Almaniyada 15 İyun Milli Qurtuluş Günü münasibətilə təntənəli tədbir təşkil olunub
Almaniyanın Düsseldorf şəhərində 15 İyun – Milli Qurtuluş Günü münasibətilə təntənəli tədbir təşkil olunub. “Səmaların sədası” adlı tədbirdə yüzlərlə soydaşımızla yanaşı yerli ictimaiyyətin nümayəndələri də iştirak edib. Tariximizin bu mühüm mərhələsinə həsr olunan, Ulu Öndər Heydər Əliyevin və Prezident İlham Əliyevin çıxışlarının yer aldığı videoçarxı iştirakçılar böyük maraqla izləyiblər.
“Görkəmli dövlət xadimi, Ümummilli Lider Heydər Əliyev müasir Azərbaycanın memarıdır. Prezident İlham Əliyevin siyasi iradəsi nəticəsində dövlətimiz daha da qüdrətlənib və torpaqlarımız işğaldan azad olunub. Biz bu gün qalib xalqıq və xaricdəki soydaşlarımız güclü Azərbaycanla fəxr edir”, – bu fikirləri tədbirdə iştirak edən Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov çıxışı zamanı səsləndirib.
Almaniya Azərbaycanlıları Alyansı İdarə Heyətinin sədri Altay Rüstəmov 15 İyun – Milli Qurtuluş Gününün tarixi əhəmiyyəti və xaricdəki icma üzvlərinin müasir tariximizlə bağlı beynəlxalq ictimaiyyəti məlumatlandırmaları barədə danışıb.
Tədbirin musiqili hissəsi iştirakçılarda böyük təəssürat yaradıb. Konsert proqramına Azərbaycan və dünya bəstəkarlarının əsərləri daxil edilib. Səbinə Məmmədova, Mərziyyə Hüseynova, Mehman Nuriyev, Sadiq Ağamalıyev, Minicə Hacızadə, Humay Hacızadə, Valleys Şmidt, Savaş Nart, Beyza Doğan, “Mugam” Alman-Azərbaycan Musiqi Cəmiyyətinin nəzdində fəaliyyət göstərən uşaq xorunun üzvləri öz ifaları ilə izləyicilərə unudulmaz anlar yaşadıb və xüsusi zövq bəxş ediblər.
Tədbir iştirakçıları Milli Qurtuluş Gününə həsr olunan bu möhtəşəm mədəni tədbirin yüksək səviyyədə təşkilini xüsusi vurğulayıb, tədbirin Azərbaycan tarixinin mühüm səhifələrinin, milli-mənəvi dəyərlərin və dövlətçilik ənənələrinin xaricdə yaşayan soydaşlarımıza və yerli ictimaiyyətə uğurla təqdim olunmasına mühüm töhfə verdiyini bildiriblər. Soydaşlarımız təşkilatçılara və tədbirin ərsəyə gəlməsində əməyi olan hər kəsə dərin minnətdarlıq ifadə ediblər.
Səbinə Məmmədovanın moderatorluğu ilə keçirilən tədbir Düsseldorfda fəaliyyət göstərən “Mugam” Alman-Azərbaycan Musiqi Cəmiyyətinin və Münsterdə fəaliyyət göstərən Avropa Azərbaycan Mərkəzinin təşkilatçılığı, Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə baş tutub.

















