13.05.2024-cü il tarixində 129 nömrəli tam orta məktəbdə məktəbdə “Yaşıl dünya naminə həmrəylik ili” ilə əlaqədar “Dəyərlərimizi qoruyaq” layihəsi çərçivəsində “Azərbaycanı tanıyaq və tanıdaq” adlı festival keçirilmişdir. “Azərbaycanı tanıyaq, tanıdaq” adlı festivalın keçirilməsində əsas məqsəd şagirdləri ölkəmizin tarixi, coğrafiyası, ədəbiyyatı, mədəniyyəti, folkloru, milli mətbəxi barədə dərindən məlumatlandırmaq, onları milli-mənəvi dəyərlərə sadiq ruhda yetişdirmək, həmçinin vətənpərvərlik tərbiyəsini möhkəmləndirmək, COP29-un əhəmiyyəti haqqında məlumatlandırmaq və milli iftixar hissini aşılamaq idi.
Festival qonaqların, direktorların və təhsil işçilərinin “Yaşıl dünya naminə həmrəylik ağacı” əkmələri və şagirdlərin iməcilik işləri aparmaları ilə açıq elan olunmuşdur. Daha sonra Vətən uğrunda canlarından keçən şəhidlərimizin xatirəsini yad etmək məqsədilə məktəbin həyətində şəhidlərin abidəsi üzərinə gül dəstələri düzülüb Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Festival çərçivəsində, həmçinin Azərbaycanın iqtisadi bölgələrini əks etdirən sərgilərə baxış keçirilmişdir.
Şagirdlər Azərbaycanın tarixi şəxsiyyətlərinin, tanınmış simalarının obrazlarını da canlandırdılar. Fətəli Xan, Əhmədiyyə Cəbrayılov, Xurşudbanu Natavan, Gəncə xanı, Şəki xanı və digər tarixi şəxsiyyətlərin obrazları xüsusi yer tuturdu. Məktəblilərin canlandırdıqları obrazlar arasında şəhid general-mayor Polad Həşimovun, Xocalı həqiqətlərini dünyaya çatdırmış jurnalist Çingiz Mustafayevin, xeyriyyəçi Hacı Zeynalabdin Tağıyevin də obrazları yer almışdır. Festival çərçivəsində müxtəlif səhnəciklər, milli musiqi və rəqslərimiz, o cümlədən folklor nümunələri, şagirdlərin əl işlərindən ibarət tarixi abidələrin maketləri nümayiş olunmuşdur.Bununla yanaşı, “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində ekoguşələr və şagirdlərin çəkdikləri rəsmlər sərgilənmişdir.
Əməkdaşlıq çərçivəsində sağlamlıq imkanları məhdud uşaqlar üçün 12 nömrəli xüsusi internat məktəbinin şagirdlərinin əl işlərinin sərgisinə baxış keçirildi.