Sirli-soraqlı Abşeron Sadıq Murtuzayevli günlər
(Tarixi həqiqətlər, dəyərli mülahizələr)
Tanınmış ictimai xadim, yazıçı, filologiya üzrə fəlsəfə doktoru, 31 il ayrı-ayrı rayonların birinci katibi və 4 il ikinci katib işləmiş dəyərli ziyalı Sadıq Murtuzayevin 2020-cı ilin iyul ayının 25-də 93 yaşı tamam olur. Onu çoxminli oxucularımız adından təbrik edir, həyatda can sağlığı, ictimai fəaliyyətində və yaradıcılığında uğurlar arzulayırıq. Belə qərara gəldim ki, Abşeron rayonunun ilk birinci katibi olmuş və respublikada ən çox – 35 il ərzində ayrı-ayrı rayonlarda raykom katibi işləmiş, bir çox maraqlı kitabların müəllifi Sadıq Nəbi oğlu Murtuzayevlə görüşüb, bu rayonun tarixi haqqında ətraflı söhbət edim. İnanırdım ki, onunla aparacağım söhbət oxucular üçün də maraqlı olacaq. Çünki Sadıq Murtuzayev ensiklopedik yaddaşa malik olduğundan heç kimin bilmədiyi çox maraqlı məlumatlar verəcək. Mən öz fikirlərimdə yanılmamışdım...
Müəllif
İlk öncə onu da vurğulamaq istəyirəm ki, 80, 85, 90 illik yubileyləri dövlət səviyyəsində keçirilməsə də Sadıq Nəbi oğlu ona qarşı hər hansı münasibətə fikir vermədən özünün nəcib və xeyirxah işlərini görməkdədir. O, uzun illər ictimai əsaslarla Respublika Ağsaqqallar Şurası sədrinin müavini olub və Respublika Fermerlər İttifaqının sədridir.
- Sadıq müəllim, Abşeron rayonunun yaranmasından artıq 57 il keçir. Siz bu rayonun ilk rəhbəri kimi yaranması və tarixi barədə nələri xatırlayırsınız?
- Mən 1963-cü ilin əvvəllərində Abşeron rayon partiya komitəsinin birinci katibi təyin olundum. Mənə qədər bir neçə ay rayonun təşkili ilə əlaqədar yaradılmış təşkilat komitəsinə onun sədri rəhmətlik Hacıməmməd Abdullayev rəhbərlik edib.
Abşeron rayonunun yaradılmasının çox maraqlı tarixçəsi vardı
- Bakı ətrafında yeni bir rayonun yaradılması hansı tələbdən irəli gəlirdi?
- Sualınızı mən də təkrar edirəm: Abşeron rayonunun yaradılması hansı tarixi zərurətdən meydana çıxmışdı? Məsələnin çox maraqlı tarixçəsi vardı. Nəzərə almamaq olmaz ki, bu rayon sırf kənd təsərrüfatı rayonu kimi yaradılmışdı və onun qarşısında qoyulan vəzifə Bakını və Sumqayıtı gündəlik təzə kənd təsərrüfatı, ət, süd, tərəvəz məhsulları ilə təmin etmək idi.
- Bəs Abşeron rayonu bu vəzifənin öhdəsindən necə gəlirdi? Belə bir çətin vəzifənin öhdəsindən gəlmək üçün rayonun imkanı vardımı?
- Bəli, elə bir baza vardı. Hər şey ölçülüb-biçilmişdi. Birincisi, ən böyük məsələ onda idi ki, yarım milyon hektaradək torpağa malik Abşeron yarımadasının çox maraqlı kənd təsərrüfatı tarixi olmuşdur. Bunu çoxları bilmir. Çünki bu haqda demək olar ki, az yazılıb. Elə bil Abşeron kimi çox maraqlı bir yarımada tam yaddan çıxıb. Abşeron yarımadasının altı qara qızıl olduğu kimi üstü də qızıla bərabərdir. Bu torpaqlarda respublikanın heç bir yerində yetişməyən ən nadir və qiymətli məhsullar yetişirdi. Bu haqda çox maraqlı və geniş söhbət açmaq olar. Özü də bunu təkcə sizinlə mən yox, kütləvi informasiya vasitələri mütəmadi yazmalıdır. Siz bilirsiniz ki, zəfəran bütün dünyada ən qiymətli kənd təsərrüfatı məhsuludur. Dünyanın bir çox ölkələrində xüsusən İranda, İspaniyada, Portuqaliyada zəfəran yetişdirilir. Onun dünyada monopoliyası isə İspaniyaya məxsusdur. Lakin XX əsrin ortalarında Abşeron yarımadasında 16 tondan çox quru zəfəran istehsal olunduğunu nəzərə alsaq, bu monopoliyanın artıq o vaxtlar Azərbaycana məxsus olduğunu demək olar. Zəfəranın dəyəri dünya bazarında qızıla bərabər tutulur. Tarixi yaddaşlardan məlumdur ki, vaxtilə bir cibdə yerləşdirilmiş kiçik bir torba zəfəranın hesabına Həcc ziyarətinə gedib-gələn adamlar olub. Bunu da qeyd etməmək olmaz ki, keyfiyyətinə görə Abşeron zəfəranının tayı-bərabəri yoxdur. Bizdə, Azərbaycanda İrandan gətirilmiş zəfəran da satılır. Onu Abşeron zəfəranı ilə müqayisə edənlər yaxşı bilir ki, onların arasında çox böyük fərq var. İspaniya, Portuqaliya zəfəranı keyfiyyətcə İran zəfəranından da geri qalır. Deməli, Abşeron zəfəranının tayı-bərabəri yoxdur.
Abşeronun qiymətli torpaqları “böyük hasarlama” faciəsinin qurbanı olduğu kimi zəfəran sahələri də bunun qurbanı oldu
- Abşeron zəfəranının qiyməti nə ilə izah edilir?
- Sualınız çox maraqlı cavablar meydana çıxarır. Bu, hər şeydən əvvəl, Abşeron torpaqlarının çox rəngarəng və unikal xüsusiyyətləri ilə əlaqədardır. Abşeron rayonu yaranarkən qarşıya qoyulan bir vəzifə də elə zəfəranın tarixi şöhrətini bərpa etmək idi və o zaman Bilgəh kəndinin bazasında xüsusi bir zəfəran sovxozu da yaradıldı.
- Niyə məhz Bilgəh kəndində?
- Çünki o zaman Abşeron kəndlərinin hamısında zəfəran becərilirdi. Ona görə də xüsusi bir sovxozun yaradılması məsələsi qarşıya qoyulanda ona elmi cavab axtarılmalı idi. Elmlər Akademiyasının Botanika İnstitutunda Qurviç familiyalı qocaman bir qadın professor zəfəranla məşğul olurdu. Onun rəhbərlik etdiyi laboratoriyada zəfərandan konsentrat, zəfəran yağı alınırdı. Və bu məhsul farmaseptika sənayesində çox yüksək qiymətə malik idi. Qurviç sübut etmişdi ki, ən yüksək yağ faizi Bilgəh kəndində yetişdirilən zəfərandan alınır. Bu sübut da sovxozun orada yaradılmasının əsasını qoydu. Professor Qurviç öz laboratoriyasının filialını zəfəran sovxozunda da yaratmışdı və ən maraqlısı o idi ki, həmin vaxtadək guya heç nəyə yaramayan və tullanan zəfəranın ləçəklərindən də yağ alınır və onun da dəyəri quru zəfərana bərabər tutulurdu.
