RAFİQ ƏLİMOV VƏTƏN ÜÇÜN CANINI FƏDA EDƏNLƏRDƏNDİR.
Azərbaycan yenicə müstəqillik əldə etdikdən sonra xain qonşuları tərəfində təcavüzə məruz qaldı. Və hələ ayaq üstə dayanmağı öyrənən körpə kimi azyaşlı dövlətimiz məcburən müharibəyə sürükləndi.
Azərbaycanın bütün qeyrətli oğulları hərbi komissarlığın qarşısına toplaşaraq, Vətənin müdafiəsinə qalxdılar. Birinci Qarabağ müharibəsində Zaqatala oğullarının da, özünəməxsus yeri olub.
Təsadüfi deyil ki, Zaqatala batalyonu yaradılıb və döyüşdə seçilən bir heyət olub.
Rafiq Əlimov da, Zaqatalanın qeyrətli oğullarındandır. Zaqatala rayonu Suvagil kəndində dünyaya göz açan qəhrəmanımızı yaxından tanıyaq:
Əlimov Rafiq Rəcəb oğlu 1973-cü il dekabrın 12-də Zaqatala rayonunun Suvagil kəndində anadan olmuşdur. Suvagil kənd orta məktəbini bitirdikdən sonra, bir müddət kənddə qoyunçuluqla məşğul olub.
1992-ci ildə hərbi xidmətə gedib. Goranboy-Beyləqan bölgəsində erməni işğalçılarına qarşı döyüşlərdə fəal iştirak edib.
Döyüşdə göstərdiyi igidliyi haqqında valideynlərinə tez-tez xoş xəbərlər gəlirdi.
1994-cü il aprelin 15-də Beyləqan bölgəsindəki döyüşlərdən birində əbədiyyata qovuşub.
Şəhidin anası Hürü xanımla görüşüb, oğlu haqqında xeyli söhbətləşdik: Rafiq 1992-ci ildə hərbi xidmətə gedib, əvvəlcə Sumqayıt tərəfdə Nasosnuda, sonra Mingəçevir, Beylaqan daha sonra isə Füzulidə xidmət edib.
Daxili qoşunlarda,
Xüsusi təyinatlılarda olub. 1994-cü ildə Füzuli rayonu uğrunda gedən şiddətli döyüşlərdə şəhid olub.
1994-cü il aprelin 15-də Suvagil kəndində dəfn olunub.
Mənim 4-ü oğlan, 2-si qiz olmaqla 6 övladım vardı.
Rafiq oğlanlarımın içərisində ən böyük oğlan idi. Övladlarımın hamısını oxutmuşdum. Rafiq sakit uşaq olub. Çox qohumcanlı idi. Bütün qohumları gəzib, hal-əhval tutar və sonunda anasına baş çəkərdi.
O dövrdə vətəndaş müharibəsi təhlükəsi olan vaxtı Sürətin dəstəsi ilə Mingəçevirdə toqquşma olub. Rafiqə deyiblər ki, öz millətinə atəş aç, Rafiq atəş açmayıb. Çox mərd, qorxmaz bir oğul idi.
Ailədə nümunə göstəriləcək səviyyədə qayda-qanun yaratmışdı.
Belə ki, özündən balaca qardaş və bacılarının. üzərində çox böyük nizam-intizam qoymuşdur.
Şəhidimizin ruhu bu gün şaddır. Ona görə ki, onun uğrunda öldüyü torpaqlar artıq yağı düşməndən azad olub.
Allah Şəhidlərimizə rəhmət eləsin.
Əlmaniz Ələkbərli
Baş Redaktor
366