Xaqani Qayıblının 60 illik yubileyi qeyd edilib
Martın 16-da Beynəlxalq Muğam Mərkəzində Azərbaycan Yazıçılar Birliyinin üzvü, Estoniyada yaşayan şair, tərcüməçi, publisist, ictimai xadim, professor, Estoniya-Azərbaycan Cəmiyyətinin sədri Xaqani Qayıblının 60 illik yubileyi keçirilib.
Tədbirə gələn qonaqları salamlayan yubilyar Xaqani Qayıblı Azəraycan ədəbiyyatını, Azərbaycan mədəniyyətini xaricdə, uzaq Baltik dənizi sahillərində təmsil etməyin məsuliyyətli və çətin iş olduğunu bildirib. Daha sonra sözü çıxışçılara verib.
Diasporla İş üzrə Dövlət Komitəsi sədrinin birinci müavini Valeh Hacıyev yubilyarın Ulu Öndər Heydər Əliyevin “Azərbaycançılıq” məfkurəsinə sadiq bir insan, fədakar bir vətəndaş kimi ölkəmizin xaricdə təbliği istiqamətində usanmadan çalışdığını qeyd edib, xaricdə yaşayan azərbaycanlıların dövlət başçımız cənab İlham Əliyevin ətrafında sıx birləşdiyini diqqətə çatdırıb. Komitə sədrinin müavini Xaqani Qayıblının Azərbaycan diasporunun inkişafında xidmətlərinə görə “Tərəqqi” medalı ilə təltif olunduğunu və ona bu medalın Dünya Azərbaycanlılarının V Qurultayında (Zəfər Qurultayı) təqdim olunduğunu yada salıb, bunun dövlətimiz tərəfindən yubilyara, onun yaradıcılığına, diaspor fəaliyyətinə göstərilən diqqət və qayğı adlandırıb. Daha sonra Komitə sədrinin müavini yubilyara “Diaspor fəaliyyətində xidmətə görə” medalını təqdim edib.
Milli Məclisin Mədəniyyət komitəsinin sədri, millət vəkili Fazil Mustafa Xaqani Qayıblınının istər diaspor fəaliyyəti, istərsə də ədəbi yaradıcılıq sahəsində böyük işlər gördüyünü bildirib, Vətənimizi xaricdə layiqincə təmsil edən şəxslərin ölkəmizdə tanıdılmasının önəmindən danışıb.
Estoniyanın Azərbaycandakı diplomatik nümayəndəliyinin rəhbəri Yaak Lensment Xaqani Qayıblının yaradıcılığının Estoniyada da yüksək qiymətləndirdiyini tədbir iştirakçılarının diqqətinə çatdırıb.
Xaqani Qayıblını təbrik edən Azərbaycan Mətbuat Şurasının sədri, AYB-nin sədrinin müavini Rəşad Məcid onun bədii və elmi yaradıcılığı haqqında danışıb. Daha sonra yubilyara Azərbaycan Yazıçılar Birliyi adından fəxri diplom təqdim olunub.
Milli Məclisin deputatı Aydın Hüseynov, Yazıçılar Birliyinin üzvü, yazıçı Məti Osmanoğlu, publisist Çiçək Mahmudqızı və digərləri çıxışlarında Xaqani Qayıblının Azərbaycan ədəbiyyatını və mədəniyyətini ölkəmizin hüdudlarından kənarda layiqincə təmsil etdiyini bildirib, ona yaradıcılığının və ömrünün yeni mərhələsində uğurlar arzu ediblər.
Yubilyar Xaqani Qayıblı yaradıcılığına verilən qiymətə, göstərilən diqqət və qayğıya görə tədbirin təşkilatçılarına və iştirakçılarına təşəkkür edib.
Sonda incəsənət ustalarının ifasında muğam, xalq musiqiləri, aşıq mahnıları səsləndirilib.
Qeyd edək ki, Xaqani Qayıblı Estoniyanın 400 illik Tartu Universitetinin professoru, universitetin Türk Dili Mərkəzinin müdiridir. Dünya dilçiliyində Fin-Uqor və Türk-Tatar dilləri arasındakı qohumluq əlaqələrini araşdıran ilk azərbaycanlı alimdir. 2000-ci ildə Estoniya hökuməti tərəfindən Türkiyə və Estoniya arasında diplomatik və mədəni əlaqələrin inkişafında göstərdiyi xüsusi xidmətlərinə görə fəxri Estoniya vətəndaşlığı alan ilk türkdür.
Əsərləri eston, gürcü, rus, latış, alman dillərinə və tatar, qazax, qaqauz, Türkiyə türkcəsinə çevrilib. O, Dünya Azərbaycanlıları Konqresinin İdarə Heyətinin sədr müavini, Estoniya-Azərbaycan cəmiyyətinin sədridir.