Azərbaycan yenicə müstəqilliyini əldə etmişdir ki, xain qonşuları tərəfindən təcavüzlə rastlaşdı. Həmin vaxtı, yəni “Birinci Qarabağ” müharibəsi başlayan zaman, Azərbaycan nəinki müharibəyə hazır deyildi, hətta Milli ordusu belə tam formalaşmamışdı. Düzdür xain qonşumuz olan ermənilərin də, milli ordusu yox səviyyəsində idi, ancaq Azərbaycandan fərqli olaraq onlara havadarları tərəfindən xeyli silah-sursat hədiyyə olunduğuna görə, müharibənin sonu iyirmi faiz torpaqlarımızın itirilməsi ilə yekunlaşdı. Aydın məsələdir ki, itirilmiş torpaqlarımız, xalqımızın başına gətirilən soyqırımlarla heç bir qeyrətli Azərbaycan oğulu razılaşa bilməzdi. Həmin dövrdə igid, qeyrətli oğullarımız əliyalın olsalar da, yağı düşmənin hücumundan qorxub qaçmadılar, qəhrəmancasına döyüşərək, vətən yolunda şəhid oldular. Belə igid, qəhrəman oğullarımızdan biri də, Zaqatala rayon Muxax kənd sakini Mahmudov Murad Qəni oğludur.
Şəhid haqqında daha çox məlumat əldə etmək məqsədilə Zaqatala rayon Muxax kəndinə yollandıq.
Şəhidimiz haqqında onun doğmaları və kənd camaatından məlumat topladıq:
Mahmudov Murad Qəni oğlu 28 dekabr 1974-cü ildə Zaqatala rayonunun Muxax kəndində anadan olmuşdur. 1981-ci ildə Muxax kənd 2 saylı orta məktəbin I sinifinə daxil olmuş, 1992-ci ildə həmin məktəbi bitirmişdir. 1992-ci ildə Zaqatala avtombil məktəbində “Hərbi rabitəçi” kursunda oxumuş və buranı 26 sentyabr 1992-ci ildə bitirmişdir.
1993-cü il yanvarın 5-də Azərbaycan Milli Ordusuna hərbi xidmətə çağırılmışdır. Şəmkirdə yerləşən “N” sayı hərbi hissədə xidmətə başlamışdır. Ağdərə bölgəsində döyüşlərdə ağır vəziyyət yarandığı üçün bu bölgəyə göndərilmişdir. 17 fevral 1993-cü ildə ağır döyüşlərin birində naməlum şəraitdə itkin düşmüşdür. Muradın uzun müddət axtarışı səmərəsiz qalmışdır.
Zaqatala rayonunun xalq məhkəməsinin 14 fevral 2007-ci il tarixli qətnaməsi ilə Mahmudov Murad Ağdərə bölgəsində gedən hərbi döyüşlərdə şəhid olması təstiq edilmişdir.
Muxax kəndinin mərkəzində Qarabağ uğrunda döyüşlərdə şəhid olmuş muxaxlıların şərəfinə ucaldılmış xatirə kompleksində mərmər üzərinə şəkili vurulmuş və Mahmudov Murad Qəni oğlu Muxağın şəhid oğullarından biridir.
Şəhidimiz haqqında anası Pəri xanimla da, xeyli söhbətləşdik: 3 oğul övladım vardı. Murad ortancıl oğlan olub. Həmin dövrdə fərarilik vardı. Mən oğluma demişdim ki, kişi müharibədən qaçmaz o da, qaçmadı.
Murad oğlanların gözü idi. Çox cəld oğlan olub. Yaxşı fubolçu olub. Muradın itkin düşməsi xəbərini eşidəndən sonra mən onu çox axtarım. Onun komandiri Dağıstanlı Ramazan Maqamedov idi, oğlumun komandir briqadası olub. Murad çox işgüzar idi, qurd, tütün və s. işlərdə çox aktiv idi. Hələ 10-cu sinifdə oxuyanda bir dəfə komissarlığa gediblər ki, bizi müharibəyə aparın.
İkinci Qarabağ savaşı, “Vətən Müharibəsi” zamanı bütün şəhidlərimiz kimi Murad Mahmudovun da,
qisası alındı, bu gün onun da, ruhu şaddır. Belə ki, uğrunda öldüyü torpaqlarda artıq Azərbaycan əsgəri dayanır.
ALLAH BÜTÜN ŞƏHİDLƏRİMİZƏ RƏHMƏT ELƏSİN!
Əlmaniz Ələkbərli
Azərbaycan Jurnalistlər Və
Yazıçılar Birliyinin Üzvü.