İCBARİ TİBBİ SIĞORTA ÜZRƏ DÖVLƏT AGENTLİYİ ÖLKƏ BAŞÇISININ APARDIĞI UĞURLU SİYASƏTƏ KÖLGƏ SALMAQ İSTƏYİR?
Sevimli Prezidentimiz İlham Əliyev qəbul
etdiyi qərarlarla, xalqın rifahı, rahatlığ üçün
deyir ki, xəstələr həkimini və müayinədən
keçmək istədiyi tibb müəssisəsini seçməkdə
sərbəstdir, İcbari Tibbi Sığorta Üzrə Dövlət
Agentliyinin rəhbərliyi isə onun tamam əksinə deyir.
Şimal-qərb bölgəsindən olan xəstələri niyə məhz Şəkiyə göndərirlər? (olmaya bu da Manopolyadır?)
Məlum olduğu kimi TƏBİB yarandığı gündən faktiki olaraq əvvəlki səhiyyə nazirliyinin funksiyalarını yerinə yetirməyə başladı. Ancaq ondan əvvəl İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi də yaradıldı ki, bu da insanların pulsuz səhiyyə xidmətlərindən yararlanması üçün xeyli işlər gördü. İş o yerə gəlib çatdı ki, müasir avadanlıqlarla daha çox təmin olunmuş özəl tibb müəssisələrində də sığortanın göndərişi ilə müayinə və müalicə, hətta cərrahi əməliyyatlar belə mümkün oldu, əlbəttə ki, əgər bu Dövlət tibb müəssisələrində mümkün deyildirsə, göndərişlə özəl tibb müəssisələrinə göndərilirdi.
Bu günlərdə Azərbaycanın Şimal-qərb bölgəsində qəribə hallar baş verməyə başlayıb. Belə ki, Qax, Zaqatala və Balakən rayonlarından olan xəstələri MRT-dən keçmək üçün Şəki şəhərinə göndərirlər. Bu barədə əvvəlcə Zaqatala və Balakən rayonlarından olan xəstələrin, daha sonra isə Qax rayonundan olan xəstələrlə söhbət etdik. Mənzərə çox acınacaqlıdır, desək yanılmarıq. Xəstələr deyir ki, əvvəlcə bizə dedilər ki, yetmiş yaş üzərindən olan xəstələr Zaqatala vəyaxud Balakəndə özəl tibb müəssisələrinə göndəriləcəkdir. Daha sonra insanların kütləvi narazılığını nəzərə alaraq, bu yaş həddini endirdilər altmış yaş üzərinə. Doğrusu bu qanunu kim verib, mənə aydın deyil, çünki Cənab Prezidentin qəbul etdiyi qanunlarda yazılıb ki, xəstə özü tibb müəssisəsini seçə bilər. Yaxşı onda buradan nə başa düşək, belə çıxır ki, Zaur Əliyev Prezident İlham Əliyevin qəbul etdiyi qərarlara qarşıdır? Düzünü desək heç inanmağımız gəlmir ki, bu belə olsun, ancaq əməli işlər bunun məhz belə olduğunu göstərir. Oxucularımıza daha aydın olsun deyə bildirmək istəyirəm ki, Balakəndən Şəkiyə yüz kilometrdən çox məsafə vardır. Hamıya məlumdur ki, MRT-yə getmək istəyən pasiyent dişini çəkdirməyə getmir, yəni daha çox belində, başında daha ciddi problem olan insanlar bu müayinə üsuluna göndərilir və həm də bu həkim göndərişi ilə edilir. Belə çıxır ki, Balakən rayonundan olan xəstə iki yüz kilometr məsafə qət etməlidir ki, MRT müayinəsindən keçsin? Bəs bu xəstə ora hansı nəqliyyat vasitəsi ilə getməlidir? Ən azından Şəkiyə gediş-gəliş üçün 100 azn xərci çıxacaq xəstəyə bu azmış kimi Şəkidə belə bir cavab da, verirlər ki, bəs xəstə sayının çox olması üzündən müayinə kağızını sizə bir neçə gündən sonra verə biləcəyik, yəni bir müayinə üçün 400 kilometr məsafə qət etməlidirlər?. Hələ bu harasıdır, daha sonra xəstəyə verilən kağız parçasında nə hansı xəstəxanada müayinə olunduğu yazılır, nə də ki, möhür vurulur. Yaxşı bəs xəstəyə səhv diaqnoz qoyularsa onda pasiyent necə sübut etsin ki, Şəkidə RMX-də müayinədən keşib? Aldığımız məlumata görə artıq pasiyentlərdən bir neçəsi əməliyyata getməzdən əvvəl yenidən özəl tibb müəssisələrində MRT olunduqdan sonra məlum olub ki, xəstəyə qoyulan diaqnoz da səhv olub. Əlbəttə bu inandırıcıdır, çünki bir müəssisənin vəyaxud bir MRT aparatının bəlli bir gücü var, yəni bir gündə o 24 saat dayanmadan işləyərsə mütləq nəyisə səhv göstərə bilər. Güman