Azərbaycan yenicə müstəqilliyin əldə etmişdi ki, xain qonşusu olan ermənilər tərəfindən təcavüzə qaldı. Və hələ nizamlı ordusu, silah-sursatı olmadığına görə 20% torpaqlarını itirməli oldu. Bu vaxtı Azərbaycanın igid, qəhrəman oğulları vətənin müdafiəsinə qalxdılar və bu yolda Şəhid oldular.
İkinci Qarabağ savaşı cəmi 44 gün çəksə də, Şanlı Azərbaycan əsgəri döyüş meydanında erməni əsgərinə öz hərbi gücünü göstərdi.
Bu 44 gün ərzində döyüş meydanında erməniləri diz çökdürən Azərbaycan əsgəri Birinci Qarabağ savaşındakı şəhidlərimizin də, qisasını aldı.
Birinci Qarabağ savaşında vətəninə canını fəda edənlər arasında Zaqatala rayon Əliabad qəsəbə sakini Fərhad Əhmədov da, vardır. Şəhidimiz haqqında oxucularımıza qısa məlumat vermək istəyirik:
Əhmədov Fərhad İsfəndiyar oğlu 1974 –cü il sentyabrın 14-də Zaqatala rayonu Əliabad qəsəbəsində anadan olub. 1992-ci ildə müddətli həqiqi hərbi xidmətə çağırılıb. 1993-cü ildə döyüşmək üçün Murov dağına gedib, sonra Ağdərə rayonu uğrunda gedən döyüşlərdə qəhrəmanlıq göstərib. 1993-cü il fevralın 18-də şəhid olması haqqında xəbər verilib. Minaya düşdüyü deyilsə də, onun nəşi doğulduğu Əliabad qəsəbəsinə gətirilməyib. Odur ki, onun yolunu doğmaları bu gün də gözləyirlər.
Şəhidimiz haqqında daha ətraflı məlumat toplamaq üçün Zaqatala rayon Əliabad qəsəbəsində olduq. Fərhadın qardaşı Əhmədlə görüşüb, xeyli söhbətləşdik: qardaşım Əhmədov Fərhad İsfəndiyar oğlu 1974-cü il sentyabrın 14-də Zaqatala rayonu Əliabad qəsəbəsində anadan olub. Əliabad qəsəbəsində 2 saylı məktəbin 8-ci sinifini bitirdikdən sonra, iki il də, qəsəbədə bir saylı məktəbdə təhsil almışdır. Təhsilini bitirdikdən sonra kənd təsərrüfatı ilə məşğul olmağa başlamışdır.
Biz ailədə 2 bacı, 4 qardaş olmuşuq. Fərhad sonbeşiyimiz idi. 1992-ci ildə həqiqi hərbi xidmətə çağırılıb. Bakı şəhərində xüsusi təyinatlılarda olub. Onlara “Diki-Voyska” deyirdilər. Çox canlı-cüssəli, fiziki gücü çox olan bir oğlan idi. Dəmir kimi idi, ona gorə də, Xüsusi Təyinatlılarda xidmətə başlamışdı.
Qardaşım 1993-cü ildə çətin relyefi olan Murov dağında döyüşməyə gedib, daha sonra isə Ağdərədə döyüşünü davam etdirib.
Qardaşım düşmənə can verən oğul deyildir, çox təəssüf ki, minaya düşdü. Zaqataladan qardaşımla birlikdə 12 nəfər də, eyni vaxtda itgin düşüb. Biz onu çox axtardıq.
Qardaşım da, kəndçimiz Teymur kimi çox cəsur olub. Vətənpərvər olublar, onlar sevinirdilər ki, əsgər gedəcəklər. Döyüşdə qəhrəmancasına şəhid olmaq üçün sanki Alah onları xüsusi hazırlamışdı. Bu gün mən qardaşımla fəxr edirəm.
Anam sağlığında çox narahat olurdu, çünki oğlunun məzarı belə olmadı ki, oraya gedib ağlasın.
Valideynlərimin hər ikisi rəhmətə gedib, bu gün bizim gözümüz yoldadır, qardaşımızın nəşini belə gətirsəydilər ürəyimizdə bir rahatlıq tapardıq.
İkinci Qarabağ savaşı başlayan kimi, Azərbaycan əsgəri uzun illər səbirsizliklə gözlədiyi döyüşə atıldı. İllərdir ki, əsgər və zabitlərimiz bu günü gözləyirdilər, odur ki, həm illərin intizarı, həm qazanılan təcrübə, həm də, qisas hissi bizim əsgərləri daha yaxşı döyüşməyə vadar etdi. Beləliklə də, 44 gün davam edən “Vətən Müharibəsində” ermənilər diz çökərək ağ bayraq qaldırdılar. Və bununla da, bütün şəhidlərimizin qisası alındı və onların ruhları şad oldu.
Əlmaniz Ələkbərli
Azərbaycan Jurnalistlər Və
Yazıçılar Birliyinin Üzvü.
421