Azərbaycan yenicə müstəqilliyini əldə etmişdir ki, xain qonşuları tərəfindən təcavüzlə rastlaşdı. Həmin vaxtı, yəni “Birinci Qarabağ” müharibəsi başlayan zaman, Azərbaycan nəinki müharibəyə hazır deyildi, hətta Milli ordusu belə tam formalaşmamışdı. Düzdür xain qonşumuz olan ermənilərin də, milli ordusu yox səviyyəsində idi, ancaq Azərbaycandan fərqli olaraq onlara havadarları tərəfindən xeyli silah-sursat hədiyyə olunduğuna görə, müharibənin sonu iyirmi faiz torpaqlarımızın itirilməsi ilə yekunlaşdı. Aydın məsələdir ki, itirilmiş torpaqlarımız, xalqımızın başına gətirilən soyqırımlarla heç bir qeyrətli Azərbaycan oğulu razılaşa bilməzdi. Həmin dövrdə igid, qeyrətli oğullarımız əliyalın olsalar da, yağı düşmənin hücumundan qorxub qaçmadılar, qəhrəmancasına döyüşərək, vətən yolunda şəhid oldular. Belə igid, qəhrəman oğullarımızdan biri də, Zaqatala şəhər sakini Kərimov Qabil Mahmud oğludur.
Şəhid haqqında daha çox məlumat əldə etmək məqsədilə Zaqatala şəhərinə yollandıq. Şəhidimizin doğmalarıyla, bacısı Aybəniz müəlliməylə və qardaşı ilə görüşüb, xeyli söhbətləşdik:
Kərimov Qabil Mahmud oğlu 1974-cü il yanvar ayının 17-də Zaqatala şəhərində anadan olub. 1981-1991-ci ildə Şixəli Qurbanov adına şəhər 3 saylı orta məktəbi bitirib. 1992-ci ildə həqiqi hərbi xidmətə çağırılıb. Əvvəlcə Bakıda hərbi xidmətdə olub. Daha sonra Füzulidə döyüşüb, Füzuli rayonu Abdulrahmanlı kəndində isə şəhid olub. Biz onun nəşini görmədiyimizə görə itgin kimi qəbul edirdik. Ancaq bir il sonra boyunlarındakı patronlarda yazılan adlara görə, onun adını tapdılar və meyidini gətirdilər. 1994-cü il dekabrın 6-da şəhər qəbirstanlığında dəfn olundu.
Şəhidin bacısı Aybənizin həyat yoldaşı da, Qarabağda gedən döyüşlərdə iştirak edib. Ehtiyyatda olan zabitdir. Qabil Kərimovun adına küçə də var. Qardaşım çox şən idi deyən- gülən idi. Çox dəcəl uşaqlığı olub. Qardaşımız Yaşar oğluna şəhidin adını verib. Hazırda Şixəli Qurbanov adına 3 saylı tam orta məktəbində, 8-ci sinfində oxuyur.
Qabil bakıda xidmət etdiyi vaxtı, Qarabağa getmək üçün könüllülər istəyiblər, həmin vaxtı özləri könüllü olaraq, 13 nəfər irəli çıxıb və vertalyota minib, əvvəlcə Gəncəyə oradanda Qarabağa gediblır.
İkinci Qarabağ savaşı, “Vətən Müharibəsi” zamanı bütün şəhidlərimiz kimi Qabil Kərimovun da,
qisası alındı, bu gün onun da, ruhu şaddır. Belə ki, uğrunda öldüyü torpaqlarda artıq Azərbaycan əsgəri dayanır.
ALLAH BÜTÜN ŞƏHİDLƏRİMİZƏ RƏHMƏT ELƏSİN!
Əlmaniz Ələkbərli
Azərbaycan Jurnalistlər Və
Yazıçılar Birliyinin Üzvü.