ŞƏHİD HÜSEYN XANMƏMMƏDOV İŞĞAL ALTINDA OLAN SONUNCU ƏRAZİLƏRİMİZİ AZAD EDƏNLƏRDƏNDİR.
DOĞUM GÜNÜNDƏ TORPAĞA TAPŞIRILAN ŞƏHİD HÜSEYN MAİS OĞLU XANMƏMMƏDOV ANTİTERROR ƏMƏLİYYATLARI ZAMANI İLK ŞƏHİDLİK ZİRVƏSİNƏ UCALANLARDANDIR.
Azərbaycanın dilbər güşələrindən biri olan Zaqatala rayonu antiterror əməliyyatları zamanı 234-cü şəhidini də verib. Zaqatalanın sonuncu şəhidi Xanməmmədov Hüseyn Mais oğlu 20 sentyabr 1985-ci ildə Zaqatala rayon Qımır kəndində doğulub.
1993-2004-cü illərdə Qımır kənd tam orta məktəbində təhsil alıb. 2004-2006-cı illərdə Mingəçevir şəhərindəki “N” saylı hərbi hissədə müddətli həqiqi hərbi xidmət keçib. Hərbi xidmətini başa vurduqdan sonra bir müddət ticarət obyektlərində fəhlə işləyib. 2016-cı ildə MAHHXHQ kimi hərbi xidmətə başlayıb.
Vətən Müharibəsində aktiv döyüşlərdə iştirak edib və Talış kəndi və Suqovuşanda olduğu zaman ağır yaralanıb, qulağının pərdəsi deşilib. Vətən Müharibəsi bitənə kimi hospitalda müalicə alıb. Daha sonra 2023-cü ilin iyun ayında qulağı eşitmədiyindən əməliyyat edilib. Qismən sağalan kimi yenidən xidmətə qayıdıb.
20-09-2023-cü ildə Xankəndiyə yollanan maşın karvanı Ağdam rayonu Sırxavənd kəndi yolunda yağı düşmən tərəfindən mərmi atəşinə tutulub. Və Hüseyn Xanməmmədovun sürdüyü zirehli texnika da vurulub, ilk beş hərbiçimiz həmin vaxtı şəhid olub.
Şəhid Xanməmmədov Hüseyn Mais oğlu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin imzaladığı sərəncamlarla 29-12-2020-ci ildə Suqovuşanın azad olunmasına görə medalı, 18-12-2020-ci ildə Cəsur Döyüşçü medalı, 07-11-2023-cü ildə isə Vətən Uğrunda medalı və “3-cü dərəcəli Vətənə Xidmətə görə ordeni ilə təltif olunub.
Şəhid Xanməmmədov Hüseyn Mais oğlu haqqında daha ətraflı məlumat almaq üçün Zaqatala rayon Qımır kəndinə yollandıq. Şəhidimizin anası Gülnar xanımla görüşdük, ondan şəhidimiz haqqında bizə də ətraflı danışmasını istədik:”mənim oğlum uşaqlıqdan çox sakit, ağıllı və tərbiyəli olduğuna görə hər yerdə, məktəbdə, məhəlləmizdə böyük hörmət sahibi idi, onu hamı çox istəyirdi.
Orta məktəbi yaxşı oxumasa da tərbiyəsinə görə müəllimləri və şagird dostları tərəfindən sevilirdi. Hərbi xidmətini başa vurduqdan sonra bir müddət ticarət obyektlərində fəhlə işlədi. Daha sonra 2016-cı ildə MAHHXHQ kimi xidmətə başladı. Uşaqlıqdan makaron, yarpaq dolması və maxaranı sevirdi. Hər dəfə kəndə gələndə deyirdi ana maxaranı sal gəlirəm.
Hüseyn çox vətənpərvər oğul idi. İki övladımız olub, Hüseyn və Mayisə, o bacısını da çox sevirdi. Hərbiyə geri dönüş edəndə artıq ailəli idi. Öz kəndimizdən olan ağıllı bir qızla Turac xanımla ailə qurdular. Onların iki övladı vardır, Maisin 15, Ümidin isə 4 yaşı vardır. Ailəsinə, övladlarına, ata-anasına və bacısına qarşı çox həssas idi. Oğlum Vətən Müharibəsində iştirak edirdi, ağır yaralanmışdı.
