ZAQATALA SƏHİYYƏSİNİN İNKİŞAFINDA GƏNCLƏRİN ROLU DANILMAZDIR.
Azərbaycanda bütün sahələrdə olduğu kimi səhiyyə sahəsində də, təxirəsalınmaz islahatlar aparıldı, yeni qurumlar yaradıldı. TƏBİB fəaliyyətə başlayandan sonra daha çox müasirliyə gedən qapılar açılmağa başladı. Belə bir məqamda müasir düşüncəli və fikirləri olan gənclərə böyük tələbat yarandı. Respublikanın bir çox tibb müəssisələri kimi Zaqatala RMX-yə də gənc kadrlar üz tutdular. Belə gənclərdən biri də, Zaqatala rayon sakini Hikmət Əfəndiyev oldu. Hikmət Əfəndiyev 2001-2006-cı illərdə Azərbaycan Tibb Universitetinin Stomatologiya fakültəsini bitirib.
2006-2007-ci illərdə təhsilin internatura pilləsini də müvəffəqiyyətlə bitirdikdən sonra 2009-cu ildən Zaqatala RMX-də həkim-stomatoloq kimi əmək fəaliyyətinə başlayıb. Hikmət Əfəndiyevlə gənc həkim-stomatoloq kimi görüşüb, söhbətləşdik və bölgənin həssas olduğunu nəzərə alaraq stomatoloji sahədə öz fikirlərini bildirməsini ondan xahiş etdik:-“bildiyimiz kimi Azərbaycanda stomatologiya sahəsi səhiyyəmizin ən proqressiv və inkişaf etmiş sahələrindən biridir. O da, məlumdur ki, ölkəmizdə stamatoloji xidmət üzrə fəaliyyət göstərən Dövlət və özəl klinikalar, ixtisaslaşmış kabinetlər yetərincədir. Zaqatala RMX-nin stomatoloji kabineti də, inkişaf etmiş tibb müəssisələrindəndir desək, yanılmarıq. Belə ki, fəaliyyətdə olan yerli mütəxəssislərimiz dünyada tətbiq edilən yeni üsul və vasitələrdən, yüksək texnoloji imkanlardan yetərincə yararlana bilirlər. Mən də gənc həkim-stomatoloq kimi iştirak etdiyim xarici ölkələrdə ilk dəfə nümayiş etdirilən yenilikləri işlədiyim müəssisədə maksimum tətbiq etməyə çalışıram. Çalışıram ki, dəvət olunduğum təlimlərdə iştirak edim və qarşılıqlı təcrübə mübadiləsindən yararlanım.
Düşünürəm ki, həkim-stomatoloq kimi vəzifəm təkcə ağız boşluğunun sağlamlığını qorumaqla və dişlərin müayinə və müalicəsi, həm də bərpası ilə bitməməlidir. Bir gənc həkim kimi zonamızda yod çatışmazlığını nəzərə alaraq, diş xəstəliklərinin geniş yayılmasını diqqətdə saxlayaraq, pasiyentlər arasında mütəmadi maarifləndirmə işləri aparmağı da özümə borc bilirəm. Bütün bu kimi xidmətlərim, işlədiyim sahədə yeniliklərin tətbiqinə görə rəhbərliyimiz tərəfindən dəfələrlə mükafatlandırılmışam. Bu təltiflərdən sonra həvəslənməklə yanaşı, məsuliyyətim də birə-beş qat artıb.”
Sevindirici haldır ki, Hikmət Əfəndiyev kimi gənc həkimlərimiz bölgələrdə, rayon mərkəzlərində böyük həvəslə işləyir, öz sahələrində dünyadakı ən son yenilikləri belə əyalətlərdə tətbiq edirlər.
Əlmaniz Ələkbərli
Azərbaycan Jurnalistlər Və
Yazıçılar Birliyinin Üzvü.