- Bəs necə oldu zəfəran istehsalına son qoyuldu?
- Bunu yalnız acı bir təəssüflə cavablandıra bilərəm. Düzdür, hələ Bilgəhin müdrik ağsaqqalları öz həyətyanı sahələrində onu becərir və gənclərə də təlqin etməyi yaddan çıxarmırlar. Məsələ ondadır ki, Abşeronun ölçüyə gəlməz dərəcədə qiymətli torpaqları “böyük hasarlama” faciəsinin qurbanı olduğu kimi zəfəran sahələri də bunun qurbanı oldu. Bir şeyi də əlavə edim ki, bəzən deyirlər, “bəs zəfəran başqa torpaqlarda da yetişir. Qoy başqa yerlərdə əksinlər”. Bu, çox savadsız bir müddəadır. Yuxarıda dedim ki, Abşeron zəfəranının keyfiyyət dəyəri dünyanın heç yerində yoxdur və bunun elmi əsasını unutmaq olmaz. Bu zəfəran böyük təbiblərin, loğmanların dili ilə desək, min bir dərdin dərmanıdır.
Abşeronda məşhur kababçılar Hövsan soğanı olmadan lüləkabab bişirməzdilər
- Abşeronda daha hansı bitkilər yetişdirilirdi?
- Mən Abşeron rayonunun rəhbəri kimi işə başlayarkən bu torpaqda yetişdirilən çox nadir bitkiləri qeydiyyata aldım. Onlardan biri də Hövsan soğanı adı ilə tanıdığımız soğan növü idi. Onun da keyfiyyəti əvəzsizdir. Yeri gəlmişkən qeyd edim ki, Abşeronda məşhur kababçılar Hövsan soğanı olmadan lüləkabab bişirməzdilər. Və bu kababı yeyənlər, necə deyərlər, barmaqlarını da yalayardılar. Biz Hövsan soğanının istehsalını artırmaq məsələsini qarşıya qoyduqda məlum oldu ki, onun az qala toxumu da yoxa çıxıb. Toxum sorağına düşərkən Abşeronun qocaman aqronomlarından olan Ruhulla Abbasov belə bir maraqlı məlumat verdi: “Hələ 1930-cu ildə Qazaxıstana buradan Hövsan soğanının toxumunu aparmışlar. Eşitdiyimə görə, orada bu soğanın istehsalı artırılıb”. Mən dərhal həmin aqronomu Qazaxıstana göndərdim və oradan iki pud toxum gətirdik. Məsələ onda idi ki, soğan orada da elə Hövsan soğanı adı ilə qalmış, lakin bizdə uzunsov görkəmi olan bu soğan Qazaxıstanda yumrulanmışdı. Bizdə onun Hövsan soğanı olmasına şübhə yarandı. Lakin onu Hövsan torpaqlarında əkib becərdikdə tədricən uzunsov olmağa başladı. Məsələ ondadır ki, həmin soğan heç Abşeronun başqa kəndlərində də Hövsandakı keyfiyyəti vermir. Bax, buradan da Abşeron torpaqlarının rəngarəng torpaq xüsusiyyətlərinə malik olması meydana çıxır. Bu həm də anamız torpağın sirlərinin necə möcüzəli olduğuna dəlalət edir. Yeri gəlmişkən deyim ki, Hövsan soğanının bir adı da var ki, bu toxumu Məkkədən gəlmiş bir Şeyx gətirib və onun adı ilə Şıxverdi (yəni Şeyx verdi) adlanıb.
- Abşeronun Azərbaycanın başqa bölgələrindən daha hansı özünəməxsus təsərrüfat xüsusiyyətləri var?
- Yəqin ki, Abşeronun üzüm sortları, xüsusən "Ağşanı", "Qaraşanı" sortları barədə eşitməmiş olmazsınız. Əvvala, onu deyim ki, dünyada 3600-dən çox üzüm sortu var və bu da məlumdur ki, üzümün keyfiyyəti onun şəkərlilik faizi ilə ölçülür. Abşeronun qumsal torpaqlarında yetişdirilən "Ağşanı" üzümünün şəkərliliyi 36 faizədək qalxır və dediyim 3600 sortdan heç birində bu qədər şəkərlilik faizi yoxdur. Biz o zaman Abşeronda üzümçülüyün inkişafı ilə əlaqədar da xüsusi proqram hazırlayıb həyata keçirməyə başladıq. İxtisaslaşdırılmış üzümçülük sovxozları yaratdıq. Hansılar ki, həmin vaxtı Azərbaycan büdcəsinə çox böyük gəlir gətirdi. İndiki Mehdiabad qəsəbəsi də belə bir sovxozun işçi bazası üçün yaradılmışdı. Qəsəbəyə, mənim təklifimlə Mehdi Hüseynzadənin şərəfinə bu ad verilmişdi. Buna görə Mehdi Hüseynzadənin bacılarının mənə yazdığı təşəkkür məktubları indi də şəxsi arxivimdə saxlanılır. Həmin sovxoz elə bir səviyyəyə çatdırılmışdı ki, Mərkəzi Komitənin qərarı ilə xarici qonaqlara göstəriləcək nümunəvi obyekt kimi təsdiq edilmişdi. Sovxoz qısa vaxtda elə genişləndi ki, onun qonşuluğundakı Novxanı kəndində ikinci bir üzümçülük sovxozu yaratdıq. Bu sovxozların təcrübəsi əsasında hətta Siyəzənin dənizkənarı torpaqlarında, Türkan kəndində yaradılan yeni üzümçülük sovxozlarında istehsal olunan "Ağşanı"nın keyfiyyəti xüsusilə yüksək idi. İndi ucsuz-bucaqsız bu üzüm bağlarından əsər-əlamət qalmadığını acı bir təəssüflə müşahidə etmək mənimçün dəhşətlidir. İndi Abşeronun bu qiymətli üzüm sortları ümumiyyətlə yoxa çıxmaqdadır. Bunu ekologiyada baş verən dəyişikliklərlə əlaqələndirməklə yanaşı Abşerona bələd olan təcrübəli ağsaqqallar başqa izahat verirlər. Onların dediyinə görə, Abşeron torpaqlarında külək eroziyasının qarşısı dəvətikanıyla bir-iki qarış hündürlükdə çəpərləmə ilə alınırdı. İndi yarımadanın “şəhərli sahibləri”nin bu torpaqları 2-3 metrlik daş hasarlarla bürüməsi burada cərəyan edən hava aorasiyasını məhv edib və buna görə də həmin sortları xəstəliklərdən mühafizə etmək mümkün olmur. Mənə elə gəlir ki, ağsaqqalların dedikləri daha düzgün izahatdır. Onu da yeri gəlmişkən qeyd edim ki, Abşeronun relyef xüsusiyyətlərinə görə bu torpaqların suvarılması üçün Samur-Abşeron kanalı çəkilmiş, dünyada təkrarı olmayan bir örtülü hidrant suvarma şəbəkəsi yaradılmışdı. Böyük təəssüf hissi ilə deməliyəm ki, indi bu şəbəkədən də əsər-əlamət qalmayıb...
O vaxt çox böyük vüsətlə inkişaf edən zeytun plantasiyaları da indi məhv edilib
- Abşeronun digər hansı təsərrüfat sərvətlərindən danışmaq olar?
