Azərbaycan yenicə müstəqilliyini əldə etmişdir ki, xain qonşuları tərəfindən təcavüzlə rastlaşdı. Həmin vaxtı, yəni “Birinci Qarabağ” müharibəsi başlayan zaman, Azərbaycan nəinki müharibəyə hazır deyildi, hətta Milli ordusu belə tam formalaşmamışdı. Düzdür xain qonşumuz olan ermənilərin də, milli ordusu yox səviyyəsində idi, ancaq Azərbaycandan fərqli olaraq onlara havadarları tərəfindən xeyli silah-sursat hədiyyə olunduğuna görə, müharibənin sonu iyirmi faiz torpaqlarımızın itirilməsi ilə yekunlaşdı. Aydın məsələdir ki, itirilmiş torpaqlarımız, xalqımızın başına gətirilən soyqırımlarla heç bir qeyrətli Azərbaycan oğulu razılaşa bilməzdi. Həmin dövrdə igid, qeyrətli oğullarımız əliyalın olsalar da, yağı düşmənin hücumundan qorxub qaçmadılar, qəhrəmancasına döyüşərək, vətən yolunda şəhid oldular. Belə igid, qəhrəman oğullarımızdan biri də, Zaqatala rayonu Yuxarı Çardaxlar kənd sakini Baharov Qüdrət Əsəbəli oğludur.
Şəhid haqqında daha çox məlumat əldə etmək məqsədilə Zaqatala rayonu Yuxarı Çardaxlar kəndinə yollandıq.
Şəhidimizin qardaşı oğlu Qüdrətlə görüşüb, onun haqqında xeyli söhbətləşdik: Baharov Qüdrət Əsəbəli oğlu 1974-cu il dekabrın 22-də Yuxarı Çardaxlar kəndində anadan olmuşdur. 1990-cı ildə Yuxarı Çardaxlar kənd orta məktəbini bitirmişdir. Bir müddət kənddə işləmiş, 1992-ci il dekabrın 28-də hərbi xidmətə yola düşmüşdür. 1992-ci ilin dekabrında Ağdərə, Çıldıran, Sərsəng su anbarı uğrunda gedən döyüşlərdə iştirak etmişdir. 1993-cü il dekabr ayının 31-də Füzuli rayonunun Şiştəpə uğrunda gedən döyüşlərə qatılmış, 1994-cü il yanvar ayının 4-də isə şiddətli döyüşlərdə şəhid olmuşdur.
Qüdrət Yuxarı Çardaxlar kənd qəbirstanlığında dəfn olunub. 1993-cü ildə Qarabağda ayaqları donduğu üçün geriyə gəlmişdi. Sonra sağalıb, yenidən döyüşə qayıtmışdır.
Həmin vaxtı dağdan Elşən Əhməd oğlu Əfəndiyev onu aşağı atmışdı, sonra da, özünü atmışdır.
Qüdrət Baharov desant olub, sağlam cüssəli olduğu üçün Şəmkir batalyonunda "Seriy Lisa" deyilən bölükdə xidmət edib. Onlar xüsusi olaraq, hazırlanıblar və 1 ay sonra döyüşə giriblər. Son döyüşü Şiştəpədə olub. Minamyot qəlpəsindən şəhid olub. Şəhid Qüdrətin qardaşı oğlu Qüdrət əmisi haqqında qürurla danışdı.
İkinci Qarabağ savaşı, “Vətən Müharibəsi” zamanı bütün şəhidlərimiz kimi Qüdrət Baharovun da,
qisası alındı, bu gün onun da, ruhu şaddır. Belə ki, uğrunda öldüyü torpaqlarda artıq Azərbaycan əsgəri dayanır.
ALLAH BÜTÜN ŞƏHİDLƏRİMİZƏ RƏHMƏT ELƏSİN!
Əlmaniz Ələkbərli
Azərbaycan Jurnalistlər Və
Yazıçılar Birliyinin Üzvü.