MİLLİ QƏHRƏMAN RAMAZAN HEYBULLAH OĞLU CİRİNQOVUN 55 YAŞI TAMAM OLUB.
Bu gün Azərbaycan Respublikasının Milli Qəhrəman Ramazan Cirinqovun 55 yaşı tamam olub. Bu münasibətlə Balakən rayon MKS-nin binasının oxu zalında tədbir keçirilib.
Tədbirdə Balakən RİH aparatının məsul işçisi Hacı Muradov, Balakən rayon polis şöbəsinin rəis müavini Elxan Zamanov, Yazıçılar Birliyinin üzvü Şair Xutra Ramazan, Azərbaycan Yazıçılar Birliyi Şimal-Qərb Regional Bölməsinin sədri Əlmaniz Ələkbərli, Şəhid ailə üzvləri və Milli Qəhrəman Ramazan Cirinqovun ailə üzvləri iştirak ediblər.
Rayonun və şəhidin doğulduğu kəndin də ziyalılarının qatıldığı tədbiri giriş sözü ilə Mehriban Çuxova açıb. Tədbir iştirakçıları ilk öncə Şəhidlərimizin ruhunu bir dəqiqəlik sükutla yad ediblər.
Daha sonra MKS -nin məsul işçisi Mehriban Çuxova milis olmuş şəhid Milli Qəhrəman Ramazan Cirinqovun həyatından ətraflı danışıb. Sonra söz Balakən RİH başçısı aparatının məsul işçisi Hacı Muradova verildi.
Hacı Muradov özü də Vətən Müharibəsi qazisi olduğu üçün bu tədbir haqqında daha dolğun danışaraq belə tədbirlərin keçirilməsini yüksək qiymətləndirib. Sonra söz Balakən rayon polis şöbəsinin rəis müavini Elxan Zamanova verildi.
Elxan müəllim də öz növbəsində Azərbaycanda şəhidlərimizə olan Dövlət qayğısından danışıb:" Ramazan Cirinqov Daxili işlər nazirliyinin işçisi olub. O vaxt da, bu gün də və sabah da əgər dövlətimiz üçün hər hansı bir təhdid vardırsa, qanun pozuntuları, cinayətlkarlıq vardırsa polis dövlətimizin onurğa sütunu olaraq həmin yerdə vardır və lazım olduqda öz şirin canını da bu dövlət üçün fəda etməyə hazırdır. Bu həmişə belə olub və gələcəkdə də belə olacaqdır.
Ramazan Cirinqov da Dövlət sərhədinin pozulması və cinayətkarların burada olması xəbərindən sonra onlarla amansız mübarizə aparan zaman şəhid olub. Qarşısında baş əyir və bütün şəhidlərimizi hörmətlə anırıq.
Daha sonra söz Şair Xutra Ramazana verilib. Ramazan müəllim uzun müddətdir ki, şəhidlərimizə həsr olunan şeir və poemalar yazır. Xutra Ramazan öz çıxışında şəhidlərimizə həsr olunmuş şeirlərini də səsləndirib.
Sonra söz Azərbaycan Yazıçılar Birliyi Şimal-Qərb Regional Bölməsinin sədri Əlmaniz Ələkbərliyə verilib:" belə tədbirlərin keçirilməsini çox vacib və əhəmiyyətlidir. Belə ki, şəhidlərimiz tez-tez anılmalıdır, onların haqqında danışılmalıdır. Belə olan zaman onların ruhları da şad olur.
Torpaq, Ana Vətən, bunların hamısının cəmləşdiyi bir Dövlət vardır. Cirinqov Ramazan Heybullah oğlu da məhz bu dovlətin yolunda öz şirin canından keçərək Milli Qəhrəman oldu. Onun doğmaları bizlərin hər birindən bir addım öndədirlər, ona görə ki, onların Şəhid ailəsi kimi bir qürurverici titulları vardır. Bu titulu onlara Ramazan Cirinqov bəxş edib.
Daha sonra söz rayon və kəndin digər ziyalılarına Maqsud Bazarova, Hacı Cirinqova və şəhidin adını daşıyan gənc Ramazan Cirinqova verildi. Danışanların hər biri onun necə cəsur, qorxmaz olduğundan və ölümün üzünə dik baxmasından danışıblar. Sonra Milli Qəhrəman haqqında hazırlanmış videoçarxa baxış keçirilib.
Sonda şəhidin ailə üzvlərinin də iştirakı ilə çay süfrəsi arxasında söhbət davam etdirilib və sonda xatirə şəkli çəkdirilib.
Əlmaniz Ələkbərli
Baş redaktor.