İkinci Qarabağ Müharibəsi başlayan kimi xalqımızın bütün qeyrətli oğulları silaha sarılmaq üçün Səfərbərlik idarələrinin qarşısına toplaşdılar. Bu dəfəki müharibə birincidən çox şeylə fərqlənirdi.
Ermənilər anlamırdılar ki, Azərbaycan əsgəri nizamsız orduda deyil, dünyanın ən qüdrətli orduları ilə birgə təlimlərdə iştirak edən və müasir silahlarla tam təchiz olunmuş bir ordunun əsgəridir. Cənubi Qafqazın ən güclü ordusu məhz Azərbaycan ordusudur.
Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə aparılan və Zəfərlə başa çatan Vətən Müharibəsi zaman birinci Qarabağ müharibəsinin şəhidlərinin də, qisası alındı.
Birinci Qarabağ savaşı başlayan kimi Rafiq Eminov da, digər qeyrətli oğullarımız kimi silaha sarılaraq, vətənin müdafiəsinə qalxmışdı.
Şiddətli döyüşlər zamanı Şəhid xəbəri gələn Rafiqin nəşi gətirilmədiyinə görə itgin sayılır.
Şəhid Rafiq Eminovu yaxından tanımaq üçün onun haqqında bildiklərimizi oxucularımıza təqdim edirik:
Eminov Rafiq Cahid oğlu 4 iyun 1973-cü ildə Zaqatala rayonu Suvagil kəndində anadan olub. Orta məktəbi bitirən kimi ordu sıralarına çağırılıb.Əvvəlcə sovet ordusunda, Ukraynada 9 ay xidmət edib. Azərbaycanın Milli ordusu təşkil olunanda doğma respublikaya qayıdıb.Qarabağ uğrunda döyüşlər bsşlayan kimi Rafiq də, ön cəbhəyə gedərək, mərdliklə vuruşub.
1994—cü ilin aprel ayında Ağdam rayonu ərazisində itgin düşüb.
Atasi Cahid Qazıməmməd oğlu Suvagil kolxozunda baş çoban, anası Gülşən Əzim qızı fərdi təsərrüfatçı olublar.
Şəhidimiz Rafiq haqqında onun anası Gülşən xanımla da, xeyli danışdıq:
Rafiq 13 iyun 1991-1992-ci illərə kimi Dnepropetrovsk şəhərində xidmət edib. Sonra Azərbaycana gəldi və özü könüllü olaraq Qarabağa getdi.
Yaxşı Topçu olub.
Rafiq döyüşdən əvvəl təlimlərə qatılıb. Belə ki, Rafiqi 1992-ci il aprelin 4-də əvvəlcə Sumqayıt şəhəri yaxınlığında Nasosnuya, sonra Ağdamın Qərvənd kəndinə aparıblar. Daha sonra Əfətli, Yusifcanlı kəndlərində şiddətli döyüşlər zamanı itgin düşüb.
1992-ci ildə Zaqatalada İcra başçısı bir yığıncaqda söhbət edəndə deyib ki, Eminov Rafiq adlı bir oğlan var. Deyirlər ki, Suvagildən olan bu qəhrəmanımız ermənilərə qan uddurub. Onun başına böyük pul da, qoyulub.
Malış ləqəbli Rafiq Ukraynada xidmətdə olarkən hərbi sirləri gözəl bildiyi üçün ermənilər ondan qorxurdular.
1994-cü ildə aprelin 12-də itgin düşüb. Əsirlərin dəyişdirildiyi zaman bizdə Bakıda olmuşduq.Əsirlərin arasında Rafiqi gördüm deyən olmadı. Oğlum Ukraynadan gəldi ki, Qarabağda döyüşsün. Sonu da, belə oldu.
Mənim 3 övladım vardı. 3 də oğlan idi. Rafiq övladlarımdan ən kiçiyi olub. Rafiq çox intizamli uşaq idi. Məzuniyyətə gəlmişdi, 10 gün dəqiq vaxtı bitən kimi geri hərbi xidmətə gedib.
Ermənilər onun axtarışına çox cəhd etdilər. O, həm döyüşür, həm də Ukraynada bildiklərini yoldaşlarına öyrədirdi.
Vətən müharibəsinin zəfərlə başa çatması bizlərə də, xeyli sevinc bəxş etdi. Övladlarımızın qanı yerdə qalmadı.
Əlmaniz Ələkbərli
Azərbaycan Jurnalistlər və
Yazıçılar Birliyinin Üzvü.