ki, Şəki şəhərindəki MRT aparatının dili olsaydı insanlara deyərdi ki, gecə saat 02-00-da sizlər evinizdə yatdığınız kimi mən də istirahət etməliyəm, əks təqdirdə bütün cihazlarım qızıb və hər şeyi səhv göstərə bilər. Bizi maraqlandıran əsas sual budur, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyini buna məcbur edən nədir, bəlkə də kimdir? Əgər söhbət maddi tərəfdən gedirsə düşünürük ki, onlar üçün heç bir fərqi yoxdur, Dövlət vəyaxud özəl tibb müəssisələri, pulunu ödəyən Dövlətimizdir. Əgər maraq Dövlət səhiyyə müəssisələrəində daha çox dövriyyə olmasını istəyiriksə onda Dövlət xəstəxanalarında MRT aparatlarını daha çox və hər rayonda quraşdırın. Yoxsa sizin qaranlıq olan maraqlarınız üzündən insanlara zülm verməklə onları dövlətdən narazı salmaq, Dövlət başçısının apardığı uğurlu səhiyyə islahatlarına kölgə salmaqdan başqa bir şey deyildir. Bu gün Qax, Zaqatala və Balakən rayonlarından yüzlərlə insan MRT müayinəsindən keçmək üçün yerli RMX-rə müraciət etmələrinə baxmayaraq heç bir müsbət cavab ala bilmirlər. Qaynar xəttə zəng edib şikayət edən bir nəfərə Şəki şəhərindən müsbət cavab gəlib, ona da on gün sonraya növbə çatacağı deyilib. Zaqatalada bir neçə özəl tibb müəssisəsində MRT aparatı olduğu halda xəstələrə bir neçə ay növbə gözləməyi təklif edirlər. Xəstələr haqlı olaraq deyir ki, bəlkə həmin vaxta qədər mənim xəstəliyim daha da ağırlaşacaqdır?! O da hamıya gün kimi aydındır ki, heç kim keyfindən MRT-yə getmir və əsasən əhalinin maddi cəhətdən aşağı təbəqədən olan insanları tibbi sığortadan yararlanmaqla belə bahalı müayinədən keçmək istəyirlər. İmkanı yaxşı olan insanlar daha çox xarici ölkələrdə, ən pis halda isə özəl tibb müəssisələrində müayinə olunurlar. Belə çıxır ki, əhalinin maddi imkanları aşağı olan təbəqələrindən olan xəstələri bilərəkdən incidirlər ki, sosial partlayış olsun? Təsəvvür edin sevimli Prezidentimiz İlham Əliyev qəbul etdiyi qərarlarla, xalqın rifahı, rahatlığı üçün deyir ki, xəstələr həkimini və müayinədən keçmək istədiyi tibb müəssisəsini seçməkdə sərbəstdir, İcbari Tibbi Sığorta Üzrə Dövlət Agentliyinin rəhbərliyi isə onun tamam əksini deyir.
Sualım İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyətinin sədri Zaur Əliyev cənablarınadır. Əgər doğrudanda bu problemlərdən xəbəriniz yoxdursa jurnalist kimi sizi bundan agah edirik. Əks halda belə çıxır ki, Azərbaycan xalqına Zəfər yaşadan Ali Baş Komandan, Prezident İlham Əliyevin apardığı uğurlu siyasətə qarşı çıxırsınız? Cənab Sədr özəl tibb müəssisələrində MRT müayinəsi təxminən 100 azn civarında olur. Sizin Zaqatala-Balakən xəstələrinə göstərdiyiniz sığorta hesabına pulsuz tbbi müayinə isə iki yüz azn-ə başa gəlir. Belə ki, iki yüz kilometr məsafəni iki dəfə qət edən xəstənin nəqliyyat xərci təxminən bu qədərdir. Belə çıxır ki, xəstələr özəl tibb müəssisəsində 100 azn-ə edə biləcəyi müayinəni sizin tapşırığınızdan sonra Dövlət tibb müəssisəsində iki yüzə edir?! Niyə? Buna Sizi kim məcbur edir?
Bəlkə icbari tibbi sığorta insanların nəqliyyat xərclərini də ödəyir? Cənab Zaur Əliyev Şimal-qərb bölgəsində RMX-dən məlumat alsanız burada toplaşan xəstələr haqqında sizə ətraflı məlumat verə bilərlər, ən azından gündə neçə xəstənin müraciət etdiyini və onun böyük bir hissəsinə niyə imtina gəldiyini anlayacaqsınız.
Bölgədə yüzlərlə insan sizin ədalətli qərar verəcəyinizə ümid edirlər.
Əlmaniz Ələkbərli
Baş Redaktor
Azərbaycan Yazıçılar Birliyi və Jurnalistlər Birliyinin üzvü,
AYB Şimal-qərb Bölgəsinin Sədri.