- Novxanı kəndində yaşı 300 ildən çox bir zeytun ağacı vardi. Bunu da bilməmiş deyilsiniz ki, zeytun “Qurani-Kərim”də adı çəkilən üç cənnət meyvəsindən biridir. Zeytun çox dəyərli nemət kimi İbn Sinanın məşhur “Qanuni-Şəfa” tibb ensiklopediyasında müalicəvi dəyəri müqayisəedilməz dərəcədə yüksək şəkildə göstərilib. Gərək ki, 1200 xəstəliyin müalicəsində ondan istifadə olunur. Abşeronda yetişdirilən zeytunun da keyfiyyəti onun dünya şöhrətini yaratmışdır. Zeytun yağının böyük dəyəri də hamıya məlumdur. Biz, həmin vaxtı xüsusi proqramla Abşeronda zeytunçuluğu inkişaf etdirir, bir-birinin ardınca ixtisaslaşdırılmış zeytun sovxozları yaradırdıq. Onun sahələri böyük sürətlə genişləndirilirdi. Maştağada yaradılmış Konserv zavodunun məhsulları Avropa ölkələrinə göndərilir və onun eksport tələbatı gündən-günə artırdı. Həmin vaxtı zavodda zeytun yağı istehsalına başlamışdıq və onun keyfiyyəti bu yağın istehsalında dünya monopoliyasına malik Yunanıstanı xeyli qabaqlamışdı. Dünyada zeytun istehsalında Yunanıstandan sonra ikinci yeri Türkiyə tutur. Mən Türkiyədə olanda şahidi oldum ki, həyətində 15 ədəd zeytun ağacı olan ortabab ailənin bu, illik yaşayış minimumunu ödəyə bilir. Məşhur türk yazıçısı Əziz Nesinin “Zeytun çörək” novellasından da məlum olur ki, orada zeytun qədər geniş işlənən ərzaq yoxdur. Mən həm də onun müalicə dəyərini yuxarıda sizə xatırlatdım. Çox acınacaqlı haldır ki, o vaxt çox böyük vüsətlə inkişaf edən zeytun plantasiyaları da indi məhv edilib. Bu torpaqlarda aparılan hasarlamaları və bu hasarların içərisində ucalan villaları gördükdə çox acı təəssüf hissi keçirməkdən özümü saxlaya bilmirəm. Və fikirləşirəm ki, yəqin bu insanların zeytunla bağlı bilikləri çox zəifdir. Əgər belə olmasaydı, onda bu adamlar dekorativ ağacların əvəzində bağlarında zeytun ağacları əkərdilər... Həm də çox qiymətli bir təcrübəni də yada salmaq istəyirəm. Abşeronda ilk yaradılan Zığ zeytun sovxozunda o vaxtı çox unikal suvarma təcrübəsi yaranmışdı. Bakının kanalizasiya suları bioloji təmizləmədən sonra bu sovxozun zeytun bağlarının suvarılmasında istifadə olunurdu. Həm də sübut olunmuşdur ki, bununla zeytun bağlarının məhsuldarlığı 20-25 faiz artırılır. O da məlum idi ki, bu sulardan zeytundan başqa digər ərzaq bitkilərini suvarmaq yolverilməzdir. İndi təsəvvür edin, Xəzər dənizinə buraxılıb ekologiyasını korlayan və milyonlarla kvadratmetr ölçüsündə olan bu sulardan istifadə edilərsə təkcə zeytunu yox, elə yaşıllaşdırma, meşə zolaqları salınmasında da necə böyük iş görmək olar. Artıq bir neçə ildir ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyi Qobustan yaylasında meşə əkinlərini genişləndirmək sahəsində çox qiymətli bir təcrübəyə başlayıb. Qobustanda isə ən böyük problem suya olan ehtiyacdır. Əgər yuxarıda qeyd etdiyim təcrübədən orada istifadə olunarsa, bunun əvəzsiz əhəmiyyyəti olar. Vaxtı ilə təbiətin böyük vurğunu, dünya şöhrətli akademik Həsən Əliyev zeytun sahələrinin genişləndirilməsi və həmin suvarma təcrübəsindən istifadənin çox fəal təbliğatçısı idi. O vaxtlar onun yorulmaz təbliğatının, təşkilatçılığının sayəsində təkcə Abşeronda yox, Azərbaycanın demək olar ki, hər yerində üzümçülük, zeytun, badam və sairə meyvə bağları salınır və lazım olan səviyyədə qorunurdu. Amma indi Bakıda və ümumiyyətlə Abşeron yarımadasında saysız-hesabsız zeytun ağaclarının verdiyi bu qiymətli məhsula olan laqeyd münasibətə nə deyirsiniz? Biz hələ o zaman hesablamışdıq ki, bu ağaclardan 5 min tondan çox zeytun yığmaq olar. O zaman burada yığılan məhsulun tədarükü hesabına nə qədər adamın da tələbatı ödənirdi. Bakı Yaşıllaşdırma Tresti də xeyli vəsait əldə edirdi. İndi məni məyus edən, Bakı şəhərinin və müasir sosial obyektlərin, eləcə də villaların yaşıllaşdırılmasında son zamanlar xaricdən gətirilən müxtəlif ağac növlərindən istifadə edilir. Xüsusilə evkalipt ağacına diqqət artırılıb və bilirsiniz ki, onun ətrafında müxtəlif xoşagəlməz söhbətlər də yaranıb...
Kənd Təsərrüfatı Nazirliyi İsveçrə keçiləri gətirib, Abşeronda bir sovxoz yarada bilər
- Yaşıllaşdırma işində il boyu yaşıllığını itirməyən və Abşeron yarımadasına gözəllik verən zeytun ağacından bəs nə üçün indi az istifadə olunur? Axı indi biz müstəqil ölkəyik. Deməli, bizə yuxarıdan, yəni keçmiş İttifaq səviyyədə mane olan yoxdur.
- Bəli. Siz düz deyirsiniz. Biz müstəqil ölkəyik. Deməli, istəsək çox böyük işlər görə bilərik. Mən yuxarıda adını çəkdiyim nazirliyə müraciət edirəm ki, bu əvəzsiz bitkiyə diqqətini artırsın! Hətta deyərdim ki, Abşeronda baş alıb gedən hasarlama sahibləri heç olmasa həmin hasarlar boyu zeytun ağacı əksələr, nə qədər qiymətli iş görərlər. Bunu da əlavə etmək olar ki, Abşeronun dağıdıcı küləklərinin qarşısını almaq üçün də zeytun əvəzsizdir. Mənim də Abşeronda bağ sahəm var və orada çox qiymətli, müxtəlif növ 15 ədəd zeytun ağacı yetişdirmişəm. Bu ağacın məhsullarından özüm istifadə etməklə qonşuları, qohumları da təmin edirik. Maraqlı bir məlumatı da qeyd etmək istərdim. Abşerondakı bağımda respublikada ilk dəvəquşu təsərrüfatı yaratmışdım. Sonra da “Kozinski” adlanan İsveçrə keçiləri gətirmişdim. Bu keçilərə lazımi xidmət olunduqda hər biri 6-7 litr süd verir. Zeytun həm dəvəquşu, həm də keçi üçün əvəzsiz yemdir. Bunu da əlavə edim ki, keçilər zeytun yedikdə südünün yağlılığı 20-25 faiz artır. Yeri gəlmişkən, ana südünə ən yaxın olan keçi südünün böyük müalicəvi əhəmiyyətini də yəqin ki, bilməmiş deyilsiniz. Əlavə etmək istərdim ki, zeytun yağı əsasən zeytunun tumundan alınır və o da məlumdur ki, zeytunun çəyirdəyi insanın mədəsində çox asanlıqla həzm olunur. İndi baş alıb gedən qan təzyiqi xəstəliyinin qarşısını almaqda zeytun böyük rol oynayır. Mən özüm bundan geniş istifadə etməklə ətrafdakılara da bunu məsləhət görürəm və səmərəsini də hiss edirlər. Azərbaycan Kənd Təsərrüfatı Nazirliyi İsveçrə keçiləri gətirib, Abşeronda və başqa bölgələrdə sovxozlar yarada bilər. Eləcə də zeytunla bağlı nazirlik zavod yarada bilər. Bunlar hər ikisi respublikaya böyük gəlir gətirə bilər.
