KİTABXANALAR İŞLƏYİR, HƏM DƏ BÖYÜK TƏBLİĞAT VASİTƏSİ KİMİ XİDMƏT EDİRLƏR.
Noyabrın ilk iş günü Zaqatala rayon Mərkəzləşdirilmiş Kitabxanalar Sisteminin 1 və 2 saylı Aşağı Tala kənd kitabxana filiallarının təşkil etdiyi tədbirə qatıldım. “Möhtəşəm Qələbəmiz Tariximizin Zəfər Salnaməsidir” adlı tədbirə məni də, dəvət etdikləri üçün hər iki filial rəhbərinə minnətdaram. Tədbiri Zaqatala rayon Mərkəzləşdirilmiş Kitabxanalar Sisteminin 2 saylı Aşağı Tala kənd kitabxana filialının müdiri Xədicə Şabanova açaraq, ilk öncə şəhidlərimizi bir dəqiqəlik sükutla yad etməyi xahiş etdi. Daha sonra tədbirdə iştirak edən qonaqları təqdim etdi.
Zaqatala rayon MKS-nin direktor əvəzi Leyla Məmmədova, Şəhid Ramiz Şabanovun anası Əminəxatın Şabanova, Qazilərimiz Həsən Yusubov (aprel döyüşləri), Hüseyn Məmmədov (Vətən müharibəsi), Aşağı Tala sənətkarlıq evinin müdiri Azərbaycanda ilk Milli elektron musiqi alətinin yaradıcısı, ixtiraçı Zahid Mustafayev, 3-cü Tala kənd mədəniyyət evinin müdiri Məmməd Abdurrahmanov, Uzun illər Zaqatala MKS-ə rəhbərlik etmiş, Şəhidlərlə bağlı bir neçə kitabın müəllifi ziyalı xanım Gülniyar Məmmədova və Azərbaycan Jurnalistlər və Yazıçılar Birliyinin Üzvü, 7 kitab müəllifi, Zaqatala Şəhidləri haqqında yazılmış “Şanlı Tarix Yazanlar” kitabının müəllifi Əlmaniz Ələkbərli tədbirin qonaqları idilər. Tədbirdə ilk sözü həm də, şəhid ailəsinin gəlini olan Xədicə Şabanova açaraq, Zəfər günümüzlə bağlı öz ürək sözlərini dedi.
Filial müdiri İki il öncə qazandığımız möhtəşəm qələbəmizi tariximizin zəfər salnaməsi olduğunu xüsusi vurğuladı. Daha sonra söz Zaqatala rayon Mərkəzləşdirilmiş Kitabxanalar Sisteminin direktor əvəzi Leyla Məmmədovaya verildi. Leyla xanım da, çıxışında Zəfər gününü bizə yaşadan Şəhidlərimizə, tədbirdə iştirak edən qazilərimizə və ümumiyyətlə müharibə iştirakçılarına minnətdar olduğunu xüsusi vurğuladı. Leyla xanım bildirdi ki, Ali Baş Komandanın ətrafında sıx birləşən xalqımızın, qüdrətli ordumuzun bu müharibədə qələbə qazanması şanlı tariximizə qızıl hərflərlə yazıldı.
Qazimiz Həsən Yusubov da, Zəfər günümüzün qeyd olunması, belə tədbirlərin tez-tez keçirilməsinin təqdirəlayiq hal olduğunu vurğuladı.
Qazimiz müharibədən, xüsusən özünün iştirak etdiyi Aprel döyüşlərindən, ilk qələbə qazandığımız günlərdən danışaraq, həm tədbir iştirakçılarını, həm də, özünü xəyalən həmin döyüşlərə apardı. Daha sonra söz ziyalı xanım Gülniyar Məmmədovaya verildi. Gülniyar xanım dünyamızın belə bir qarışan vaxtında Azərbaycan ordusunun qazandığı möhtəşəm qələbədən geniş danışdı. Ümummilli liderimiz Heydər Əliyevin qoyduğu uğurlu siyasətdən, onun layiqli siyasi varisi olan Prezident İlham Əliyevin apardığı uğurlu siyasətdən geniş danışdı.
Dəmir yumruq kimi Azərbaycan xalqının birləşərək erməni faşistləri üzərində, döyüş meydanında açıq qələbə qazanmasını xalqımızın tarixi qələbəsi adlandıran Gülniyar xanım əgər bundan sonra da, hər hansı bir təhlükə olarsa Azərbaycan oğulları dəmir yumruq kimi birləşərək yağı düşmənin başını əzməyə hazır olduğunu bildirdi.
