Dekabrın 25-də Kənd Təsərrüfatı Nazirliyinin və "Aqrar Tədarük və Təchizat" (ATT) ASC-nin təşkilatçılığı ilə bayramla əlaqədar Nərimanov rayonu ərazisində, metronun “Gənclik” stansiyasının yanında "Kənddən Şəhərə" layihəsi çərçivəsində qış yarmarkası təşkil olunub.
AZƏRTAC xəbər verir ki, yarmarka ilə tanışlıq zamanı KİV-lərə açıqlama verən ASC-nin İdarə Heyətinin sədri Leyla Məmmədova “Kənddən Şəhərə” layihəsinin paytaxt sakinlərinin kənd məhsullarına əlçatanlığının təmin edilməsində böyük rol oynadığını vurğulayıb. Onun sözlərinə görə, layihənin əsas məqsədi yerli kiçik və orta fermer təsərrüfatları üçün alternativ satış kanalı yaratmaq, onları dəstəkləmək və paytaxt sakinlərinin qida məhsullarına olan tələbatını təbii və sağlam məhsullarla ödəməkdir: “Yeni il və Dünya Azərbaycanlılarının Həmrəylik Günü ilə əlaqədar sözügedən yarmarkalara dekabrın 21-də başlanılıb və dekabrın 30-dək davam edəcək. Yarmarkalara qoşulmaq istəyən fermerlər “Aqrar Tədarük və Təchizat" ASC-yə və Kənd Təsərrüfatı Nazirliyinin “qaynar xətti”nə müraciət edə bilərlər”.
Leyla Məmmədova qeyd edib ki, bu yarmarkaların təşkilində fermerlərə və yerli istehsalçılara satış yerləri tamamilə ödənişsizdir. Həmçinin məhsullar anbarlarda saxlanılır. Eləcə də məhsulların Bakıya çatdırılması ASC tərəfindən ödənişsiz təqdim edilir. Bu da dövlətin aqrar sahəyə göstərdiyi diqqət və dəstəyin bariz nümunəsidir.
ASC sədri gələn ildən satış yarmarkalarının sayının artırılacağını söyləyib.
Qeyd edək ki, bayram yarmarkalarında uşaqlar üçün xüsusi guşələr də yaradılıb.