Abşeron badamı, püstəsi, ənciri dillər əzbəri idi
- Bəs Abşeronun başqa qiymətli sərvəti olan badamı məgər yaddan çıxarmaq olarmı? Sadıq müəllim bu haqda nə deyə bilərsiz?
- Akademik Həsən Əliyev nəinki Abşeronda, respublikanın başqa bölgələrində də badam əkinlərinin genişləndirilməsinin alovlu təbliğatçısı və deyərdim ki, həm də icraçısı idi. Siyəzən, Şabran, Lerik, Yardımlı və başqa dağ rayonlarınının ətəklərində salınan badam, şam meşələri onun təşəbbüsü ilə həyata keçirilmişdi. Abşeron badamı dillər əzbəri idi. Saray kəndinin badam bağlarının şöhrətini kim eşitməmişdi. Maştağa qəsəbəsi yaxınlığında yaradılmış badam, zeytun, əncir bağları bu sovxoza bir qayda olaraq aparılan xarici qonaqları valeh edirdi. Fərdi cənnət guşəsi olan bu sovxozun keçmişini yada salıb təəssüflənməmək mümkün deyil. Eləcə də Qala-Zirə-Artyom magistral yolu boyu əkilmiş badam sahələrinin vəhşicəsinə məhv edilməsinə göz yaşları ilə baxmamaq mümkün deyil. Bəs, Abşeronda yetişdirilən və respublikanın heç bir yerində təsadüf etmədiyimiz püstə bağlarını yada salmamaq olarmı?! İndi xaricdən gətirilən püstəyə böyük tələbatın olduğu məlumdur. Abşeron püstəsinin isə ancaq quru adı qalıb. Buna nə ad vermək olar?..
Abşeron əncirinin şöhrəti isə ölçüyəgəlməz dərəcədə böyükdür. Yüzlərlə əncir sortu məlumdur və yuxarıda adını çəkdiyim Maştağa subtropik bitkilər sovxozunda onun zəngin kolleksiyası yaradılmışdı. Türkiyədə İzmir ənciri böyük şöhrətə malikdir. Di gəl, onu Abşeron ənciri ilə müqayisə etsək, Abşeron ənciri ondan qat-qat yüksəkdə dayanacaq. Abşeronun susuz torpaqlarında yetişib yüz illər boyu qiymətli məhsul verən bu cənnət bitkisinin tayı-bərabəri yoxdur. “Qurani-Kərim”in bir surəsində əncirə və zeytuna and içilməsini yaxşı bilən Qafqaz Müsəlmanları İdarəsi “Halal” adlı kolbasanı ekranlarda təbliğ etmək əvəzinə bu qiymətli cənnət məhsullarını təbliğ etsə, bu, Allaha da xoş gəlməzmi? Abşeron əncirinin nadir və çoxlarına qəribə gələcək bir kəramətini də qeyd etmək istərdim. Keçən əsrin 60-cı illərində Mərkəzi Komitənin mərhum birinci katibi Vəli Axundov bir yığıncaqda bizə məlumat verdi ki, dünən bir neçə alim Abşeron ənciri ilə şəkər xəstəliyinin müalicəsi sahəsində yaxşı nəticələr əldə edərək, namizədlik dissertasiyası müdafiə edib. Biz isə bu məhsulun qədrini kifayət qədər bilmirik. Mən bu söhbəti yüksək şəkəri olan yaxın və yaşlı bir qohumuma çatdırdım. O, 20 il müddətində, əncir hələ fındıq boyda olanda ondan mütəmadi istifadə etdi və şəkər xəstəliyini aradan qaldırdı. Mən bunu qətiyyətlə məsləhət görməsəm də, sınaq üçün müxtəlif mütəxəssislərin diqqətini bu məsələyə cəlb etmək istərdim. Bu gün artıq təbabətdə təsdiq olunub ki, nəiki əncir, hətta onun yarpağı da çox böyük müalicəvi əhəmiyyətə malikdir. Təkcə şəkərin yox, həm də təzyiqin, ürək xəstəliyinin, əsəb sistemlərinin, mədə-bağırsağın və başqa xəstəliklərin müalicəsində çox yaxşı keyfiyyətlərə malikdir.
Biz bunun da şahidiyik ki, Abşeron ənciri respublikanın hər yerində yetişə bilir. Lakin Abşerondakı keyfiyyəti heç bir yerdə vermir. Vaxtı ilə əncir və ondan alınan əncir qurusu, mürəbbə, cem, bəhməz, əncir fərəc Bakının, Abşeron kəndlərinin əvəzsiz nemətləri olub. Həm də bu məhsullar minlərlə kəndin təminat mənbəyi idi. İndi mən bunun da şahidiyəm ki, Abşeron bağlarında yüz illik əncir ağaclarını məhv edib, yerinə metlax, üzlük daş döşəyirlər. Mən üzümü bu adamlara tutub demək istəyirəm ki, heç olmazsa dillərdə gəzən belə bir deyimi unutmayın ki, “cənnət ağacı olan ənciri məhv etmək günahdır, bunu edənlər Allahın qəzəbinə gələ bilərlər”. Mən bir yaxın tanışımın şəxsində bunu müşahidə etdiyimi də yaddan çıxara bilmirəm. Abşeronda yüz və bəlkə də min illik xar tut ağaclarını məhv edənlərin də şahidi olmuşam. Axı xar tutun qanazlığı xəstəliyinin əvəzsiz dərmanı olduğu həkimlərimiz, mütəxəssislərimiz tərəfindən niyə təbliğ olunmur? Axı kimyəvi dərmanla qanazlığını müalicə etməkdənsə xar tutla daha yaxşı və keyfiyyətli müalicə etmək olar. Xar tut ağacına da respublikanın bir çox bölgələrində tək-tək də olsa təsadüf edilir. Amma bir vaxtlar xar tut ağacı respublikamızda həddindən artıq çox idi. Bəs bunların kökünü kim kəsdi? Əvvəllər Abşerondakı qədər heç yerdə xar tut ağacı olmayıb və buradakı keyfiyyət də yox idi. Əfsus ki, həmin ağaclar da kəsilib. İndi xar tut almaq da böyük müşkülə çevrilib...Deməli, biz ya bilərəkdən, ya da bilmədən millətimizin sağlamlığının qəsdinə durmuşuq…
Abşeronun məşhur bostan-tərəvəz ustalarının artıq adı-sanı unudulub
- Bəs Abşeronun çox qiymətli bostan-tərəvəz məhsulları barədə nə deyə bilərsiniz?
