticələrə imza atmaq üçün çalışır və buna nail olur.
Şəhər məktəbləri arasında Z. Əliyevanın adını daşıyan 3 saylı tam orta məktəb də, öz üzərində işləyən təhsil ocaqlarından sayılır. Yeganə müəllimə intizamlı kollektivi ilə hər il qəbulun faizini artırmağa çalışır. 15 sənəd verənlərdən 8 i tələbə adını qazana bilib.
Balakən təhsilində kənd məktəblərinin də, öz yeri vardır.
Qazma kənd 1 saylı tam orta məktəbinin 18 sənəd verənindən 11 məzunu tələbə adını qazanıb.
Əlbəttə ki, bu nailiyyətləri sabiq direktor Aşənnə Mehdiyevaya və məhz onun rəhbərlik etdiyi kollektivə aiddir.
Tülü kənd 1 saylı tam orta məktəbin məzunları arasında cəmi 10 şagird sənəd verib və 10 da tələbə adına layiq görülüb. Bu Akif müəllimin böyük zəhmətinin bəhrəsidir desək yanılmarıq.
Katex 1 saylı tam orta məktəbi regionda hamı tanıyır.
Əsəb müəllimin rəhbərlik etdiyi kollektivin göstəriciləri həmişə yüksək olub.27 sənəd verəndən 20 si tələbə adını qazanıb. 2 məzun isə 500 dən yuxarı bal toplayıblar.
Qaravəlli kənd tam orta məktəbinin də rayon təhsilində öz yeri vardır.
Şərif müəllimin rəhbərliyi ilə çalışan kollektivin hazırladığı məzunlardan 18 sənəd verəndən 16 sı tələbə adını qazanıb.
Mənim çox hörmətlə yanaşdığım təhsil müəssisə rəhbərləri çoxdur.
Hər birinin adını çəkə bilməsəm də, Balakən rayonunda savadlı gənclərin yetişməsində hər bir kənd məktəbinin də öz yeri vardır.
Hənifə kənd tam orta məktəbi, Talalar 1 saylı və 2 saylı tam orta məktəbləri, Kortala kənd tam orta məktəbi, İtitala, Katex 2, 3 və Katexzavod məktəbləri, Qarahacılı, Qullar 2 saylı, Sarıbulaq, Şərif, Yeni Şərif, Şambul, Qabaxçöl Qəsəbə tam orta məktəbi, Qaysa, Meşəşambul, Qazbölük, Xalatala,Qullar 1 saylı, Mahamalar kənd tam orta məktəbinin və Kəmalə xanımın zəhmətini danmaq olmaz. Hər bir təhsil müəssisəsi rayonda yetişən gənc kadrlara töhfə verir.
Ümid edirik ki, Balakən təhsili yeni rəhbəri ilə daha müasir formada çalışacaq və bir sıra yeniliklərə imza atacaqdır.
ƏLMANİZ ƏLƏKBƏRLİ
Azərbaycan jurnalistlər VƏ YAZIÇILAR Birliyinin
Üzvü
473