Bir müddət müalicə aldı, daha sonra müqaviləsinin vaxtı bitmişdi və bizim təkidimizə baxmayaraq o hərb sahəsindən ayrılmadı. Deyirdik ay oğlum sən vətənə borcunu vermisən, yaralanmısan daha bəs deyil? Hüseyn deyirdi ki, hələ tam bitməyib, ərazilərimiz tamam azad olmayanadək hiyləgər düşmənə etibar etmək olmaz.
Odur ki, yenidən hərbiçi kimi Vətənə xidmətə başladı. 17-09-2023-cü ildə evimizdən sonuncu gedişi oldu. Belə ki, əməliyyatdan sonra on günlük məzuniyyətə gəlmişdi. Yaşından asılı olmayaraq mənimlə uşaq kimi davranar, qucaqlayıb yanımda yatardı. Oğlum həddindən artıq mehriban idi. 19-09-2023-cü ildə döyüşdən yarım saat əvvəl danışdıq.
Dedim ki, ay oğlum səsin çox zəif gəlir, xəstələnmisən? Dedi ay ana nə yaxşı zəng etdin, birazdan mənə zəng çatmayacaq. Dedim ki, sənə kontur göndərim, sən dağda-daşdasan vaxtın olmaz, bəs biz necə əlaqə saxlayacağıq? Dedi ki, ana özüm zəng edəcəyəm, biz yarım saatdan sonra toya gedirik. Mən də əvvəllər eşitdiyim üçün toyun nə olduğunu anladım. Həmin günü bütün gecəni yata bilmədim.
Sən demə biz danışandan yarım saat sonra oğlum şəhidlik zirvəsinə ucalıb. Və bütün kənd bilirmiş sadəcə məndən gizlədiblər. Atası rusiyadan mənə zəng edib dedi ki, oğlumuz yoxdur, artıq Hüsü balamız yoxdur o, şəhid olub. Həmin an bütün dünyam qaraldı, ölüb-dirildim. Axı o mənim ilkim idi, tək oğlum idi, məni hamıdan çox sevirdi.
Bilirsinizmi, o bilirdi ki, mən tək qalıram, çünki atası çörəkpulu qazanmaq üçün rusiyaya gedərdi, elə bu gün də ordadır. Hüseyn də mənim tək qalaraq qorxduğumu bilirdi, qonşumuzda bir qız vardır, ona bərk-bərk tapşırardı ki, anamı tək qoyma, onun yanında qal.
Oğlum əslində vətənpərvərlik nümunəsi idi, hər dəfə xidmətdən kəndimizə gələndə qapıdaca görüşüb şəhidləri ziyarətə gedərdi. Deyirdi ki, şəhid olmaq hər adama nəsib olmur. Tez-tez deyərdi ki, mən də şəhid olacağam, bacısı ağlayırdı, deyirdi qardaş axı niyə elə deyirsən? Deyirdi ki, sən şəhid bacısı olacaqsan, səni hamı tanıyacaq və hörmət edəcəkdir. Bax belə ay oğlum, atalar demişkən niyyətin hara, mənzilin də ora.
Dedi və sonunda da şəhid oldu. Əlbəttə ki, mən də belə qəhrəman oğulla fəxr edirəm, qürur duyuram ki, məhz Hüseynin anasıyam. Vətənimə mənim də canım qurbandır.”
Daha sonra Gülnar ananı tək qoymayan qohum və qonşuları Zeynəb Cumayeva və Vüsalə Süleymanova da, söhbətə qoşuldular. Zeynəb xala Hüseyni əllərində böyütdüklərini deyərək, onun çox tərbiyəli, sakit təbiətli, böyük-kiçiyin yerini bilən bir uşaq olduğunu xüsusi vurğuladı.
Vüsalə müəllimə Qımır kənd tam orta məktəbində tarix müəllimi işlədiyini bildirdi və siniflərdən birinin Hüseyn Xanməmmədovun adını daşıdığını dedi. Vüsalə müəllimə Hüseyn və yoldaşı Turac xanım haqqında ağızdolusu danışaraq, çox mehriban bir qonşu olduqlarını xüsusi vurğuladı.
Allah bütün şəhidlərimizə rəhmət eləsin.
Əlmaniz Ələkbərli
Baş Redaktor.
Azərbaycan Jurnalistlər Və
Yazıçılar Birliyinin üzvü.