- Azərbaycanda əkinçiliyin tarixinə dair çox qiymətli əsərlərin müəllifi, mərhum professor Qəmərşah Cavadovu yada salmaq istəyirəm. Onun əsərlərində onlarca üzüm, bostan-tərəvəz məhsullarının adı çəkilir və bunların ən zəngin kolleksiyası Abşeronda idi. Ona görə də xalq seleksiyasının yüz illik, bəlkə də min illik zəhməti bahasına başa gələn neçə-neçə bostan-tərəvəz növlərindən bəzilərini xatırlamaq istərdim. Zirə qarpızının şöhrəti kimə məlum deyildi?! Ən çox Zirə kəndinin dənizkənarı sahillərində suvarma suyu verilmədən becərilən bu qarpızın bal qədər şirin dadı vardi. Onun necə susuz yetişdirilməsi də çox maraqlıydı. Dənizə yaxın qumlarda qışdan başlayıb xəndəklər qazılır, yataqlara peyin verilir və orada qoyulan qarpız-yemiş tumları göyərib, xəndəkdən üzə çıxır və tağları ətrafa yayılırdı. Xəndək ona görə qazılırdı ki, köklər orada yeraltı şirin suya gedib çata bilsin. Sonralar Abşerona kanal suyu gələrkən yetişdirilən qarpız-yemiş həmin dadı vermirdi. Saray-Corat-Çaykənd (Pirəkəşkül) yemiş sortlarının şöhrəti də bütün ölkəyə yayılmışdı. Və yaxud Qaratağ adlanan məşhur pomidor sortunu görənlər onu həsrətlə yada salırlar. Abşeronun dəstə göyərtisi, ağ turpu nəinki Azərbaycanda, keçmiş SSRİ məkanında da məşhur idi. Biz o zaman Donetskə yüz tonlarla ağ turp göndərirdik. Kömür şaxtalarında işləyən fəhlələr ciyərlərindəki çöküntünü təmizləmək üçün ağ turpun böyük kəramətindən ağızdolusu danışar, Abşeron sovxozları ilə müqavilə bağlamağa nümayəndə göndərirdilər. Ürəkağrıdan cəhət odur ki, Abşeronun məşhur bostan-tərəvəz ustalarının da artıq adı-sanı unudulub. Buzovna sovxozunun direktoru, azsavadlı Ruhulla Atakişiyev Abşeron tərəvəzçilərinin əsl akademiki idi. Bir dəfə mən böyük bir yığıncaqda Maştağa sovxozunun direktoru Qasım Məlikovun yaxşı tərəvəz becərtdiyindən danışmışdım. Yığıncaqdan sonra Qasım kişi yanıma gəlib mənə dedi ki, mən, onu biabır eləmişəm. Səbəbini soruşanda dedi ki, axı Ruhulla kişi olan yerdə məni və ya başqa birisini tərifləmək böyük qəbahətdir. Abşeron rayonu o zaman Bakı və Sumqayıt şəhərlərinə ilboyu tərəvəz məhsulları göndərirdi. Onun həcmi 27-30 min tona çatmışdı. İlboyu dedikdə nəzərə alın ki, Abşeronun iqlimi burada bütün ili dəstə göyərti yetişdirməyə imkan verir. Digər tərəfdən örtülü – istixana tərəvəzçiliyi də sürətlə genişləndirilirdi. Təkcə Zabrat istixana tərəvəzçilik kombinatında 7, 5 hektarlıq şüşə altında tərəvəz, əsasən xiyar, pomidor yetişdirilirdi. Həmin istixanalardan Buzovna, Məhəmmədli, Hövsan və başqa sovxozlarda da var idi. Çox acınacaqlı haldır ki, həmin istixanalar sökülüb, orada olan min tonlarla metal 1990-cı illərdə “uf da” deyilmədən İrana və Türkiyəyə satıldı... Bax buna nə ad vermək olar?..
Xalqın min illik zəhməti bahasına başa gəlmiş unikal bir cinsə ögey münasibət xəyanətdən başqa bir şey deyil
- Axı Abşeron rayonu o zaman maldarlıqda da ad-san çıxarmışdı. Bəlkə bir az da bu sahədəki təcrübədən, o vaxtlar görülən işlərdən danışasınız?
– Bəli, maldarlıq sahəsindəki təcrübədən də saatlarla danışmaq olar. Və yenə də məhz Abşeronun özünəməxsus təcrübəsindən danışmaq istəyirəm. Bu barədə danışmaq istədikdə ilk öncə məşhur Qala qoyunu yadıma düşür. Əvvəla, qeyd edim ki, Abşeronda o zaman ictimai təsərrüfatlarda 140-150 min qoyun saxlanılırdı. Nəzərə alın ki, ən azı bir belə də Abşeron camaatının xüsusi təsərrüfatında qoyun vardi. Düzdür, xüsusi təsərrüfatda qoyuna qoyulmuş çox məhdud normaya görə bununla mübarizə apardıq. Lakin buna müəyyən yollarla imkan verməsəydik, ictimai sürülərdə çoban saxlamaq qeyri-mümkün idi. Abşeron qoyunçuluğundan danışarkən məşhur Qala qoyunu cinsini yada salmamaq qeyri-mümkündür. Maraqlı bir hadisəni də yaddan çıxara bilmirəm. Bir dəfə Mərkəzi Komitənin büro iclasında mühafizəkar qüvvələr mənim üstümə düşdülər ki, bəs bu qoyun cinsi rayonlaşmayıb (o zaman belə bir ifadə vardı. Gərək hər cins, hər sort dövlət sınaq mərkəzi adlanan təşkilatın pasportunu alaydı). Bu məsələ ilə əlaqədar yüksək çinli dövlət məmuru mənə hücuma keçdi ki, bəs Murtuzayev bizə işləməyə imkan vermir, Qala qoyununun cinsini dəyişməyə mane olur. Mən çıxış edib bildirdim ki, “axı, siz deyin görüm, nə üçün Qala qoyununu ləğv etmək istəyirsiniz? Sizin respublikada dövlətə satdığınız qoyunun orta çəkisi 27 kq olduğu halda, biz Qala qoyununu 48 kq-da təhvil vermişik. Siz hər qoyundan 2, 3 kq yun qırxdığınız halda Qala qoyunu 4-8 kiloqram yun verir. Ən keyfiyyətli əl xalçaları olub və dünya bazarına çıxan xalçalar Qala qoyununun yunundan istehsal olunur. Və əlavə etdim ki, Qala qoyununun elə nümunələri var ki, 270 kq çəkiyə qədər gəlir. Sizin bu mühafizəkar siyasətiniz nəticəsində Abşeronda sayı 100 minədək olan Qala qoyunundan indi vur tut 22 min baş ixtisaslaşdırılmış Zirə sovxozunda saxlanılır. Bir yaxşı-yaxşı fikirləşin. Siz bunun da axırına çıxmaqla xalqın min illik seleksiya təcrübəsinə düşmənçilik etmirsinizmi? Bəs Qala qoyununun ətinin əvəzsiz keyfiyyətini kim bilmir?! Siz özünüz də yəqin ki, tez-tez yediyiniz lülə, tikə kababının ən yaxşısının Qala qoyununun ətindən olduğunu bilməmiş deyilsiniz”. Büro yığıncağına dərin bir sükut çökdü. Heç kəs danışmadı. Lakin bürodan sonra Mərkəzi Komitənin ikinci katibi S.V.Kozlov məni yanına çağırıb soruşdu ki, siz bir qoyunun 270 kq çəkidə olduğunu düzmü deyirsiniz? Cavab verdim ki, mən bunu harada dediyimin fərqinə varmışam. Səhərisi onunla Mərkəzi Komitənin kənd təsərrüfatına baxan katibi Q.X.Razumovu da götürüb Zirə sovxozunun direktoru Əli Ramazanovun həyətində saxladığı həmin qoyuna baxmağa gəldik. 