İnsanlar üçün müxtəlif duyğular və hisslər müsbət və mənfiyə ayrlsa da onların hər birinin öz yeri və hətta yaxşı və pis cəhətləri var. Məsələn sevinc nə qədər gözəl olsa da, həddən artıq çox olanda adamın ürəyinə ziyan edir, hətta aşırı sevincdən ölən kifayət qədər insan var. Yaxud hamının heç də byənmədiyi qorxu hissi əslində insanı bir çox təhlükəli hərəkətlərdən çəkindirir. Məsələn, qorxu olmasa biz elektrik cərəyanına adi bir şey kimi toxunar, ya da daşqın çayı keçməyə cəhd edərik.
Elə bu faktlardan istifadə edib bəzi hisslər ilə bağlı fiirlərimizi bölüşmək istəyirik. İnsanların sevmədiyi hisslərdən biri kindir. Mənfi emosiya kateqoriyasına aid edilən kin hamıda var. Amma çox kinli insanlar ətrafında olan hər kəsə ziyan vurur, lakin onlar elə ən böyük mənəvi xəsarəti özlərinə yetirilər. Psixoloqlar və mütəxəssislər bu emosiyaların düzgün istifadəsinin hətta faydalı olduğunu iddia edirlər. Çünki bu hissləri Tanrı insana verib və onlar həyatımızın bir hissəsinə çevrilir. Psixoloq Nurlan Ağayev bildirir ki, müəyyən qədər kinli olmaq lazımdır. "Əgər insan kin saxlamasa, başına gələnlərdən dərs ala bilməz. Nəticədə hər dəfə eyni səhvləri buraxar. Bu səbəbdən də adətən kin saxlamayan adamlar eyni səhvlərə yol verirlər",- sitat sözügedən psixoloqdandır.
Elə mənfi hisslərdən sayılan və daha çox insanları narahat edən paxıllıq da belədir. Paxıl olmaq lazımdır, lakin həddindən artıq paxıllıq bayaq bəhs etdiyimiz kinə gətirib çıxara bilir. Kinli olmaq isə qeyd etdiyimiz kimi, insanı və haytını məhv edir. Kinlə kirlənən insan qəlbinin qaraldığını, ağıl və fikrində intiqamdan başqa bir şey düşünmədiyini hiss edir. Haqq Təala kin və nifrətin insanları ədalətsizliyə təhrik edən təhlükə olduğunu bildirir və bəyan edir ki, bu hissdən lüzumsuz istifadə cəmiyyətə qarşı ədalətsizlik vasitəsinə çevrilə bilər. Əslində ədalətli olmaq üçün kin və nifrət hissinə qalib gəlmək lazımdır və bu da ciddi səy və cəhd tələb edir. Kin və nifrət insanı xəstə salır, zehini narahat edir. Nifrət, qəzəb, kin, başqalarının əziyyət görməsini istəmək bu kimi hisslər zehni, qəlbi kirlədir, sağlamlığa mənfi təsir göstərir. İnsan qəzəbləndiyi zaman düzgün qərarlar verə bilmir, etməyəcəyi hər şeyi edir. Elə buna görə də qəzəblənən insan saf və təmiz niyyətlə verilən nəsihətləri diqqətlə dinləməli, gözəl və doğru tövsiyyələri qəzəb ucbatından eşitməməzliyə vurmamalıdır.
Kin insana pisliyi təklif edir, lakin yaxşılıqla pislik eyni ola bilməz! Ona görə də insan pisliyi yaxşılıqla dəf etməlidir. Elə gözəl bir atalar sözümüz var ki, “Yaxşılığa yaxşılıq hər kişinin işidir, yamanlığa yaxşılıq ər kişinin işidir”. Qəlbinizin kin və nifrətlə dolmasına icazə verməyin əgər özünüzü bundan azad edə bilirsinizsə bu içinizdəki yaxşılıq hissindən gəlir.
Günay Hüseynova
Naxçıvan Dövlət Universiteti
Jurnalistika ixtisası üzrə II kurs tələbəsi