VƏTƏNPƏRVƏRLİK, KİŞİLİK NÜMUNƏSİ OLAN ŞƏHİD KOMANDİR.
Vətən doğulub boya-başa çatdığın, suyunu içib çörəyini yediyin bir məmləkətdir. Vətən namus, qeyrətdir, ana-bacıdır, odur ki, Vətən üçün qeyrətli oğullarımız uf da, demədən ölümə gedirlər. Məlum hadisələrdən sonra mənfur qonşularımız tərəfindən 20% torpaqlarımız işğal altında idi. Hamı kimi balaca Sədi də, bunu görür və ürəyində düşünürdü. Sonralar Sədi qərara gəlir ki, elə özü böyüyüb zabit olar və düşməni artilleriya zərbəsi ilə darmadağın edərək torpaqlarımızdan qovar. Bu istək Sədi Musayevi hələ uşaq yaşlarından, uşaqlığın şirinliyini, dadını çıxarmaqdan mərhum etdi. Belə ki, o, tay-tuşlarıyla futbol oynamağı deyil, əlinə silah alaraq, onun dərinliklərini öyrənməyi seçdi. Və bu yolda öz dəst-xəttini qoyub getdi. Sədi Əsil Komandir kimi Şəhid oldu. Adını hərb tariximizə, müasir Azərbaycan Tarixinə Qızıl hərflərlə yazdıraraq Şəhidlik zirvəsinə ucaldı.
Sədi Musayev 1978 ci aprelin 1- də Kəngərli rayonunun Qıvraq qəsəbəsində anadan olmuşdur. 1985-1993-cü illərdə Kəngərli rayonu Qıvraq qəsəbəsi Sirac Əsədov adına 2 nömrəli məktəbdə orta təhsil almışdır. 1996-2000 -ci illərdə Bakı Ali Ümumqoşun Komandirlər Məktəbində motoatıcı ixtisası üzrə təhsilini davam etdirmişdir.
Sədi Musayev 2000-ci ildə leytenant hərbi rütbəsi verilmiş və xidmətini davam etdirmək üçün Mingəçevir şəhərində yerləşən "N" saylı hərbi hissəyə motoatıcı tağım komandiri vəzifəsinə təyin edilmişdir. 2002-ci ildə həmin hərbi hissədə Ordu Korpusu komandirinin müvafiq əmri ilə motoatıcı bölük komandiri vəzifəsinə təyin olunması ilə bərabər Müdafiə Nazirinin əmri ilə baş leytenant hərbi rütbəsinə layiq görülmüşdür. Bundan əlavə, müxtəlif illərdə motoatıcı taborunun qərargah rəisinin şəxsi heyət üzrə köməkçisi, əməliyyat bölməsinin döyüş hazırlığı üzrə baş köməkçisi, döyüş hazırlığı bölmə rəisi, əməliyyat bölmə rəisi - qərargah rəisinin müavini, əməliyyat şöbə rəisinin təlimlər üzrə baş köməkçisi vəzifələrinə təyin olunmuşdur. Sədi Musayev qüsursuz və nümunəvi xidmətlərinə görə ardıcıl olaraq 2005- ci ildə kapitan, 2014-cü ildə mayor, 2019-cu ildə isə polkovnik leytenant rütbəsinə yüksəlmişdir. 2016- cı il aprelin 1-dən 2 -nə keçən gecədən başlayaraq, Ermənistan ordusu qəfildən hücuma keçdi və Azərbaycan Silahlı Qüvvələrinin bölmələri düşmənə layiqli cavab verərək, yerinə otuzdurdu. Hərbiçilərimizlə düşmən arasında gedən şiddətli döyüşlər zamanı Sədi Musayev də, cəbhənin Tərtər, Cəbrayıl və Füzuli istiqamətlərində gedən ağır döyüşlərə qatılmışdır.
Tarixə Aprel döyüşləri olaraq yazılan hərbi əməliyyatlar zamanı Sədi Musayev Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndi istiqamətində gedən şiddətli döyüşlərdə qəhrəmanlıqla vuruşmuşdur. Bu döyüş çox ağır döyüşlərdən idi, necə deyərlər, ölüm-dirim mübarizəsi, Şərəf məsələsi idi. Odur ki, Sədi Musayev döyüşün gedişatı zamanı mərmisinin qurtardığını görüb, özünü itirmir. Əksinə, düşmənə hiddətini qarşı tərəfin zabitləri ilə əlbəyağa döyüşərək bir daha göstərir. Həmin döyüşlər zamanı Sədi daha bir qəhrəmanlıq edərək, tarixə adını əsil komandir kimi yazdıra bilir. Belə ki, o, əsgərlərinin də, olduğu tankın yandığını görərkən, düşünmədən özünü yanar texnikanın üzərinə atır və hərbiçilərimizi yanmaqdan xilas edir.
Məlum Aprel döyüşləri zamanı, Sədi Musayevin də, qəhrəmanlıq göstərdiyi döyüşlərdən sonra Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndi, o cümlədən Lələtəpə yüksəkliyi də, Azərbaycan Ordusu tərəfindən işğaldan azad olunmuşdur.
Ermənistan ordusu Aprel döyüşlərindən dərs almayaraq, 2020- ci il sentyabrın 27-də səhər 06:00 radələrində yenidən dövlətimizə qarşı təxribata əl atdılar. Belə ki, məhz həmin gün Ermənistan Silahlı Qüvvələrinin bölmələri tərəfindən genişmiqyaslı təxribat törədilmişdir və cəbhəboyu zonada yerləşən Azərbaycan Ordusunun mövqeləri və yaşayış məntəqələri iriçaplı silahlar, minaatanlar və müxtəlif çaplı artilleriya qurğularından intensiv atəşə tutulmuşdur, nəticədə dinc əhali və hərbiçilərimiz arasında ölənlər və yaralananlar olmuşdur. Başlayan döyüşlər zamanı Sədi Musayev əməliyyat qrupu zabiti kimi Füzuli istiqamətində gedən döyüşlərdə vuruşurdu. Füzuli rayonunun Yuxarı Əbdürrəhmanlı kəndi istiqamətində gedən döyüşlərdə 28 sentyabr 2020-ci ildə döyüş tapşırığının yerinə yetirilməsi zamanı Şəhid olmuşdur. Polkovnik leytenant Sədi Musayev ll -ci Şəhidlər xiyabanında dəfn olunmuşdur. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetiridiyi üçün AzərbaycanRespublikasının Prezidenti İlham Əliyev 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Sədi Musayev ölümündən sonra"Azərbaycan Bayrağı" ordeni ilə təltif edildi. Azərbaycan Respublikasının Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak edərək şəxsi igidlik və şücaət nümayiş etdirmiş Azərbaycan Respublikası Silahlı Qüvvələri hərbi qulluqçusu polkovnik- leytenant Sədi Musayev ölümündən sonra Azərbaycan Respublikası Prezidentinin 25.12.2020- ci il tarixli Sərəncamına əsasən "Füzulinin azad olunmasına görə", "Azərbaycan Bayrağı ordeni", "Vətən Uğrunda medalı", "Xocavəndin azad olunmasına görə" medalları ilə təltif olunub. Ailəli idi özündən sonra 2 övladı yadigar qalıb.
Sədi Musayev kimi komandirlər bu günün gəncliyi üçün əsil kişilik, vətənpərvərlik nümunəsidir.
ALLAH ŞƏHİDİMİZƏ RƏHMƏT ELƏSİN.
Əlmaniz Ələkbərli
Azərbaycan Yazıçılar Və
Jurnalistlər Birliyinin Üzvü.