"Azərbaycanda korrupsiyaya qarşı mübarizə güclənib" - MÖVQE ÖZƏL
“Vəzifəyə təyin olunan yeni Baş prokuror da çox peşakardır. Cənab Prezidentin apardığı islahatlara uyğun olaraq yeni kadrların vəzifəyə təyin olunması gündəmə gəlib və çox uğurlu bir seçimdir”. Bunu Diaspor.info-ya açıqlamasında politoloq Cümşüd Nuriyev deyib.
Politoloq bildirib ki, Kamran Əliyevin gördüyü işlərlə tanışam: “Məsələ ondadır ki, Kamran Əliyev ötən il ingilis dilli saytlar Azərbaycanda Korrupsiyaya Qarşı Mübarizə idarəsinin rəisinin, baş prokurorun müavininin Ümumdünya Prokurorluq Assosasiyasının vitse-pezidenti seçilməsi barədə xəbərlər yayımladılar. Bu çox qürurvericidir ki, azərbaycanlı bir prokuror dünya miqyasında qəbul olunan bir şəxsiyyətdir və orada məlum olur ki, o bir neçə dildə prosedurları çox gözəl bilir. Təkcə rusca deyil, ingilis, fransız, yəni ən az 5 dildə danışa bilir. Müasir dövrdə görülən işlərin həm də çatdırılması çox vacib məqamdır. Bu sahədə də inanıram ki, o çox uğurlu işlər görəcək”.
C.Nuriyev vurğulayıb ki, Azərbaycanda korrupsiyaya qarşı mübarizə məsələsi güclənib: “Cənab Prezident ayrı yol tapa bilmədi o mənada ki, nə qədər xəbərdarlıq, humanistlik etdisə də amma yenə bəzi məmurlara bu çatmadı. Həbs edildikdən sonra hamısı peşmançılıq çəkir. Lakin bu o demək deyil ki, həmin şəxslər peşman olubsa, hər şey düzəlmiş sayılır. Hazırda bütün dünyada pandemiyaya qarşı mübarizənin getdiyi bir şəraitdə Prezidentin etibar edərək vəzifəyə gətirdiyi şəxslər əgər Prezidentlə xalq arasında uçurum yaradırlarsa, bu çox təhlükəli bir şeydir. Korrupsiyanı hardasa anlamaq olar ki, insan nəfsinin əsiri olub, amma burada məsələ təkcə bundan ibarət deyil. Adam dövlətin dayaqlarını sarsıtmaqla məşğuldur. Əlbəttə ki, bu yolverilməz bir haldır”.
Sonda isə o qeyd edib ki, mən inanıram ki, həm yeni Baş prokuror, həm Korrupsiyaya qarşı Mübarizə idarəsinə təyin olunan prokuror çox uğurlu olacaq: “Baş prokurorla keçirdiyi videokonfransda cənab Prezident bir çox istiqamətləri onun üçün də müəyyənləşdirib. Kamran Əliyevin işində peşəkar və təmiz olduğunu bilirəm. Düşünürəm ki, bu çox uğurlu bir seçimdir. Azərbaycanda prokurorluq orqanlarında kifayət qədər peşəkarlar var. Amma peşəkarların peşəkarını seçməyin özü də bir ustalıqdır. Cənab Prezident bu sahədə də öz ustalığını göstərdi. Bu seçim təkcə Prezidentin etimadını doğrultmayacaq, həmçinin Azərbaycanın bu sahədəki işlərini uğurla aparacaq”.
Müəllif: Aysel Məmmədova