Azərbaycan yenicə müstəqilliyini əldə etmişdir ki, xain qonşuları tərəfindən təcavüzlə rastlaşdı. Həmin vaxtı, yəni “Birinci Qarabağ” müharibəsi başlayan zaman, Azərbaycan nəinki müharibəyə hazır deyildi, hətta Milli ordusu belə tam formalaşmamışdı. Düzdür xain qonşumuz olan ermənilərin də, milli ordusu yox səviyyəsində idi, ancaq Azərbaycandan fərqli olaraq onlara havadarları tərəfindən xeyli silah-sursat hədiyyə olunduğuna görə, müharibənin sonu iyirmi faiz torpaqlarımızın itirilməsi ilə yekunlaşdı. Aydın məsələdir ki, itirilmiş torpaqlarımız, xalqımızın başına gətirilən soyqırımlarla heç bir qeyrətli Azərbaycan oğulu razılaşa bilməzdi. Həmin dövrdə igid, qeyrətli oğullarımız əliyalın olsalar da, yağı düşmənin hücumundan qorxub qaçmadılar, qəhrəmancasına döyüşərək, vətən yolunda şəhid oldular. Belə igid, qəhrəman oğullarımızdan biri də, Zaqatala rayon Dağlı kənd sakini Abakarov Mayis Bəkir oğludur.
Şəhid haqqında daha çox məlumat əldə etmək məqsədilə Zaqatala rayonu Dağlı kəndinə yollandıq.
Şəhidimizin qardaşı Elşənlə görüşüb, xeyli söhbətləşdik:
Abakarov Mayis Bəkir oğlu 1975-ci il oktyabrın 30-da Dagli kəndində anadan olub. 1981-ci ildə hazırlığa gedib.1982-ci ildə Dağlı kənd orta məktəbinin 1-ci sinifinə gedib. 1992-ci ildə gecə məktəbini bitirib. Ailədə 4 uşaq olublar 2 oğlan 2 qız. 1994-cü il yanvarın 11-də həqiqi hərbi xidmətə gedib.
Yaşmada Xüsusi təyinatlı olub. 1994-cü il mayın 2-də Ağdam rayonunun Baş Qərvənd kəndinə şəhid olub. İtkin sayılır. Ona görə də, deyiblər ki, orada dəfn olunub. Yaxşı idmançı olub, hər gün səhər tezdən qaçışla məşğul olurdu. Orta məktəbi yaxşı oxuduğu və rus dilini mükəmməl bildiyi üçün Ukraynada Krımda Artekə də, göndərmişdilər. Orta məktəbi yaxşı oxuyan uşaq kimi, pioner vaxtı idi.
Biz onu xeyli axtardıq, nəşini tapa bilmədik. Həmin vaxtı nəşi qaldı işğal altinda olan torpaqlarda. Ən ağır döyüşlər üçün xüsusi Təyinatlıları göndəriblər və bu onun son döyüşü olub.
İkinci Qarabağ savaşı, “Vətən Müharibəsi” zamanı bütün şəhidlərimiz kimi Mayis Abakarovun da,
qisası alındı, bu gün onun da, ruhu şaddır. Belə ki, uğrunda öldüyü torpaqlarda artıq Azərbaycan əsgəri dayanır.
ALLAH BÜTÜN ŞƏHİDLƏRİMİZƏ RƏHMƏT ELƏSİN!
Əlmaniz Ələkbərli
Azərbaycan Jurnalistlər Və
Yazıçılar Birliyinin Üzvü.