Birinci Qarabağ müharibəsi başlayan dövrdə Azərbaycan yenicə öz müstəqilliyini əldə etmişdi. Nizamlı ordusu olmadığına görə Vətənin qeyrətli və cəsur oğulları özləri bir yerə yığışaraq, xüsusi batalyonlar yaratdılar. Baxmayaraq ki, silah-sursat sarıdan əziyyət çəkirdik, millətin qeyrətli oğulları əliyalın da olsa cəbhəyə yollanırdılar. Belə cəsarətli oğullardan biri də, Şabanov Şaban Cabbar oğludur. Şəhidimizi oxucularımıza yaxından tanıtmaq məqsədilə onun haqqında bildiklərimizi olduğu kimi yazırıq:
Şabanov Şaban Cabbar oğlu 1974-cu il iyun ayının 2-də Zaqatala rayonu Aşağı Çardaxlar kəndində anadan olmuşdur. Onun haqqında ən yaxşı məlumatları anasından öyrənə biləcəyimizi düşünərək, Şəhidimizin anası ilə görüşdük və xeyli söhbətləşdik.
Anası bu gün də, oğlu haqqında danışanda kövrəlir:
3 yaşında Şabanı kənd baxçasına qoymuşdum. Baxçada müəllimlər onu çox sevirdi, çünki hamıdan əvvəl şeiri əzbərləyirdi. Şaban sağlam, çox tərbiyəli uşaq olub. Ana-atasının sözünə baxan uşaq idi. Şaban 1991-ci ildə Tala kənd orta məktəbini bitirmişdi. Məktəbi bitirdikdən sonra Gəncə Texnologiya İnstitutunun Yeyinti Məhsullar Sənayesinin Mexanizasiya fakultəsinə (qiyabi şöbəsinə) daxil olmuşdur.
1992-ci il senytabrın 30-da 2ci kursda təhsilini yarımçıq qoyaraq hərbi xidmətə getmişdir. Əlibayramlı şəhərində yerləşən hərbi hissədə daxili qoşunlarda bölmə komandiri kimi xidmət etmişdir. O, hərbi xidmətdə olarkən çox cəld idi, komandirlər onu çox sevirdi.
Hal-hazırda komandiri Ənvər Qarayev ilə əlaqəmiz var. O, hər danışanda deyir ki, nece igid, yaraşıqlı oğlan idi.
Komandir ona daha çox etibar etdiyinə görə həmişə öz yanında gəzdirərdi.
1993-cü ildə Zəngilanda Nəcəflər kəndində gedən döyüşlərdə qəhrəmancasına şəhid olub.
Bu gün Aşağı Çardaxlar kənd bağçası Şaban Şabanovun adını daşıyır.
Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə aparılan Vətən Müharibəsi zamanı bütün Şəhidlərimiz kimi Şaban Şabanovun da, qisası alındı.
ALLAH BÜTÜN ŞƏHİDLƏRİMİZƏ RƏHMƏT ELƏSİN.
Əlmaniz Ələkbərli
Azərbaycan Yazıçılar Və
Jurnalistlər Birliyinin Üzvü
413