BALAKƏN ŞƏHƏR BİR NÖMRƏLİ KÖRPƏLƏR EVİ-UŞAQ BAĞÇASI TƏKCƏ RAYONDA DEYİL BÖLGƏDƏ DƏ BİR NÖMRƏDİR.
Körpələr evi-uşaq bağçası deyiləndə istər-istəməz insanın çöhrəsində təbəssüm yaranır. Dünyada elə bir varlıq tapmazsan ki, körpəsini sevməsin. Respublikamızın çox yerində körpələr evi-uşaq bağçaları əsasən sovetlər birliyi dövründə tikilənlərdir, desək yanılmarıq.
Əsasən də bölgələrdə bu tip bağçalara daha çox rast gəlinir. Bütün bunlarla yanaşı təkcə paytaxt Bakı şəhərində deyil, Respublikanın hər yerində müasir dövrün tələblərinə tam cavab verən körpələr evi-uşaq bağçaları da yetərincə vardır. Heydər Əliyev fondunun tikdirdiyi Körpələr evi-uşaq bağçaları isə öz gözəlliyi ilə daha çox seçilir.
Bundan əlavə Elm və Təhsil nazirliyinin xətti ilə tikilən bağçalarımız da göz oxşayır. Yaradılan şəraitə görə paytaxt Bakı şəhərindəki bağçalardan heç də geri qalmayan, təkcə rayonda deyil, bütün bölgədə seçilən bağçalardan biri də, Balakən şəhər bir nömrəli körpələr evi-uşaq bağçasıdır. Sözügedən körpələr evi-uşaq bağçasının binası da arxitektura baxımından şəhərə xüsusi gözəllik verir.
Beş qrupdan ibarət olan körpələr evi-uşaq bağçasında doxsanbeş körpənin təlim-tərbiyəsi ilə bir musiqi rəhbəri və doqquz tərbiyəçi məşğuldur. Sözügedən körpələr evi-uşaq bağçasının uşaqları mütəmadi olaraq rayonda keçirilən müxtəlif tədbirlərdə öz bilik və bacarıqlarını göstərirlər. Əlbəttə ki, bunun üçün təhsil sektorunun bağçalarla işləyən metodistlərinin də rolunu danmaq olmaz.
Bəzi rayonlarda bu sahədə çalışan metodistlərin işi elə də nəzərə çarpmır, ancaq elə rayonlarda vardır ki, həqiqətən də bağça ilə təhsil sektorunun işi ideal vəziyyətdədir. Balakən rayon Təhsil sektorunun Körpələr evi-uşaq bağçaları ilə işləyən metodisti Qumru Daanovanın bağçalarla birgə işi də sözün hər mənasında nümunə göstəriləcək səviyyədədir. Bu günlərdə Balakən şəhər bir nömrəli körpələr evi-uşaq bağçasında “Ətraf aləmlə tanışlıq” adlı açıq məşğələ keçirilib ki, bu da bu sahədə görülən işlərdən biridir.
Tədbirdə diğər bağçaların müdirləri və Balakən rayon təhsil sektorunun metodisti Qumru Daanova da iştirak edib. Balakən şəhər bir nömrəli körpələr evi-uşaq bağçasının müdiri Piriyeva Günel Carullah qızı da rayonda sayılıb-seçilən bağça müdirlərindəndir. Günel Piriyeva gənc bir xanım kimi rəhbərlik etdiyi bağçaya daha çox müasirlik gətirməyə çalışıb. 2016-cı ildən Balakən şəhər bir nömrəli körpələr evi-uşaq bağçasına rəhbərlik edən Günel xanımın vətənpərvərliyi tədbirlərdə çıxış edən körpələrin fəallığında da hiss olunur.
Bütün bunları onların sosial şəbəkələrdə paylaşdığı paylaşmalarda açıq-aydın görmək olar. Və sosial şəbəkələrdə sözügedən bağçanın tədbirlərinə baxarkən bir daha əmin olursan ki, Balakən şəhər bir nömrəli körpələr evi-uşaq bağçası təkcə rayonda deyil bölgədə də “Bir” nömrəli bağçadır.
Balakən rayon təhsil sektorunun müdiri, şəhid bacısı Mehparə Murtuzəliyeva təyin olduğu qıssa müddətdə təhsil sahəsində xüsusi bir canlanma da başlayıb. Sanki uzun müddət ciddi, savadlı, öz peşəsinə və şəxsiyyətinə hörmət edən müdir üçün qəribsəyən təhsil işçiləri öz işlərinə daha məsuliyyətlə yanaşmağa başlayıblar.
Diaspor.info
Balakən
https://youtu.be/iGevx2niPJY?si=EDkXAbEvQLVarSQn