Strategiyada nələr qeyd olunub?- Ekspert açıqladı
Xəbər verildiyi kimi, iyulun 22-də Prezident İlham Əliyev “Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nın təsdiq edilməsi haqqında Sərəncam imzalayıb. Strategiya nələri əhatə edir, qarşıdakı beşillikdə hansı nailiyyətlərin əldə edilməsi hədəflənir? Bu yazıda bu məsələlərdən bəzilərinə toxunacağıq.
Azərbaycan postpandemiya və postkonflikt dövründə keyfiyyətcə yeni olan strateji inkişaf mərhələsinə daxil olur. Bu strateji dövrdə yeni nəsil struktur və institusional islahatlar vasitəsilə iqtisadi artımın müasir və dayanıqlı mənbələrinin hərəkətə gətirilməsi, milli iqtisadiyyatın innovasiya yönümünün və maliyyə dayanıqlığının daha da gücləndirilməsi, ölkə iqtisadiyyatının qlobal dəyər zəncirinə səmərəli inteqrasiya yolu ilə Azərbaycan dövləti öz qüdrətini daha da artırmaqla, yüksək rifah cəmiyyətinin qurulması istiqamətində yeni hədəfləri gerçəkləşdirmək əzmindədir.
Məhz bu məqsədlə “Azərbaycan‒2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər” təsdiq olunmuş və bu prioritetlərə söykənən “2022‒2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası” hazırlanmışdır.
Strategiyanın qeyd olunan nailiyyətlər və qarşıya qoyulan hədəflər haqda bəzi məqamları qeyd etmək istərdik. Bu Strategiyanın reallaşması 2026-cı ilin sonuna ölkə iqtisadiyyatının simasında böyük dəyişikliklərə səbəb olacaq, iqtisadi artım tamamilə yeni keyfiyyət amilləri bazasında formalaşacaq, xüsusilə prioritet sahələrdə artım templəri sürətlənəcək, iqtisadiyyatın və məşğulluğun dayanıqlığı daha da güclənəcəkdir.
Özəl sektorun, o cümlədən mikro, kiçik və orta sahibkarlığın inkişafı yeni və daha səmərəli stimullar və inkişaf mühiti hesabına sürətlənəcək, özəl və xarici investorların ölkə iqtisadiyyatında fəallığı artacaq, qeyri-xammal ixracı genişlənəcəkdir.
Qeyri-neft/qaz sektoruna, xüsusilə ərzaq təhlükəsizliyinin daha da gücləndirilməsini təmin edən, ixrac potensialının artırılmasına və kənd yerlərində rifahın yüksəlməsinə töhfə verən rəqabətqabiliyyətli aqrar istehsal və emalı sənayesinə dövlət dəstəyi və investisiyalar cəlb olunacaq, innovasiyalar, habelə dövlət‒özəl tərəfdaşlığı ilə bu sahədə resurs və xidmət təminatı gücləndiriləcək.
İnsan kapitalının davamlı inkişafı və yeni keyfiyyətə transformasiyası mühiti daha da təkmilləşəcək, milli iqtisadiyyatda innovasiyaların sürətlə mənimsənilməsi üçün zəruri ekosistem formalaşacaq, ölkənin yaşıl enerji məkanına çevrilməsi və ətraf mühitin sağlamlaşması prosesləri sürətlənəcəkdir.İnnovasiyalar təşviq ediləcək, müasir texnoloji həllərin tətbiqi genişləndiriləcək, bu əsasda iqtisadiyyatın effektivlik əsasında inkişafı və rəqabətədavamlılığı təmin olunacaqdır.
Əhalinin sosial müdafiəsi, xüsusilə həssas təbəqələrin sosial təminatı gücləndiriləcək, pensiya sistemində mühüm keyfiyyət dəyişikliyi baş verəcəkdir. Nəhayət, ölkənin sosial-iqtisadi inkişafında tarixi dönüş dövrü və yeni strateji mərhələ olan işğaldan azad edilmiş ərazilərin bərpası və ölkə iqtisadiyyatına reinteqrasiyası əsasında bu regiona böyük qayıdış təmin ediləcəkdir.
Strategiyaya görə, energetika sektorunda tənzimləmə mühiti təkmilləşdiriləcək və liberal bazar prinsipləri tətbiq olunacaqdır. Bərpa olunan enerji mənbələrindən istifadə artırılacaq, enerji səmərəliliyi təmin ediləcəkdir. İqlim dəyişikliyinə qarşı mübarizə məqsədilə ekoloji təmiz nəqliyyat vasitələrindən və digər yaşıl texnologiyalardan istifadə genişləndiriləcəkdir. Nəticədə, energetika sahəsində dövlətin maliyyə yükü azaldılacaq və subsidiyaların mərhələli şəkildə aradan qaldırılması reallaşdırılacaqdır.
