Bakı metropoliteninin vaqonların əsaslı təmiri xidmətində daha bir qatarın orta təmirinə başlanılıb.
Diaspor.info AZƏRTAC-a istinadən xəbər verir ki, bu barədə jurnalistlərə açıqlamasında Vaqonların əsaslı təmiri xidmətinin baş mühəndisi Zaman Hacıyev bildirib.
O qeyd edib ki, vaqonlar təmir dövründə modernləşdirilir - idarəetmə sistemi avtomatlaşdırılır və dövrün standartlarına uyğun qurulur. Son illərin statistikasına əsasən, nasazlıqların azalmasında modernləşdirmənin xüsusi çəkisi var.
Təmirə saxlanılmış qatarın vaqonaltı hissələri sökülüb və hazırda təftiş edilir. Mexaniki qovşaqlar, o cümlədən arabacıq və təkər cütləri yoxlanılır. Normativlərə əsasən, vaqonlar yuyularaq korroziyadan təmizlənib. Rəngləmə və digər kosmetik işlər də yerinə yetirilib. Ümumən, qumla təmizləmə, yuyulma və rəngləmə bokslarında - ekoloji tələblərə uyğun, hermetik sahələrdə aparılır.
Növbəti mərhələ çərçivəsində mexaniki, pnevmatik və elektrik hissələrdə işə başlanılıb. Hazırda elektrik xətləri çəkilir. Vaqonlarda dartı qüvvəsini tənzimləyən rele və kontaktorlar bloku yenilənəcək, hava sistemini qidalandıran kompressor aqreqatı müasir, səssiz və məhsuldar analoqları ilə əvəzlənəcək.