Azərbaycan yenicə müstəqilliyini əldə etmişdir ki, xain qonşuları tərəfindən təcavüzlə rastlaşdı. Həmin vaxtı, yəni “Birinci Qarabağ” müharibəsi başlayan zaman, Azərbaycan nəinki müharibəyə hazır deyildi, hətta Milli ordusu belə tam formalaşmamışdı. Düzdür xain qonşumuz olan ermənilərin də, milli ordusu yox səviyyəsində idi, ancaq Azərbaycandan fərqli olaraq onlara havadarları tərəfindən xeyli silah-sursat hədiyyə olunduğuna görə, müharibənin sonu iyirmi faiz torpaqlarımızın itirilməsi ilə yekunlaşdı. Aydın məsələdir ki, itirilmiş torpaqlarımız, xalqımızın başına gətirilən soyqırımlarla heç bir qeyrətli Azərbaycan oğulu razılaşa bilməzdi. Həmin dövrdə igid, qeyrətli oğullarımız əliyalın olsalar da, yağı düşmənin hücumundan qorxub qaçmadılar, qəhrəmancasına döyüşərək, vətən yolunda şəhid oldular. Belə igid, qəhrəman oğullarımızdan biri də, Zaqatala rayon Muxax kənd sakini Seyidəhmədov Şaban Xəlil oğludur.
Şəhid haqqında daha çox məlumat əldə etmək məqsədilə Zaqatala rayon Muxax kəndinə yollandıq.
Şəhidimizin doğmalarıyla, o cümlədən anası Məryəm xanımla görüşüb, xeyli söhbətləşdik:
Şaban haqqında anası Məryəm xanımın söylədiyi bəzi fikirləri olduğu kimi yazırıq: oğlum Şaban ailəmizin sonbeşiyi olub. Şabanın 3 yaşında atası rəhmətə gedib. İkinci oğlum da, Qarabağda döyüşüb. Şaban çox istiqanlı uşaq olub. Çox çətinliklə uşaqlarımı böyütdüm. Buna baxmayaraq, vətənpərvər ruhda böyütmüşdüm.
Seyidəhmədov Şaban Xəlil oğlu 25 dekabr 1979-cu ildə Zaqatala rayonunun Muxax kəndində anadan olmuşdur. 1986-cı ildə Muxax kənd 1 saylı orta məktəbin I sinifinə daxil olmuş, 1995-ci ildə həmin məktəbin doqquzuncu sinifini bitirmişdir. 1998-ci ildə Azərbaycan Milli Ordusuna hərbi xidmətə çağırılmış, 28 fevral 1998-ci il tarixdən Azərbaycan Respublikası Sərhəd Qoşunları “Bakı” Əlahiddə Nəzarət Buraxılış məntəqəsində xidmət etmişdir.
1999-cu il may ayının 22-də “Bakı” ƏNBM-nin kiçik çavuşu Seyidəhmədov Şaban Dövlət Sərhəddinin mühafizəsində xidməti vəzifələrini yerinə yetirərkən həlak olmuşdur.
Seyidəhmədov Şaban Zaqatala rayonunun Muxax kənd qəbirstanlığında dəfn olunmuşdur.
İkinci Qarabağ savaşı, “Vətən Müharibəsi” zamanı bütün şəhidlərimiz kimi Şaban Seyidəhmədovun da,
qisası alındı, bu gün onun da, ruhu şaddır. Belə ki, uğrunda öldüyü torpaqlarda artıq Azərbaycan əsgəri dayanır.
ALLAH BÜTÜN ŞƏHİDLƏRİMİZƏ RƏHMƏT ELƏSİN!
Əlmaniz Ələkbərli
Azərbaycan Jurnalistlər Və
Yazıçılar Birliyinin Üzvü.