Çinin rəsmi “Sinxua” agentliyi Qlobal Media Forumunda iştirak edən çinli jurnalist Liu Çuçenin Şuşa haqqında geniş oçerkini dərc edib.
Diaspor info xəbər verir ki, oçerkdə qeyd olunub: “Şuşada gəzinti zamanı tarixi məhəllələrin və mədəni abidələrin bərpasında Qarabağa xas olan ənənəvi şəhərsalma planına uyğun yerli tikinti materiallarından və memarlıq elementlərindən istifadə edilməsinin şahidi olduq. Müasir mühəndislik həlləri və enerjiyə qənaət edən texnologiyalarla birlikdə yeni binalarda yerli daş və ənənəvi memarlıq elementlərindən də geniş istifadə olunur. Bu yanaşma yeni tikililərlə tarixi şəhər mühiti arasında kəskin vizual təzadları aradan qaldırır”.
Çinli jurnalist diqqətə çatdırır ki, bərpa işləri zamanı şəhərin ümumi inkişaf planının tələbləri yerinə yetirilir. Turizm infrastrukturu və ictimai binalar mövcud inkişafla ahəngdar şəkildə birləşir və onların hündürlüyü Şuşanın tarixi siluetini pozmur. Eyni zamanda, binaların daxili məkanları rahatlıq və ictimai istifadə üçün müasir tələblərə cavab verir, tarixi görünüşün qorunmasının müasir həyatın ehtiyacları ilə birləşdirilməsinə imkan yaradır.
Oçerkdə bildirilir ki, bərpa olunmuş bir çox tarixi malikanələrə yeni həyat verilib. Bu gün orada muzeylər, etnoqrafik eksponatlar, görkəmli mədəniyyət xadimlərinə həsr olunmuş xatirə evləri və müntəzəm olaraq təşkil edilən muğam konsertləri, xalq sənəti sərgiləri və ziyarətçiləri Qarabağın zəngin mədəni irsi ilə tanış edən digər tədbirlərə ev sahibliyi edən mədəniyyət mərkəzləri yerləşir.
Oçerkdə qeyd olunur: “Belə yerlərdən biri mərkəzi meydanda yerləşən tarixi - XIX əsrə aid Ağa Qəhrəman Mirsiyab oğlunun karvansarasıdır. Bərpadan sonra bina muzeyə çevrilib. “Sinxua” müxbirinin səfəri zamanı orada Azərbaycanın Ümummilli Lideri Heydər Əliyevə və Şuşaya həsr olunmuş fotosərgi keçirilirdi”.
Jurnalist yazır ki, Şuşa üçün köhnə və yeni memarlığın vəhdəti təkcə şəhər və ya mədəni əhəmiyyətlə kifayətlənmir. Bu, silahlı münaqişə dövrünü yaşamış şəhər üçün həm də bərpa və dinc gələcəyin rəmzinə çevrilib.
Müəllif daha sonra qeyd edir: “Sonuncu Qarabağ xanının qızı və XIX əsrin görkəmli Azərbaycan şairəsi Xurşidbanu Natəvanın evinin şəklini çəkərkən girişdəki kiçik bir lövhə diqqətimi çəkdi: “Yoxlanılıb. Mina yoxdur”. Bu qısa yazı Şuşanın yaxın vaxtlara qədər silahlı münaqişə zonasında olduğunu xatırlatdı. Qarabağın bir çox ərazilərində mina təhlükəsi problemi yaşayış məntəqələrinin bərpası və dinc həyatın qaytarılması yolundakı əsas maneələrdən biri olaraq qalır”.
Çinli jurnalist oçerkin sonunda diqqətə çatdırır ki, şəhərdə qalan xarabalıqlar keçmişin faciəvi səhifələrini xatırladır, yaxınlıqda tikilmiş yeni binalar isə sakinlərin şəhərə həyat vermək istəyinə dəlalət edir. Dağılmış divarların və müasir tikililərin belə bir təzad təşkil etməsi təkcə şəhərin bərpası prosesinin deyil, həm də uzunmüddətli sülhə ümidin təzahürüdür.
“Tarixi memarlıq keçmişin xatirəsini qoruyur, müasir binalar isə bu günün ehtiyaclarını ödəyir. Şuşanın təcrübəsi göstərir ki, mədəni irsin qorunması və şəhər infrastrukturunun inkişafı bir-biri ilə ziddiyyət təşkil etmir. Diqqətli və düşünülmüş yanaşma ilə onlar bir-birini tamamlaya, şəhərin tarixi kimliyini qorumasına və eyni zamanda gələcək nəsillər üçün rahat yaşayış mühiti yaratmasına imkan verə bilər.
