Azərbaycan yenicə müstəqilliyini əldə etmişdir ki, xain qonşuları tərəfindən təcavüzlə rastlaşdı. Həmin vaxtı, yəni “Birinci Qarabağ” müharibəsi başlayan zaman, Azərbaycan nəinki müharibəyə hazır deyildi, hətta Milli ordusu belə tam formalaşmamışdı. Düzdür xain qonşumuz olan ermənilərin də, milli ordusu yox səviyyəsində idi, ancaq Azərbaycandan fərqli olaraq onlara havadarları tərəfindən xeyli silah-sursat hədiyyə olunduğuna görə, müharibənin sonu iyirmi faiz torpaqlarımızın itirilməsi ilə yekunlaşdı. Aydın məsələdir ki, itirilmiş torpaqlarımız, xalqımızın başına gətirilən soyqırımlarla heç bir qeyrətli Azərbaycan oğulu razılaşa bilməzdi. Həmin dövrdə igid, qeyrətli oğullarımız əliyalın olsalar da, yağı düşmənin hücumundan qorxub qaçmadılar, qəhrəmancasına döyüşərək, vətən yolunda şəhid oldular. Belə igid, qəhrəman oğullarımızdan biri də, Zaqatala rayonu Dağlı kənd sakini Məmmədov Faiq Məmməd oğludur.
Şəhid haqqında daha çox məlumat əldə etmək məqsədilə Zaqatala rayonu Dağlı kəndinə yollandıq. Şəhidimizin doğmalarıyla, o cümlədən də, Anası Çeşminaz xanımla və qardaşı Kamillə görüşüb, xeyli söhbətləşdik: Məmmədov Faiq Məmməd oğlu 1973-cü il dekabrın 16-da Dağlı kəndində anadan olub. 1981-1991-ci illərdə Dağlı kənd orta məktəbində oxuyub. Ailədə 8 uşaq olublar 6 oğlan 2 qız. Faiq ortancıl uşaq olub. Orta məktəbi bitirib evdə kənd təsərrüfatı ilə məşğul olub. Orta məktəbi yaxşı oxumuşdur. Riyaziyyatı daha yaxşı bilirdi. 1992-ci il yanvarın 2-də Daxili Qoşunlarda olub. Bakıda xidmət edib. Özü könüllü olaraq, döyüş bölgəsinə gedib. 1994-cü il avqust ayında məzuniyyətə gəlmişdir. Özü və döyüş haqqında heç danışmazdı.Valideyinlərini çox istəyirdi, onlara çox bağlı idi. Odur ki, onlar narahat olmasın deyə heç nə deməzdi.
Qardaşı Kamil : məzuniyyətə gələndə bacısı Məhbubəyə deyib ki, şəhid olsam anamı çox ağlamağa qoymarsan, o, müharibədə çavuş olub. Ağır döyüşlərin birində öz kəndlimizdən olan yaralı əsgər, Cavanşir Aslanovu döyüş meydanından çıxarıb. Fiziki cəhətdən güclü idi Döyüş yoldaşları onun cəsurluğunda xeyli danışırdılar.
Bacısı Məhbubə: Biz çox mehriban olmuşuq. Bacı qardaş dost idik. O, bizi çox müdafiə edərdi, ata-ana olmayanda böyüklük edərdi.
Qardaşı Kamil: mənim paltarlarımı belə o dəyişər məktəbə aparardı. Evdə turnik ştanqımız olub.
İkinci Qarabağ savaşı, “Vətən Müharibəsi” zamanı bütün şəhidlərimiz kimi Faiq Məmmədovun da, qisası alındı, bu gün onun da, ruhu şaddır. Belə ki, uğrunda öldüyü torpaqlarda artıq Azərbaycan əsgəri dayanır.
ALLAH BÜTÜN ŞƏHİDLƏRİMİZƏ RƏHMƏT ELƏSİN!
Əlmaniz Ələkbərli
Azərbaycan Jurnalistlər Və
Yazıçılar Birliyinin Üzvü.