Azərbaycan yenicə müstəqilliyini əldə etmişdir ki, xain qonşuları tərəfindən təcavüzlə rastlaşdı. Həmin vaxtı, yəni “Birinci Qarabağ” müharibəsi başlayan zaman, Azərbaycan nəinki müharibəyə hazır deyildi, hətta Milli ordusu belə tam formalaşmamışdı. Düzdür xain qonşumuz olan ermənilərin də, milli ordusu yox səviyyəsində idi, ancaq Azərbaycandan fərqli olaraq onlara havadarları tərəfindən xeyli silah-sursat hədiyyə olunduğuna görə, müharibənin sonu iyirmi faiz torpaqlarımızın itirilməsi ilə yekunlaşdı. Aydın məsələdir ki, itirilmiş torpaqlarımız, xalqımızın başına gətirilən soyqırımlarla heç bir qeyrətli Azərbaycan oğulu razılaşa bilməzdi. Həmin dövrdə igid, qeyrətli oğullarımız əliyalın olsalar da, yağı düşmənin hücumundan qorxub qaçmadılar, qəhrəmancasına döyüşərək, vətən yolunda şəhid oldular. Belə igid, qəhrəman oğullarımızdan biri də, Zaqatala rayonu Lahıc kənd sakini Yunusov Qabil Yunus oğludur.
Şəhidimiz haqqında daha çox məlumat əldə etmək məqsədilə Zaqatala rayonu Lahıc kəndinə yollandıq.
Şəhidimizin ailə üzvləri və kənd camaatıyla da, xeyli söhbətləşdik. Yunusov Qabil Yunus oğlu 14 noyabr 1974-cü ildə Zaqatala rayonu Lahıc kəndində anadan olmuşdur. 1991-ci ildə Lahıc kənd orta məktəbini bitirmişdir. 1992-ci ildə müddətli həqiqi hərbi xidmətə çağırılıb. Ağdamın Quzanlı və Kəngərli kəndlərində hərbi təlim keçmiş, Ağdamın Qaradağlı kəndində döyüş əməliyyatlarında iştirak etmişdir. 02.03.1993-cü ildə Ağdam rayonu Şelli kəndi uğrunda gedən döyüşlərdə həlak olmuşdur. Zaqatala rayonu Lahıc kəndində dəfn olunub.
Şəhidimiz Qabil haqqında qardaşı Kərim ilə də, söhbətləşdik: Lahic kənd Q. Qocayev adına kənd orta məktəbinin 10-cu sinifini bitirib. Evdə ailəmizə kömək edərdi. 1992-ci ildə həqiqi hərbi xidmətə çağırılıb. 1993-cü il mart ayının 2-də Ağdam ətrafında gedən döyüşlərdə şəhid olub. Kənddə tərbiyəsinə görə ad-sanla seçilirdi. Ailədə 2-si oğlan, 4 -ü qız olmaqla 6 övlad olmuşuq.
Şəhid Teymurla Qabil əmi oğlanları olublar.
İkinci Qarabağ savaşı, “Vətən Müharibəsi” zamanı bütün şəhidlərimiz kimi Qabil Yunusovun da, qisası alındı, bu gün onun da, ruhu şaddır. Belə ki, uğrunda öldüyü torpaqlarda artıq Azərbaycan əsgəri dayanır.
ALLAH BÜTÜN ŞƏHİDLƏRİMİZƏ RƏHMƏT ELƏSİN!
Əlmaniz Ələkbərli
Azərbaycan Jurnalistlər Və
Yazıçılar Birliyinin Üzvü.