Birinci Qarabağ savaşı başlayarkən Vətənin bütün qeyrətli oğulları kimi Cəmaləddin də, doğulub boya-başa çatdığı Azərbaycan üçün vuruşmağa hazır olduğunu göstərdi.
Zaqatala rayonundan olan qəhrəman oğulların yaratdığı " Zaqatala Batalyonu" hamı kimi Cəmaləddin Şahmalıyevdə də, döyüşmək həvəsini artırdı.
O da, digər dostları kimi döyüşə, erməni vəhşilərinin dərsini verməyə gedəcəyi günü səbirsizliklə gözləyirdi.
Zaqatala rayonu Suvagil kəndinin igid oğullarının çoxu Qarabağda döyüşür və ad-san qazanırdı.
C. Şahmalıyevi oxucularımızla yaxından tanış etmək məqsədilə onun haqqında bildiyimiz bəzi məlumatları oxucularımızın diqqətinə çatdırmaq istəyirik:
Şahmalıyev Cəmaləddin Musa oğlu 1966-cı il noyabr ayının 16-da Zaqatala rayonunun Suvagil kəndində anadan olub. Zaqatala Kənd Təsərrüfatı Texnikumunun baytarlıq şöbəsini bitirdikdən sonra Sovet ordusunda xidmət edib.
Evli idi, ölümündən sonra bir oğlu yadigar qalıb.
Cəbhəyə, Vətən üçün döyüşməyə könüllü gedib.
Cəmaləddin əsasən Ağdərə rayonunda vuruşub. Rota komandirinin köməkçisi idi.
Cəmaləddin Şahmalıyev dövründə çox məşhur olan
”Qara canavar” kəşviyyat qrupunun fəal üzvü olub.
Bir dəfə ağır yaralanmışdı.
1992-ci il avqustun 12-də Gülyanaq kəndi ətrafındakı döyüşlərdə qəhrəmancasına şəhid olub.
Şəhidin haqqında daha ətraflı məlumat toplamaq üçün onun anasını görmək üçün Suvagil kəndinə yollandıq. Və Cəmaləddinin anası Qızılgül xanımla həmsöhbət olduq: Cəmaləddin Ukraynada əsgərlikdə olub. Əsgərlikdən gələndən sonra Gürcüstana işləməyə getdi, Qarabağ hadisələri baş verən zaman geri gəldi və könüllü olaraq müharibəyə getdi.
Oğlum baxmayaraq ki, ailəli idi, 1 oğlu vardı, yenə də, müharibəyə könüllü getdi.Oğluma dedim ki, getmə azyaşlı körpən var. Cəmaləddin dedi ki, əgər mənə icazə verməsən ömürlük mənim üzümü görməyəcəksən. Mən də, halallıq verdim və cəbhəyə yola saldım.
On övladım vardı 5 qiz, 5 oğlan. Cəmaləddin qardaşlarından ən böyük oğlan idi. Döyüşlərin qızğın vaxtı cəbhədən evə gəldi ki, qardaşı Valehi əsgər yola salsın və özü də, geriyə Ağdama getdi. İki qardaş Ağdamda döyüşdülər. 1992-ci il avqustun 12-də Cəmaləddin şəhid oldu.
Suvagil kəndinin digər döyüşçü oğlu Qədirov Akifgil Ağdamda mühasirəyə düşəndə mənim oğlanlarım onları mühasirədən qurtarıblar. Cəmaləddinin dəstəsinə “Bozqurdlar” deyirdilər. Hərbiçilər susuz qalan vaxtı ermənilərin içərisinə gedib, içməli su tapıb gətirmişdi.
Cəmaləddin deyirdi ki, mən komandir olmaq istəmirəm, əsgər olanda daha yaxşı döyüşürəm.
Ramiz də, digər qardaşları kimi könüllü gedib döyüşə. O da, yaralı gəldi, nə təqaüd nə də ki, heç bir yardım almadı. Dedi ki, “Vətənə borcumu verdim. Ona görə döyüşmədim ki, maddi nəsə alım.”
Cəmaləddin ata anasına çox yaxın olub. Kənd Təsərrüfatı Texnikumunu oxuyub qurtarmışdı.
K-700 tarktorunda işləyirdi, yaxşı məvacib də alırdı. Rauf adlı oğlu bizlərə əmanət qaldı. Onun oğlu evlidir Cəmaləddinin nəvəsi də var.
Ümumiyyətlə isə Cəmaləddin heç nədən qorxmazdı, nə işdə nə də ki, həyatda.
Vətən Müharibəsi Zamanı Cəmaləddin kimi bütün şəhidlərimizi qisası alındı.
Allah Bütün Şəhidlərimizə Rəhmət Eləsin.
Əlmaniz Ələkbərli
Baş Redaktor
368