6 yaşında olan bu qoyun 3 il idi ki, ayaq üstə dayana bilmirdi. Vaxtaşırı onu qaldırıb altındakı küləşi dəyişir və yatdığı vəziyyətdə yemləyirdilər. Kəsməyə əlləri gəlmirdi. Qoyunu bayıra çıxarıb böyük bir tut ağacının altında qoyulmuş qapan-tərəzidə çəkdilər. 273 kiloqram oldu. Qoyunu ayaq üstdə saxlayıb, qapanı da qaldıraraq, quyruğunu onun üstünə qoyub, çəkdilər. Təkcə quyruğu 30 kiloqram gəldi. Sergey Kozlov çay içə-içə bir saat ona tamaşa etdi. Arada Qənbər Kazımov onu harasa tələsdirərkən kəskin iradını bildirdi ki, axı mən xüsusi zövq alıram, niyə mənə mane olursan. Ayağa durarkən Sergey Kozlov az savadlı, bir gözü şikəst, ahıl yaşda olan Əli Ramazanovu qucaqlayıb, ona dönə-dönə minnətdarlıq etdi və sonra da həmin qərəzli məmuru əməlli-başlı tənbeh etdilər. Son illərdə Hövsan kəndindən olan Əliyulla adlı fermer Qala qoyununun çox gözəl nümunələrini qoruyub saxlamışdı. Və onu inkişaf etdirmək üçün böyük canfəşanlıq göstərirdi. Lakin hər yerə müraciət etməsinə baxmayaraq ona kömək edən olmadı, əksinə mane olanlar çox oldu. Bir neçə il bundan qabaq radioda eşitdim ki, kimsə Qala qoyunu əsasında yeni bir cins yaratmışdır. Axı xalqın min illik zəhməti bahasına başa gəlmiş unikal bir cinsə belə münasibət ona xəyanətdən başqa bir şey deyil. Və belə özbaşınalıqların qarşısının qətiyyətlə alınması Kənd Təsərrüfatı Nazirliyinin başbilənlərinin borcu olmalıdır. Yeri gəlmişkən deməliyəm ki, ümumiyyətlə müəyyən diqqət çəkən məsələlərə biganə münasibətə, laqeydlik adlı bəlaya qarşı mübarizə aparmaq, bu gün hamımızın müqəddəs borcu olmalıdır. Əgər belə olmasa respublikamızı lazım olan səviyyədə inkişaf etdirə bilməyəcəyik. Abşeronda “Qızıl qulaq” adlanan başqa bir qoyun cinsi də şöhrət tapmışdı. Abşeronun Saray, Məhəmmədli, Qobu, Güzdək, Fatmayi, Novxanı və başqa kəndlərində onun böyük sürüləri yaranmışdı. Keçən əsrin 30-cu illərindən merinoslaşdırma adı ilə ölkəni çulğamış bəla, respublikamızda da neçə-neçə belə qiymətli qoyun cinslərinin axırına çıxdı. Onu da vurğulayım ki, mən bu rayona rəhbərlik elədiyim dövrdə, Abşeron rayonu o zaman süd, yumurta, ət istehsalında bütün ölkədə irəlidə gedirdi. Bakını, Sumqayıtı bu məhsullarla yetərincə təmin edirdi. O dövrün statistikasına baxsanız, görərsiniz ki, Abşeronda hər inəkdən sağılan südün miqdarı orta respublika səviyyəsindən iki dəfə yüksək idi və bu sahədəki cədvələ başçılıq edirdi. İldə 22 milyon broyler toyuğu istehsalı gücündə olan Pirəküşkül Broyler Kombinatının müstəqillik dövrünün başlanğıcında avadanlıqları sökülüb satılmış və xarabalıqları qalmışdır...
- Eşitdiyimə görə, o zaman siz Abşeronda dəvəçiliyin inkişafı üçün də təşəbbüs qaldırmısınız və hətta bir dəvəçilik sovxozu da yaratmısınız.
- Mən o zaman arxivdə Abşeronla əlaqədar qədim statistikanı araşdırarkən Abşeron kəndlərində külli miqdarda dəvə saxlanılmasına rast gəldim. Həmin vaxt Xruşşov Orta Asiyada olarkən orada dəvəçiliyin yüksək mənfəətindən söhbət açmışdı və bu onun diqqətini cəlb etdiyinə görə tərifləmişdi. Mən də bundan istifadə edib belə bir təsərrüfat yaradılması üçün təşəbbüs qaldırdım və qısa müddətdə 400-ə qədər dəvə əldə edib Qobu qoyunçuluq sovxozunda xüsusi ferma yaratdıq. İlboyu Abşeronun ucsuz-bucaqsız çöllərində dəvətikanı və ya yağlı tikan adlanan, sərt tikanına görə heç bir heyvanın yemədiyi, lakin dəvə üçün çox qiymətli bu bitki ilə qidalanıb, heç bir binaya ehtiyacı olmayan, diri çəkisi 700-800 kiloqrama çatan, çox qiymətli ət, süd, 10-12 kiloqram yun verən dəvə nə üçün unudulmalı idi... Biz, hətta həmin vaxtı Türkmənistan dəvəçilik sovxozlarından əlavə 500 baş maya (dəvə düyəsi) alıb, Abşerona gətirmək üçün sifariş də vermişdik. Lakin elə bu zaman Xruşşovun işdən çıxarılması hər cür yeniliyin düşməni olan mühafizəkar qüvvələrə onun da qarşısını almaq üçün bəhanə oldu. Biz də həmin sovxozu istədiyimiz kimi yarada bilmədik... Amma bu gün Respublikada dəvəçiliklə bağlı sovxozlar yaratmaq mümkündür. Azərbaycan Kənd Təsərrüfatı Nazirliyi bu işlə ciddi məşğul olsa, böyük gəlirlər əldə edə bilər.
Vanqa ilə tarixi görüş - ona verməyə sual tapmadıq
- O zaman Abşeron rayonu Bolqarıstanın Razqrad mahalı ilə dostluq əlaqələri yaradılması sahəsində zəngin təcrübə toplamışdı. Bu barədə nə deyə bilərsiniz?
