Yeni biznes assosiasiyaları yaradılıb
İqtisadiyyat Nazirliyinin tabeliyində Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) dəstəyi ilə üç yeni biznes assosiasiyası - “Qum, çınqıl və daş istehsalçıları assosiasiyası” İctimai Birliyi, “Azərbaycan zərgərlər assosiasiyası” İctimai Birliyi və “Ticarət şəbəkələri” İctimai Birliyi yaradılıb. DİASPOR.İNFO-nun xəbərinə görə, hər üç biznes assosiasiyası dövlət qeydiyyatına alınıb və artıq fəaliyyətə başlayıb.
Yeni assosiasiyalar müvafiq sahələrin inkişafına dəstək göstərilməsi, bu sektorlarda təşəbbüslərin irəli sürülməsi və reallaşdırılması, sahibkarların, xüsusilə də kiçik və orta biznes subyektlərinin əlaqələndirilməsi, onlar arasında əməkdaşlığın genişləndirilməsi məqsədilə yaradılıb.
Qeyd edək ki, “Azərbaycan Respublikasında kiçik və orta sahibkarlıq səviyyəsində istehlak mallarının istehsalına dair Strateji Yol Xəritəsi”ndə yeni biznes assosiasiyalarının yaradılması və mövcud assosiasiyaların fəaliyyətinin gücləndirilməsi nəzərdə tutulur. KOBİA biznes assosiasiyaları ilə sıx əməkdaşlıq edir, sahibkarlar arasında biznes assosiasiyalarının yaradılmasını təşviq edir.
Müəllif: Gülyana