Elektrik enerjisi istehsalının qoyuluş gücündə bərpa olunan enerji mənbələrinin payı 2026-cı ilədək 24%-ə çatdırılacaqdır (2030-cu ilədək 30% hədəfinə uyğun olaraq).
Sənəddə qeyd olunan dövrdə bu istiqamətdə müxtəlif tədbirlərin həyata keçirilməsi nəzərdə tutulub. Onlardan biri də "kommunal xidmətlərin vahid informasiya sistemi"nin yaradılmasıdır. Bu sistem 2022-2023 -də başa çatdırılmalıdır.
Bəs bu sistemin reallaşması nələri nəzərdə tutur? Elektron sistemlərin yaradılması üzrə ekspert Osman Gündüz bunu belə görür:
1. Vətəndaşlar bir şəxsi şəxsi kabinet vasitəsilə onlayn olaraq sistemdə bütün kommunal xidmətlər üzrə məlumatlarına nəzarət edir, hər ay üzrə sərfiyyatı izləyir, sayğacdakı məlumatla müqayisə edir.
2. Sistem ancaq ağıllı sayğacların tətbiqini nəzərdə tutur. Ağıllı sayğacda isə nəzarətçilərə ehtiyac olmur, sayğac məlumatları özü oxuyur, özü mərkəzə ötürür. Məlumatın ötürülməsi müxtəlif şəbəkələr, mobil şəbəkə və ya internet üzərindən ola bilər.
3. Ötürülmüş məlumatlar əsasında vahid prinsiplər üzrə “billing” sistemində sərfiyyat üzrə avtomatik hesablamalar aparılır və vahid mərkəzə ötürülür.
4 Hər 3 kommunal xidmətin (elektrik, su və qaz sərfiyyatı ilə bağlı) məlumatları vahid bir mərkəzə yönəlir, burada vətəndaşın şəxsi kabineti formalaşır.
5. Ağıllı sayğaclar şəbəkədə, sistemdə baş verən nasazlıqlar haqqında məlumatları da qeyd edə və ötürə bilir.
6. Tarif dəyişikliyi avtomatik olaraq həyata keçirilir.
7. Xidmətin verilməsi ilə bağlı distant formada məhdudiyyətlər tətbiq etmək mümkündür.
8. Xidmətin verilməsində dayanma olarsa dərhal məlumat ötürülür.
. Qeyri-qanuni müdaxiləyə dərhal reaksiya verə bilir və s”.
Ekspert hesab edir ki, sistem tezliklə reallaşacaq: “Fikrimcə, Azəriqaz, Azərişıq və Azərsu-nu vahid elektron platformada birləşdirməyə cavabdeh olan ASAN və Energetika Nazirliyi qeyd olunan müddətdə layihəni başa çatdıra biləcəklər.
Ümid edirəm formalaşan elektron platforma üzərində, məlumatların toplanması və emalı üzərində, billing sistemləri üzərində, sayğac və xidmətin keyfiyyətinin ölçülməsi üzərində ictimai nəzarət imkanları da yaradılacaq.
Yeri gəlmişkən, Strategiyadan görmək olur ki, ölkədə rəqəmsal transformasiya ilə bağlı indiyədək icrası mümkün olmayan bir çox digər layihələrin reallaşması, uzun illər bu sektorla bağlı qəbulu mümkün olmayan qanunların və konsepsiyaların təsdiqlənməsi də adı çəkilən sənəddə nəzərdə tutulub.
Düşünürəm ki, Strategiyada müxtəlif istiqamətlərdə rəqəmsal transformasiyaya önəm verilməsi, bütün istiqamətlərdə rəqəmsal və innovativ tədbirlərin nəzərdə tutulması kifayət qədər əhəmiyyətlidir”.
Göründüyü kimi, texnologiyaların inkişafı bütün sahələrdə olduğu kimi, kommunal təchicat sahəsində də yeni imkanlar yaradır, bu sahələrdəki idraəermənin effektivliyini artırır, itkiləri azaldır, operativliyi çoxaldır. Azərbaycan əhalisinin vacib kommunal xidmətlərlə fasiləsiz və keyfiyyətli təminatı üçün müasir texnologiyalardan istifadə edilməsinə çalışılır. Bunun nəticəsində tezliklə bu sahədəki problemlərin tam aradan qalxacağına şübhə qalmır.
Elçin Bayramlı
Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə “Vətəndaş cəmiyyəti, hüquqi dövlət quruculuğu” istiqaməti çərçivəsində hazırlanıb