Sonra Vətən Müharibəsi qazisi Hüseyn Məmmədova söz verildi. Hüseyn Məmmədov baxmayaraq ki, evdə iki körpəsi olduğunu, ancaq buna baxmayaraq, müharibəyə könüllü getdiyini bildirdi:-müharibə çox dəhşətlidir, neçə-neçə qəhrəman oğullarımız mənim qucağımda şəhidlik zirvəsinə ucaldılar.
Bu çox dəhşətli bir mənzərə idi, ancaq buna baxmayaraq, mən də iki körpəmi evdə başsız qoyub döyüşə getmişdim, çünki Vətən darda olanda xalqın qeyrətli oğulları onun müdafiəsinə qalxmalıdır. Biz vətənimizi, ana-bacımızın namusunu qorumağa getmişdik, getdik və kişi kimi də qələbə qazandıq.
Daha sonra söz Yazıçı-jurnalist Əlmaniz Ələkbərliyə verildi. Əlmaniz müəllim də, öz çıxışında Azərbaycanın bütün sahələrdə o cümlədən də, hərb sahəsində qazandığı uğurların arxasında Heydər Əliyev siyasətinin dayandığını dedi:-Birinci Qarabağ müharibəsinin hansı şəraitdə olduğu çoxlarının yadındadır. Mən həmin vaxtlarda Naxçıvan MR-də idim. Ümummilli liderimiz Heydər Əliyev də, Naxçıvanda yaşayırdı. Onda insanlar yeməyə çörək tapa bilmirdi, odur ki, silah-sursatdan söhbət belə gedə bilməzdi. Dövrün qəhrəman oğulları əliyalın düşmənin üzərinə gedirdilər. Bu bizim tədbirin ən ali qonağı olan Şəhid Ramiz Şabanovun anası Əminəxatın analar kimi xalqın anaları, onun böyütdüyü Ramiz kimi oğullarımız düşmən qarşısında sipər oldular. Bir müddət sonra Ulu öndərimiz paytaxt Bakıya gəldi və qardaş qırğınlarının qarşısını aldı.
Suverenliyimizin məhv olmasının qarşısını aldı, elə bir müstəqil dövlət qurdu ki, bu gün dünyanın ən aparıcı dövlətləriylə bir sıradadır. Əlbəttə ki, Ümummilli liderimiz dünyanın bazar iqtisadiyyatı üzərində qurulduğunu yaxşı dərk edirdi. Odur ki, Ulu öndərimiz Böyük neft kontraktları bağlamaqla Azərbaycanı çox qüdrətli bir dövlətə çevirdi. Bəli, burada özündən sonrakı siyasi rəhbərin kimin olması da, böyük rol oynayırdı. Odur ki, onun siyasi varisi İlham Əliyev elan olunan gündən xalqımız Prezident İlham Əliyevin ətrafında da, sıx birləşdi. Dünyaya baxışı, öz intellekti, dünya görüşü, bir neçə dildə sərbəst danışması ilə dünya siyasətçilərinin diqqətini çəkən İlham Əliyev günü-gündən dünya siyasətçiləri arasında daha çox tanınmağa başladı. O, Heydər Əliyev siyasətini daha müasir formada davam etdirməyə başladı. Nəhayət onun bəhrəsini bütün Azərbaycan xalqı və onu sevənlər gördülər. Azərbaycan məhz İlham Əliyevin rəhbərliyi ilə yüz illərlə edə bilmədiyini etdi. Öz ata-baba tarixi torpaqlarını işğal altından azad etdi. Nəzərə alsaq ki, bu məsələ təkcə torpaq, ərazi məsələsi deyildi, bu həm də qisas, intiqam məsələsi olduğuna görə Azərbaycan ordusu açıq döyüş meydanlarında erməni döyüşçülərini diz çökdürdü. Bu gün Ali Baş Komandanın Dəmir Yumruğunun və Azərbaycan Xüsusi Təyinatlıları olan, Yaşmanın adı gələndə ermənilər gizlənməyə yer axtarırlar. Odur ki, əziz tədbir iştirakçıları, hörmətli kitabxana işçiləri belə tədbirlər bizim xalqımıza yaraşır, bunların sayını çox edin ki, gələcək nəsillər daha vətənpərvər böyüsünlər. Və bu tədbiri hazırlayan 1 saylı Aşağı Tala kənd kitabxana filialının müdiri Pərizad Musayeva, kitabxanaçı Reyhan Səfərova və 2 saylı AşağıTala kənd kitabxanasının müdiri Xədicə Şabanova və kitabxanaçı Zülfiyyə Qazilovaya sonsuz təşəkkürümü bildirirəm.
Daha sonra tədbir çay süfrəsi ətrafında səmimi söhbətlərlə yekunlaşdı.
Diaspor.info
Zaqatala bürosu.
838