Müharibələr heç bir dövlətə, heç bir xalqa xeyir gətirmir. Fərqi yoxdur sən qalibsən, vəyaxud məğlubsan, insan itgisi qaçılmazdır.
Azərbaycan xalqı da, öz müstəqilliyi üçün çalışdı və müstəqil respublikasını elan etdi. Həmin dövrlərdə xain qonşumuz olan ermənilər qəfildən torpaqlarımızı işğal etməyə başladı. Elan olunmamış müharibə başlanan kimi bütün qeyrətli oğullarımız silaha sarılmağa başladı. Zaqatalalılar da, müharibə başlanan gündən vətənin müdafiəsinə qalxdılar.
Xəyyam Əhmədov da, Zaqatalanın digər qeyrətli oğulları kimi vətənini müdafiə etmək üçün silaha sarıldı.
Şəhid Xəyyam Əhmədov haqqında bildiyimiz məlumatlarla oxucularımızı da, yaxından tanış etmək istəyirik:
Əhmədov Xəyyam Məcid oğlu 1980-cı il avqust ayının 4-də Zaqatala rayonu Suvagil kəndində anadan olub. 1997-ci ildə Suvagil kənd Şəhid A. Qədirov adına 2 saylı orta məktəbi bitirmişdir. Bir il kəndlərində təsərrüfatda çalışıb.
1998-ci il dekabrın 1-də hərbi xidmətə gedib. Cəbrayıl rayonunun Şınıx kəndı ətrafında ermənilərlə atışma zamanı qaraciyər nahiyəsindən ağır yaralanmış və 1999-cu ilin sentyabrın 5-də gözlərini əbədi yummuşdur.
1999-cu ilin sentyabrın 7-də Suvagil kəndində torpağa tapşırılmışdır.
Suvagil kəndində yaşayan Şəhid Xəyyamın anası Kəlimət xanımla həmsöhbət olduq: Biri qiz üçü oğlan uşağı olmaqla, 4 övladım vardı.
Xəyyam 2-ci övlad olub. İki oğlum əsgər idi. Böyük oğlum Dilqəm Naxçıvanda, Xəyyam isə Gədəbəydə olub. Qardaşlar bir-birini görə bilmədilər.
Xəyyam deyirdi ki, mən əsgərlikdən gəlməyəcəm. O, hərbiçi olmaq istəyirdi.
Ümumiyyətlə Xəyyam çox sakit, mehriban uşaq idi.
Məktəbimizin direktoru Abdurrahman Soltanov deyir ki, Xəyyam çox intizamlı uşaq olub.
Bütün kənd camaatının hörmətini qazanan Xəyyamın bu gün ruhu şaddır, ona görə ki, Qarabağı düşmən tapdağından azad etmişik.
Əlmaniz Ələkbərli
Baş Redaktor.