UNEC ZAQATALA FİLİALINDA TƏQDİMAT MƏRASİMİ KEÇİRİLİB.
UNEC Zaqatala filialı son illər şəhid ailələri, bölgə ziyalıları və yerli yazarlarla bağlı silsilə tədbirlərə ev sahibliyi edir. Belə tədbirlərdən biri də 26 noyabr 2025-ci ildə UNEC Zaqatala filialının akt zalında baş tutub. Belə ki, Azərbaycan Yazıçılar Birliyinin üzvləri olan filial müəllimləri, Nəbi Mülkümovun “Mənim könül dəftərim” və Aytən Balayevanın “Xəyanətin rəngi” adlı kitablarının təqdimat mərasimi keçirilib. 
Təqdimat mərasimində İqtisad universitetinin filialında çalışan müəllimlər, orada təhsil alan tələbələr, AYB Zaqatala bölməsinin üzvləri, şəhid ailələri və digər qonaqlar da iştirak edib. Tədbir Azərbaycan Respublikasının Dövlət himninin səsləndirilməsi, Ümummilli Lider Heydər Əliyevin və Vətən uğrunda canından keçmiş şəhidlərin xatirəsini bir dəqiqəlik sükutla yad etməklə başlayıb. Filialın Tədris və Elmi işlər üzrə direktor müavini, dosent Həqiqət Qədimova tədbiri açaraq müəlliflərin elmi-ədəbi fəaliyyətini yüksək qiymətləndirmiş və hər iki əməkdaşa yaradıcılıq uğurları arzulamışdır. 
Həqiqət xanım ilk sözü Şəhid anası, şairə Züleyxa Davudovaya verərək həssas təbəqənin üzvlərinə necə diqqətlə yanaşdıqlarını bir daha sübut edib. Züleyxa Davudova hər iki şairə yaradıcılıq uğurları arzulayıb. Züleyxa xanım Nəbi Mülkümova şeir həsr etdiyini və Zaqatala İncəsənət məktəbinin piano müəlliməsi Zeynəb Əliyevanın həmin sözlərə mahnı bəstələdiyini də ayrıca qeyd edib.
Daha sonra söz AYB-nin Zaqatala bölməsinin sədri yazıçı-jurnalist Əlmaniz Ələkbərliyə verilib. Əlmaniz müəllim belə tədbirlərə ev sahibliyi etdiyinə görə UNEC Zaqatala filialının direktoru İ.E.F.D, dosent
Raqif Qasımova və direktor müavini Həqiqət Qədimovaya xüsusi minnətdarlığını bildirib.
Sonra Ə. Ələkbərli AYB Zaqatala bölməsinin fəaliyyətindən və hər iki şairin yaradıcılığından ətraflı danışıb: “Bilirsiniz ki, Azərbaycan xalqı öz şairinə, yazıçısına, ümumiyyətlə sözə böyük qiymət, dəyər verən bir xalqdır. Azərbaycanda şair və yazıçılara Dövlət dəstəyinin əsasını isə Ümummilli Lider Heydər Əliyev qoyub.
Hələ sovetlər birliyi dövründə Ulu öndərin təşəbbüsü ilə Şuşada Vaqif məqbərəsinin ucaldılması, Cavid Əfəndinin, böyük dramaturq Hüseyn Cavidin nəşinin uzaq sibirdən öz doğulduğu torpağa, Naxçıvana gətirdərək orada dəfn etməsi dahi şəxsiyyətin yaradıcı insanlara necə həssaslıqla yanaşmasından xəbər verir. 
Həmin siyasət bu gün Cənab Prezident İlham Əliyev tərəfindən də uğurla davam etdirilir. Bizim bölgə şairləri arasında Nəbi Mülkümovun xüsusi yeri vardır. Bildiyimiz kimi, Nəbi Mülkümov uzun illər Vergi orqanlarında çalışıb. Baxmayaraq ki, rəhbər vəzifələrdə işləyib, şair yaradıcılığını davam etdirib.
AYB Zaqatala bölməsi açıldıqdan sonra N. Mülkümovun kitabları işıq üzü görüb, AYB-yə üzv qəbul olunub. Bundan əlavə bölgə şairləri arasında “İlin Şairi” seçilib. Otuzdan çox şeirinə mahnılar bəstələnib. Bu gün Nəbi müəllim UNEC Zaqatala filialında müəllimdir və sizlərin buradakı təşkilatçılığınızdan görürük ki, onun müəllim kimi fəaliyyətindən də, həm filial rəhbərliyi, həm də, tələbələr çox razılıq edir.
Nəbi müəllim işlədiyi hər yerdə işinə məsuliyyətli yanaşması, təcrübəli və savadlı olması ilə özünü həmişə kollektivə sevdirə bilib. Filialın digər müəllimi, kitabının təqdimatına yığışdığımız Aytən Balayeva AYB üzvü kimi öz üzərində həmişə çalışan bir yazıçıdır. Onun artıq iki kitabı işıq üzü görüb ki, onlardan biri Türk dilində yazılıb.”
Sonra söz Xalq qəzetinin bölgə müxbiri İlqar Həsənova verilib. İlqar müəllim isə çıxışında özünün tələbəlik illərinə kiçik səyahət edərək, həmin dövrlərdə tanınmış şair və yazıçıların ali məktəblərdə tələbələrlə keçirdikləri görüşlərin onların yaddaşında xoş təəsüratlar buraxdığını xüsusilə vurğulayıb.
Daha sonra tədbirdə filialın İqtisadiyyat və İdarəetmə bölməsinin rəhbəri Pərvanə İsmayılova və digər professor-müəllim heyətindən də çıxış edənlər hər iki müəllifə yaradıcılıq uğurları arzulayıblar. 
Daha sonra filialın tələbə rektoru Cavidan Həzizadə Nəbi Mülkümovun həyat və yaradıcılığı haqqında, TEC-in sədri Ayda Arzumanova isə Aytən Balayevanın ədəbi fəaliyyəti barədə məruzə ilə çıxış ediblər.
Tədbirdə hər iki yazarın şeir və hekayələrindən parçalar səsləndirilib. Tələbələrin hər iki yazara öz suallarını verməsi tədbirə xüsusi rəng qatmışdır.
Tədbir hər iki müəllifin kitab imzalanması mərasimindən sonra yekunlaşıb.
[center]












Əlmaniz Ələkbərli
Zaqatala.