- Həmin vaxtlar Moskva xarici ölkələrlə, xüsusən sosialist ölkələrilə dostluq əlaqələrinin yaradılması üçün respublikanın hər birinə bir yer ayırmışdı. Bu məsələ müzakirə edilərkən Abşeron rayonunun artıq göz qabağında olan şöhrətinə görə təklif bu rayonun üzərinə düşdü. Bolqarıstanın Razqrad mahalı ilə dostluq əlaqəsinin əsası qoyuldu. Nümayəndə mübadiləsi və başqa vasitələrlə hər iki tərəfin təcrübəsi öyrənildi, yayıldı. Razqradın yeni salınmış küçələrindən birinə Abşeron adı verildi. Abşeronun qabaqcıl sovxozu olan Maştağa sovxozuna “Bolqarıstan” adı verildi. Mənim özümü Razqrad şəhərinin fəxri vətəndaşı seçib xüsusi pasport verdilər. Bolqarıstanın xüsusi yubiley medalı ilə təltif etdilər. Əlaqələrimizin çox xoş xatirələri barədə zəngin təəssüratım indi də qəlbimdə yaşayır. Yeri gəlmişkən bir maraqlı əhvalatı da yada salmaq istəyirəm. Bir dəfə Bolqarıstana növbəti səfərimizdə bizə təklif etdilər ki, “bəlkə bolqarıstanlı məşhur öncəgörənlə – kor qadın Vanqa ilə görüşmək istəyirsiniz?” Biz məmnuniyyətlə razılaşdıq. Bizi onun yaşadığı kəndə apardılar. Vanqa ilə görüşdə böyük növbə vardı. Onu idarə edən bacısı qızı ilə danışıb növbəsiz buraxılmağımız üçün razılaşdıq və o bizdən xahiş etdi ki, Moskvadan gələn bir müxbirin bizimlə buraxılmasına icazə verək. Biz məmnuniyyətlə razılaşdıq ki, müxbirin onunla söhbəti bizim üçün də maraqlı olar. Müxbir onunla söhbətə başlamamış Vanqa dedi ki, Moskvadan gəldiyin məlumdur, ananın adı da Annadır. Müxbir qəti etiraz etdi ki, elə deyil, mənim anamın adı Mariyadır. Vanqa kor gözlərini qarşısındakı stola zilləyib dedi ki, ola bilməz, axı orada “Anna” yazılıb. Müxbir Moskvaya, anasına zəng etdi və anası cavab verdi ki, Vanqa düz deyir, 6 yaşına qədər adım “Anna” olub. Müxbirin də, bizim də təəccübümüz elə həddə çatdı ki, ona verməyə daha sual tapmadıq. Bizim haradan, niyə gəlməyimiz, respublikamız barədə ətraflı məlumatlar verdi. Biz tez sağollaşıb ayrıldıq. Sonralar mən bunun – yəni keçmişi və gələcəyi görməyin sirlərini öyrənmək üçün çox cəhdlər elədim. Qurani-Kərimdə Allahın 99 adından birinin “Bəsir” olduğunu, “Bəsirət gözü” yəni “qəlb gözü” anlayışının mövcudluğunu öyrəndim, böyük türk övliyası İbrahim Haqqının “Mərifətnamə” əsərinin qəlb gözünün insanın qəlbində çox kiçik bir qara cövhərdən ibarət nöqtə olduğu barədə məlumat tapdım və bu cövhərin peyğəmbərlərdə, həmçinin Nostradamus, Vanqa kimi müqəddəs bildiyimiz adamlarda xüsusilə parlaq, cilalanmış olmasına inandım. Deyəsən, mövzudan bir qədər kənara çıxdım, amma hər halda, bu da maraqlı fakt sayıla bilər. Çünki dünyada vəziyyətin qarışdığı bir vaxtda, dəhşətli hadisələrin getdiyi bir vaxtda, kimin düşmən, kimin dost olduğunu öyrənməyin çətinləşdiyi zamanda, dünyanın nehrə kimi çalxalandığını gördükdə adam çox suallara cavab tapa bilmir...
14 ilə yaxın ulu öndərimiz Heydər Əliyevin rəhbərliyi altında Abşeron, Şəki, Ağdam kimi rayonlara rəhbərlik etdim
- Sizin iki dəfə Sosialist Əməyi Qəhrəmanı adı ilə təltif edilməyiniz barədə Mərkəzi Komitənin qərarı var. Bəs necə oldu ki, sizə bu ad verilmədi?
- Bunun maraqlı tarixçəsi var. Yuxarıda dediyim mühafizəkar, bədxah qüvvələr xəbis təbiətləri ilə mənim də nailiyyətlərimi görmək istəmirdilər və müxtəlif bəhanələr, üsullar tapa bilirdilər. Düzdür, mənim iki dəfə o dövrün ən yüksək ordenini - Lenin ordeni almağıma mane ola bilmədilər. Lakin həmin adın verilməsində bir tərəfdən Moskvanın respublikalara bədxah münasibəti öz rolunu oynayırdı. Belə adamlar da Moskvaya müəyyən hallarda qida verirdilər. Bunu da əlavə etməmək olmaz ki, Heydər Əliyevin daha qətiyyətli xarakterinə görə onun dövründə həmin mühafizəkar adamlar bunu edə bilmirdilər. Lakin bir şey danılmazdır ki, həmin qərarlarda gördüyümüz kimi, o zaman, yəni keçən əsrin 60-cı illərinin ortalarında mən bu ada layiq görülmüş yeganə raykom katibi olmuşam. Bu isə Abşeron rayonunun o zamankı şöhrətinə, kənd təsərrüfatındakı nailiyyətlərinə dəlalət edir.
- Sizdən sonra Abşeronda neçə-neçə katiblər və sonra da icra hakimiyyəti başçıları işləyib və onlardan heç birinə sizin qədər işləmək qismət olmayıb. Həm də sizi 20 ildən sonra yenidən Abşerona qaytarmaları da çox maraqlı hadisə oldu.
