Monteneqronun Budva şəhərində qadın boksçular arasında keçiriləcək Avropa çempionatının püşkü atılıb.
Azərbaycan Boks Federasiyasından Diaspor info-ya bildiriblər ki, bu gün start götürəcək yarışda Azərbaycan yığmasının idmançılarının da ilk rəqibləri məlum olub.
Təmsilçilərimizdən əvvəlcə rinqə Zeynəb Rəhimova (52 kq) çıxacaq. Onun italiyalı Alyona Savçukla döyüşü oktyabrın 15-nə təsadüf edəcək. Günel Rəhimovanın (48 kq) Demye-Jade Rejtan (İngiltərə) ilə qarşılaşması oktyabrın 17-də olacaq. Anaxanım İsmayılova (50 kq) Yaroslava Marinçuk (Ukrayna), Şəhla Allahverdiyeva (66 kq) Yelena Yaniçiyeviç (Serbiya) döyüşü isə oktyabrın 19-da baş tutacaq.
Oktyabrın 21-də isə Aynur Rzayeva (+81 kq) Zayra Qarsia (İspaniya) - Darya Kozores (Moldova) cütünün qalibi ilə mübarizə aparacaq.
Avropa çempionatında 31 ölkədən 164 boksçu qüvvəsini sınayacaq. Yarışın qaliblərinin adına oktyabrın 22-də aydınlıq gələcək.