Azərbaycan yenicə müstəqilliyini əldə etmişdir ki, xain qonşuları tərəfindən təcavüzlə rastlaşdı. Həmin vaxtı, yəni “Birinci Qarabağ” müharibəsi başlayan zaman, Azərbaycan nəinki müharibəyə hazır deyildi, hətta Milli ordusu belə tam formalaşmamışdı. Düzdür xain qonşumuz olan ermənilərin də, milli ordusu yox səviyyəsində idi, ancaq Azərbaycandan fərqli olaraq onlara havadarları tərəfindən xeyli silah-sursat hədiyyə olunduğuna görə, müharibənin sonu iyirmi faiz torpaqlarımızın itirilməsi ilə yekunlaşdı. Aydın məsələdir ki, itirilmiş torpaqlarımız, xalqımızın başına gətirilən soyqırımlarla heç bir qeyrətli Azərbaycan oğulu razılaşa bilməzdi. Həmin dövrdə igid, qeyrətli oğullarımız əliyalın olsalar da, yağı düşmənin hücumundan qorxub qaçmadılar, qəhrəmancasına döyüşərək, vətən yolunda şəhid oldular. Belə igid, qəhrəman oğullarımızdan biri də, Zaqatala rayonu Aşağı Tala kənd sakini Səfərov Bayram Surxay oğludur.
Şəhidimiz haqqında daha çox məlumat əldə etmək məqsədilə Zaqatala rayonu Aşağı Tala kəndinə yollandıq. Şəhidimizin həyat yoldaşı Çimnaz xanımla görüşüb,
xeyli söhbətləşdik: “Səfərov Bayram Surxay oğlu 1966-cı ildə Zaqatala rayonu Aşağı Tala kəndində anadan olub. Kənddəki 3 saylı orta məktəbin VIII sinfini bitirdikdən sonra 172 saylı texniki-peşə məktəbində traktorçu-maşinist ixtisasını öyrənmişdir. Keçmiş ittifaqın ordu sıralarında xidmət etmişdir. 1992-ci il aprelin 15-də Bayram Səfərov könüllü olaraq, orduya getmiş, Azərbaycanın Milli Qəhrəmanı Ramiz Qəmbərovun dəstəsində vuruşmuşdur. Bayram Səfərov Şuşanın müdafiəsində əsl şücaət göstərib və mayın 8-də Şuşanın işğal olunduğu gün də, şəhid olmuşdur. Şuşada dəfn olunub. Ailəli idi, iki övladı var. Oxuduğu Aşağı Tala kənd 3 saylı orta məktəbinə xatirə lövhəsi vurulub. “
Şəhidimizin həyat yoldaşı Çimnaz xanımla Səfərov Bayram haqqında danışan zaman məlum oldu ki, Bayram bir müddət “DT” traktor sürüb və əkinlə məşğul olub. Rusiyanın Çita şəhərində daxili qoşunlarda, sovet ordusunda hərbi xidmət edib:” Hərbi xidmətdən gəldikdən sonra ailə qurmuşuq. 1 və 3 yaşlarında 2 övladı vardı. O vaxtlar talonla çörək verən vaxt idi. Talonu götürüb, evdən çıxdı ki, çörək alıb gəlirəm. Axşam Aslanın anası gəldi ki, Bayramla bizim oğlan qaçıb gediblər Qarabağa.
Qohumlarımızın toyu idi, Bayram da, gəldi bir gecə qaldı və bizə çox şeylər danışdı, dedi ki, Şuşada nələr baş verdiyini bilsəniz, döyüşə qadınlar da, gedərdi. Nə qədər dedik ki, sənin körpə uşaqların var, getmə. Oğlum Əfsan balacaydı, dedi ki, ata mən də, səninlə gedirəm. Surxay dayı uşağı qucağına alıb, biraz da, ərzaq götürüb, taksi ilə Bayramın arxasınca getdilər.
1992-ci il mayın 8-də Şuşa şəhərində şəhid olub. Nəşini gətirə bilməyiblər, ona görə itgin kimi qəbul edirik.
Oğlum Əfsan 1988-ci ildə, qızım Şərafət isə 1990-cı ildə dünyaya gəlib, hər ikisi orta təhsilli və ailəlidirlər.
İkinci Qarabağ savaşı, “Vətən Müharibəsi” zamanı bütün şəhidlərimiz kimi Bayram Səfərovun da, qisası alındı, bu gün onun da, ruhu şaddır. Belə ki, uğrunda öldüyü torpaqlarda artıq Azərbaycan əsgəri dayanır.
ALLAH BÜTÜN ŞƏHİDLƏRİMİZƏ RƏHMƏT ELƏSİN!
Əlmaniz Ələkbərli
Azərbaycan Jurnalistlər Və
Yazıçılar Birliyinin Üzvü.