- Bu doğrudur. İyirmi il sonra qaytarılmağıma gəldikdə bunun da çox maraqlı tarixçəsi vardır. Əbdürrəhman Vəzirov Azərbaycana birinci katib gəldikdən sonra onun ilk səfəri Ağdama oldu, qatarla gəlmişdi. Qarşılayıb həmin günü axşamadək rayonu gəzdirdik. Gecə saat 4-ə qədər mənə Pakistan xatirələrindən danışdı. Səhər saat 6-da Xankəndinə yola düşdü. Mənim maşınım onu qoyub qayıtdı. Axşam saat 6-da sınıq-salxaq maşınla yenidən Ağdama gəldi. Mənə ilk sualı belə oldu: “Tebe ne pora? Tebe ne pora?” Mən bir şey başa düşmədim. Nə demək istədiyini soruşdum. Məndən soruşdu ki, neçə ildir rayonlarda işləyirsən, mən 30 ildən çox olduğunu dedikdə, əlavə etdi ki, sən çoxdan respublika masştabında işləməlisən. Mən buna heç vaxt can atmadığımı dedim. Cavab verdi ki, sən mənə orada lazımsan. Nə fikirdə olduğunu demədi. Dedi ki, gələrsən danışarıq. Bir neçə gün sonra məni Bakıya çağırıb, Aqrar Sənaye Komitəsinə sədr getməyi təklif etdi. Mən qəti etirazımı bildirdim ki, filoloqam, müəlliməm, mənim orada nə işim var? Əlavə etdi ki, sən kənd təsərrüfatını bütün mütəxəssislərdən yaxşı bilirsən. Mən yenə etiraz edərək bildirdim ki, axı kənd təsərrüfatı elə bir sahədir, mütləq hardasa çətinliklər yaranacaq və hamı məni barmaqla göstərəcək ki, müəllim kənd təsərrüfatına rəhbərlik edəndə belə olar. Hətta əlavə etdi ki, heç olmasa 6 aylığa bu vəzifəyə gedim. Mən isə qəti etiraz etdim ki, heç bir günlüyə də getmərəm. Lazımsa pensiyaya gedərəm, 63 yaşım var. Çox əsəbi vəziyyətdə ayrıldıq. Bunu da əlavə etdi ki, guya mən ona kömək etmək istəmirəm. Bir neçə gündən sonra yenidən dəvət edib söylədi ki, sabah səhər saat 10-da Moskvada Morqun səni gözləyir. İndi bilet al, uç Moskvaya. Soruşdum ki, Morqun kimdir, niyə getməliyəm? O, məni Təbiəti Mühafizə Komitəsinə sədr göndərmək qərarını bildirdi, Morqun da SSRİ Təbiəti Mühafizə Komitəsinin sədri imiş. Mən yenə də əvvəlki arqumentlərlə etirazımı bildirdim. Çox pərişan vəziyyətə düşdü və beləcə ayrıldıq... O zaman Mərkəzi Komitənin Təşkilat şöbəsinin müdiri işləyən Vaqif Hüseynov məni çağırıb dilə tutdu, istədiyim rayona katib göndərməyə hazır olduqlarını bildirdikdə mən də “Elə isə məni niyə Ağdamdan götürürsünüz?” deyə iradımı bildirdim. Vaqif Hüseynov işarə etdi ki, deyəsən Əbdürrəhman Vəzirov Xankəndində olarkən vilayətin rəhbəri Poqosyan səni Ağdamdan uzaqlaşdırmaq məsələsini qoyub, o da dərhal razılaşıb. Bunu da əlavə etdi ki, əvvəllər sən işlədiyin Abşeron rayonunun katibini işdən götürməliyik, orada böyük yoxlamalar olub və çoxlu nöqsanlar meydana çıxıb. İstəyirsən səni ora göndərək. Mən fikirləşməyə vaxt istədim. Elə həmin zaman Abşeronun ağsaqqalları da yanıma xahişə gəldilər. Ona görə də Abşerona işləməyə getdim. Lakin rayonun kəndlərini gəzib dolaşandan sonra çox peşiman oldum. Mən qoyub-gedən Abşerondan əsər-əlamət qalmamışdı. Bir ilə yaxın işlədim, xeyli təşkilati tədbirlər gördük. 1989-cü ilin dekabrın sonunda Ali Sovetdə keçirilən çox gərgin yığıncağın səhəri bizi Mərkəzi Komitəyə toplayan Əbdürrəhman Vəzirova çox ağır sözlərlə müraciət edib, Azərbaycan Mərkəzi Komitəsinin birinci katibi işləyə bilmədiyini çoxsaylı faktlarla göstərib istefasını, çıxıb getməsini tələb etdim. Bu barədə, yəni mənim o vaxtkı çıxışım barədə indi də ayrı-ayrı yazılar dərc olunur. Məndən sonra çıxış edən 14 nəfərdən birisi istisna olmaqla hamı məni müdafiə etdi. Artıq intuisiyam da deyirdi ki, bu partiyanın sonu çatıb. Həmin yığıncaqdan bir neçə gün sonra heç Mərkəzi Komitəyə də məlumat vermədən plenum çağırıb istefa verdim və 10 gün keçməmiş SSRİ Nazirlər Sovetinin qərarı ilə İttifaq əhəmiyyətli fərdi pensiyaya getdim. Beləliklə, 35 ilə yaxın birinci katib işlədim. Onun 31 ilini birinci katib oldum. Heç kim bu qədər kaitib işləməyib. Məndən sonar ikinci yerdə rəhmətlik dostum, ağsaqqalım Rüstəm Səfərəliyev 27 il birinci kaitib işləmişdi. Yeddi dəfə SSRİ və Azərbaycan SSR-in deputatı oldum. Çoxsaylı dövlət təltifləri aldım. Beləliklə, ölkədə ən uzun müddət raykom katibi işləmiş şəxs oldum. 14 ilə yaxın ulu öndərimiz Heydər Əliyevin rəhbərliyi altında respublikanın Abşeron, Şəki, Ağdam kimi rayonlarına rəhbərlik etdim. Onun rəhbərliyi dövründə elə bir yığıncaq olmadı ki, işlədiyim rayonlar nümunə göstərilməsin. Bütün bu sadaladıqlarım haqqında da həmin vaxt çap olunan qəzetlərdə ətraflı məlumatlar, yazılar var… Özü də həddindən artıq çox yazılıb. Elə siz özünüz mənim gördüyüm işləri 1974-cü ildən izləyirsiz və işıqlandırırsız…
Sonra mən bir sıra təşkilatların yaranmasında və çoxlu ictimai işlərin görülməsində yaxından iştirak elədim… Mənə bu gün də ən çox təsir eləyən Qarabağ torpaqlarımızın erməni işğalı altında olmasıdır. Sizin yadınızdadır ki, biz, Ağdamda işlədiyimiz vaxtı ermənilər qorxusundan heç nə eləyə bilmirdilər. O vaxt üstünlük biz tərəfdə idi. Siz də həmin vaxtı Ağdam Dövlət Dram Teatrına rəhbərlik eləyirdiniz və həmin vaxtı mənim yaratdığım Qarabağa Yardım Təşkilatında yaxından çalışırdınız. Sonra say-seçmə oğullarımızın Qarabağdakı rayonlardan vəzifələrdən uzaqlaşdırılması, qətlə yetirilməsi və xalqımızın böyük iradəli, ağıllı, təşkilatçı, savadlı, öz xalqını dərin məhəbbətlə sevən oğullarının 1991-ci ilin noyabr ayının 20-də vertolyot qəzasında şəhid olması, çox şeyi ermənilərin xeyrinə dəyişdi…
Bütün bunlar əlbəttə, başqa bir yazının mövzusudu. Onları sağlıq olsun yazarıq və Qarabağ müharibəsində bizim uduzmağımızın səbəblərini də məntiqi fikirlərlə, faktlarla aydınlaşdıraraq…
P.S. Təki sağlıq olsun Sadıq müəllim. İyul ayının 25-də sizin 93 yaşınız tamam oldu. Sizə bundan sonrakı ömrünüzdə, yaşamınızda və fəaliyyətinizdə də can sağlığı, uğurlar arzu edirik. Sizin kimi böyük mütəxəssisləri qorumaq bu gün ölkə başçımız başda olamqla, Vətənini sevən hər bir azərbaycanlının müqəddəs borcu olmalıdır. Bu gün Azərbaycan Kənd Təsərrüfatı Nazirliyi əgər həqiqətən də kənd təsərrüfatımızı dirçəltmək istəyirsə, işsizlik ucbatından doğma evlərini, kəndlərini qoyub Bakıya, Sumqayıta, Gəncəyə və Rusiyaya işləmək xatirinə gedən həmvətənlərimizi öz doğma kəndlərinə qaytarıb, onları işlə təmin etmək istəyirsə sizin kimi kənd təsərrüfatında böyük təcrübəsi olan insanlardan, onların savadından, təcrübəsindən yüksək səviyyədə istifadə etməlidir. Böyük Şəhriyar da bu haqda gözəl bir fikir deyib:
“Bizdən qabaqdadır avropalılar.
İşi iş bilənə tapşırır onlar”.
Ağalar İDRİSOĞLU,
Əməkdar incəsənət xadimi