İyunun 20-də Yeni Azərbaycan Partiyasının (YAP) İdarə Heyətinin növbəti iclası keçirilib.
YAP-dan Diaspor.info-ya verilən xəbərə görə, iclasın gündəliyi barədə məlumat verən YAP Sədrinin müavini-Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov qeyd edib ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə son illər tarixi qələbələr əldə edilib, ictimai-siyasi həyatın, dövlət idarəçiliyinin bütün sahələrində çoxşaxəli və məqsədyönlü islahatlar uğurla və ardıcıl şəkildə həyata keçirilib.
Qeyd edilib ki, bunun nəticəsi olaraq ölkəmiz özünün keyfiyyətcə yeni inkişaf mərhələsinə qədəm qoyub. 2020-ci ildə Vətən müharibəsində qazanılmış şanlı Zəfər nəticəsində Ermənistanın 30 il davam edən işğalçılıq siyasətinə son qoyulubölkəmizin ərazi bütövlüyü bərpa edilib, beynəlxalq hüququn norma və prinsiplərinin aliliyi təmin olunub. 2023-cü ilin sentyabrında həyata keçirilmiş antiterror tədbirləri ilə qanunsuz silahlı birləşmələr zərərsizləşdirilmiş, kriminal xunta rejiminin fəaliyyətinə son qoyulmuş, dövlətimizin suverenliyi onun bütün ərazisində bərqərar edilib: "Hazırda işğaldan azad olunmuş ərazilərdə genişmiqyaslı quruculuq işləri davam etdirilir, doğma yurd-yuvasından didərgin salınaraq illərlə məcburi köçkün həyatı yaşamağa məhkum olunmuş soydaşlarımız ləyaqətli şəkildə əzəli torpaqlarına qayıdırlar. Müstəqillik tariximizdə ilk dəfə bütün ölkə ərazisində 2024-cü ildə keçirilmiş Prezident seçkiləri milli birlik və həmrəyliyimizin növbəti təzahürü olmuşdur”.bildiriblər.
Yekunda Yeni Azərbaycan Partiyasını Azərbaycan Respublikasının Milli Məclisində təmsil edən deputatlara altıncı çağırış Milli Məclisin buraxılması və növbədənkənar seçkilərin təyin edilməsi barədə Azərbaycan Respublikasının Prezidentinə müraciət olunması üçün təşəbbüs göstərmələrinin tövsiyə edilməsi barədə yekdil qərar qəbul edilib.