Prezident İlham Əliyev bu ilin birinci rübünün yekunlarına həsr olunan müşavirədə vurğuladığı kimi, postmünaqişə dövründə iqtisadiyyatın inkişafı, ərazilərin bərpası ilə bağlı addımlar ölçüb-biçilmiş şəkildə atılıb, nəticədə isə uğurlu göstəricilər əldə edilib. Məsələn, ümumi daxili məhsul 6,8 faiz artıb. Qeyri-neft iqtisadiyyatı 10 faizdən çox yüksəlib. Sənaye istehsalı sahəsində artım təxminən 4 faiz təşkil edib, qeyri-neft sənaye istehsalında isə 18 faizdən çox olub. Bütün bunlar iqtisadiyyatın şaxələndirilməsi, neft-qaz sektorundan asılılığın azaldılması ilə reallaşıb.
Diaspor info-AZƏRTAC-a istinadən xəbər verir ki, bu sözləri açıqlamasında AMEA Riyaziyyat və Mexanika İnstitutunun böyük elmi işçisi, mexanika üzrə fəlsəfə doktoru Emin Bağırov deyib.
O bildirib ki, müşavirədə hesabat dövründə xarici ticarət dövriyyəsinin 60 faizdən çox artması, ixracın təxminən iki dəfə yüksəlməsi və qeyri-neft ixracında kifayət qədər yüksək göstərici – 45 faiz qeydə alınmasının da diqqətə çatdırılması məhz aparılan islahatların məntiqi nəticəsidir. Belə yüksək rəqəmlərin əldə olunması, eyni zamanda, respublikamızın xarici iqtisadi əlaqələrinin mühüm tərkib hissəsi olan ticarət fəaliyyətini tənzimləyən qanunvericiliyin təkmilləşdirilməsinin, mütərəqqi beynəlxalq təcrübə nəzərə alınmaqla hazırlanan yeni “Gömrük tarifi haqqında”, “Antidempinq, kompensasiya və mühafizə tədbirləri haqqında”qanunlar və digər normativ hüquqi aktların qəbul edilməsi ilə sıx bağlıdır. Ölkəmizin xarici ticarət əlaqələrinin, idxal və ixrac əməliyyatlarının genişlənməsində “Yaşıl dəhliz” buraxılış sisteminin tətbiqi də mühüm önəm daşıyır. Xatırladaq ki, bu sistem sahibkarlıq mühitinin daha da yaxşılaşdırılması, könüllü riayət mədəniyyətinin formalaşması, şəffaflığın təmin olunması və ölkənin ixrac potensialının artırılması məqsədi daşıyır.
Vurğulayıb ki, Azərbaycanın xarici ticarət əlaqələrinin genişlənməsini əks etdirən bəzi statistik göstəricilərə nəzər salsaq, bu sahəyə xüsusi əhəmiyyət verilməsini aydın görə bilərik. Belə ki, ötən il və cari ilin yanvar-mart aylarında Azərbaycanda milli iqtisadi inkişafın qarşısında duran strateji çağırışların həyata keçirilməsi nəticəsində digər sahələrdə olduğu kimi, xarici ticarət əlaqələrində də müsbət dinamika nəzərə çarpmağa başlayıb. Məsələn, 2021-ci ildə xarici ticarət dövriyyəmiz təxminən 35,6 milyard ABŞ dollarına çatıb, müsbət ticarət saldosu 12,1 milyard ABŞ dollarını ötüb. 2020-ci illə müqayisədə xarici ticarət dövriyyəsi faktiki qiymətlərlə 46,9 faiz real ifadədə 5 faiz artıb.
Emin Bağırov qeyd edib ki, cari ilin birinci rübünün nəticələrini ifadə edən rəqəmlər aydın göstərir ki, müstəqil Azərbaycan bu gün sosial-iqtisadi, siyasi və mədəni inkişafının yeni mərhələsini yaşayır. Ölkədə milli iqtisadiyyatın güclənməsini və müasirləşməsini təmin etmək məqsədilə məqsədyönlü sosial-iqtisadi islahatlar həyata keçirilir. Bunun nəticəsində iqtisadiyyatın həcmi getdikcə böyüyür, infrastruktur yenilənir və güclənir, pozitiv demoqrafik artım şəraitində genişlənir və nəhayət, Azərbaycan yuxarı orta gəlirli dövlətlər qrupunda möhkəmlənir. Dövlətimizin başçısının rəhbərliyi ilə erməni barbarlığının qurbanı olan yaşayış sahələrində hazırda mühüm strateji obyektlər, müəssisələr qurulur, yüksək texnologiyaların tətbiqinə start verilir, Qarabağ və Şərqi Zəngəzur bölgəsinin “yaşıl enerji” zonasına çevrilməsi istiqamətində önəmli tədbirlər gerçəkləşdirilir. Bütün bunlar dövlətimizin başçısının qəsbkardan xilas olunan rayonlara səfərləri ilə öz təsdiqini tapır.
Emin Bağırov əlavə edib ki, Azərbaycanın reallaşdırdığı uğurlu enerji siyasəti nəticəsində bu gün ölkəmiz özünün enerji təhlükəsizliyini təmin etməklə yanaşı, qonşu və Avropa ölkələri üçün də etibarlı enerji təminatçısı kimi tanınır. Respublikamızın bütün regionlarında olduğu kimi, işğaldan azad olunan Qarabağ və Şərqi Zəngəzurda da elektrik stansiyaları və yarımstansiyaları sürətlə qurulur. Dövlətimizin başçısı müşavirədə bu barədə bəhs edərək, bildirib ki, azad olunan torpaqlarda keçən il 20 meqavat gücündə 4 Su Elektrik Stansiyası inşa edilib. Bunlardan ikisi Suqovuşanda, biri Laçının Güləbird kəndində, biri isə Kəlbəcər rayonunda Lev çayı üzərində istismara verilib. Mənfur düşmən torpaqlarımızı tərk edərkən 30-dan çox elektrik stansiyasını dağıdıb, yandırıb, o stansiyaların qalıqları orada qalıb. Xüsusilə Kəlbəcər, Laçın rayonlarında olarkən bunu hər kəs görə bilər. “Biz keçən il bu stansiyaların bərpasına başlamışıq. Bu il beş stansiya “Azərenerji” tərəfindən bərpa ediləcək və bu stansiyaların gücü 27 meqavata bərabər olacaq. Ancaq qalan stansiyaların bərpası və ondan sonra işlənməsi sahibkarlar tərəfindən olsa, daha yaxşı olar. Çünki əlbəttə, dövlət də bu işi öz üzərinə götürə bilər, ancaq dövlətin digər başqa xərcləri çoxdur – bu, birincisi. İkincisi, bu, sahibkarlar üçün də əlverişli investisiya ola bilər”,– deyə ölkə rəhbəri vurğulayıb.